İyulun 23-də itkin düşmüş müxalifət fəalı Fərəc Kərimli işğəncələrə məruz qala bilər. Bu barədə Amnesty International hüquq-müdafiə təşkilatının məlumatında deyilir.
Təşkilat qeyd edir ki, çox güman ki, o, polis tərəfindən saxlanılıb və pis rəftara məruz qalıb. Onun yeri indiyədək məlum deyil, bir neçə gün öncə qardaşı Sirac saxlanılıb.
Xatırladaq ki, ötən gün məhkəmə F.Kərimli barəsində 3 ay həbs qətimkan tədbiri seçib. O, külli miqdarda narkotik maddənin satışında və saxlanmasında ittiham olunur.
F.Kərimli həbsindən öncə Facebook səhifəsində Azərbaycandan 3 ton heroinin keçirilməsinə görə Azərbaycan hakimiyyətini tənqid etmişdi.
***
Məhkəmənin qərarında açıq yazılıb ki, Fərəc Kərimovun həbsinin icrası 1 saylı Bakı İstintaq Təcridxanasına tapşırılır. Məhkəmənin qərarına baxmayaraq Fərəc Kərimov hələ də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılır. Bu qanun pozuntusudur. Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib.
Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini və facebook fəalı Fərəc Kərimov iyulun 23-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.
Fərəc Kərimovun qardaşı Sirac Kərimov da iyulun 17-də eyni ittihamla saxlanıb.
İyulun 24-də Nərimanov rayon Məhkəməsi Fərəc Kərimov barəsində 3 ay həbs qətimkan tədbiri seçib.
Vəkil dəfələrlə müraciət etməsinə baxmayaraq işi aparan müstəntiqlə və Fərəc Kərimovla görüşə imkan yaradılmayıb. “İyulun 25-də yenidən görüş üçün müraciət etmişəm. Amma indiyədək görüş verilməyib”, o qeyd edib.
N.Kərimli bildirib ki, qeyri-rəsmi məlumatlara görə hər iki qardaşa işgəncə verilib. “Sirac Kərimovla bağlı iyulun 17-də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə İdarəsinə təcili yardım çağırılması barədə məlumatım var. O artıq 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb”.
Vəkil həmçinin İşgəncələrə qarşı Komitənin sədri Elçin Behbudova məlumat verdiyini deyib.
Elçin Behbudov Amerikanın Səsin deyib ki, iyulun 26-da gün ərzində Fərəc Kərimovla görüşməyə cəhd edəcək.
Müxalifət fəalı və onun qardaşının həbsi hüquq müdafiəçiləri və müxalifət partiyaları tərəfindən hiddətlə qarşılanıb. Onların yaydığı bəyanatlarda müxalifətçilərin, facebook fəallarının və dindarların narkotiklə saxlanmasının artıq cəmiyyətdə gülüş doğurduğu qeyd edilir.