Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ticarətində ittiham olunan facebook fəalı Ömər Məmmədovun işi üzrə prosesdə müttəhimin vəkili Əlaif Həsənov son sözlə çıxış edib.
Bir müddət əvvəl çıxış etmiş vəkil Xalid Bağırov kimi, Həsənov da fəalın cinayət təqibinin siyasi motivləri olduğunu, təqsirinin sübutu olmadığını bildirib və bəraət verilməsini xahiş edib.
Xatırladaq ki, iyulun 18-də prokuror Məmmədovun 6 il azadlıqdan məhrum edilməsini təklif edib.
Həsənov bildirib ki, Məmmədov facebookda “AzTV-dən seçmələr” və “Heydər Əliyev adına” satirik səhifələrin administratorlarından biri olduğuna görə təqib edilir.
Vəkil təəssüflə qeyd edib ki, məhkəmə onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (MCMBİ) təqsirləndirilən şəxsi və atasını gəncin siyasi fəaliyyətdən əl çəkməsi məqsədilə şantaj edən, onları polisə çağıran, fəalın kompüterini qanunsuz olaraq müsadirə edən əməkdaşlarının dindirilməsi haqqında vəsatətini təmin etməyib. Məhkəmə həmçinin mobil rabitə operatorundan Məmmədovun telefonuna gələn zənglər haqqında məlumat istənilməsi haqqında vəsatəti təmin etməyib. Bu, MCMBİ əməkdaşlarının ona etdikləri zəngləri ortaya çıxarardı.
Bundan başqa, vəkilin sözlərinə görə, işdə çox sayda prosessual pozuntular var.
Belə ki, saxlanma protokolunda Məmmədovun hansı müddət üçün saxlanıldığı göstərilməyib. Saxlanıldıqdan sonra ona etibar etdiyi vəkil ilə əlaqə saxlamağa imkan verməyiblər.
Bu zaman saxlanma haqqında qərarda Məmmədovun istintaqdan gizlənməsi ehtimalı haqqında əsaslar göstərilib, baxmayaraq ki, bu əsaslar qətimkan tədbirinin seçilməsi məsələsinə aiddir ki, bu da polisin deyil, məhkəmənin səlahiyyətinə aiddir.
Daha sonra istintaq iddia edir ki, Məmmədov uzun müddət qanunsuz narkotik dövriyyəsi ilə məşğul olduğu haqqında əməliyyat məlumatı əsasında saxlanılıb. Məmmədov Kiprdə təhsil aldığı halda polis bunu necə müəyyən edə bilər?
Narkotiklərin ekspertizasının aparılması haqqında qərar sənədin surəti verilmədən icra edilib və ona alternativ ekspertiza istəmək imkanı verilməyib.
Narkoloji ekspertiza bir tərəfdən müəyyən edib ki, Məmmədov narkotik istifadəçisi deyil, digər tərəfdən isə onu uçota almağı tövsiyə edib.
Məmmədovun guya narkotik satması haqqında ittiham ümumiyyətlə heç nəyə əsaslanmır. Hətta onun fiziki zorakılıq yolu ilə alınmış ilk ifadələrində narkotik satışı haqqında etiraf olmayıb. Onda onu hansı əsaslarla narkotik satışında ittiham edirlər? – deyə vəkil sual edib.
Sonda vəkil məhkəmədən Məmmədova bəraət verməyi xahiş edib.
Hakim Eldar Mikayılov növbəti iclası 4 iyul saat 14.00-a təyin edib. Həmin iclasda Məmmədov özü yekun sözlə çıxış edəcək.
19 yaşlı Ömər Məmmədov “Axın” Gənclər Hərəkatının rəhbəri və Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Həbsindən sonra o, NİDA Hərəkatına qayıdıb.
Məmmədov fəal bloger və facebookda Azərbaycan hakimiyyətinin nöqsanlarını ələ salan karikaturalar, kollajlar və şərhlər yerləşdirilən “AzTV-dən seçmələr” səhifəsinin administratorlarından biri idi.