Accessibility links

Nils Mujnieks: Azərbaycanda insan haqlarının vəziyyəti getdikcə pisləşir


Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks
Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks

Komissar evlərin və mülkiyyət hüquqlarının pozulması sahəsinə də toxunub

Avropa Şurasının insan haqları komissarı Nils Mujnieks Azərbaycanda insan haqlarının vəziyyətinə dair müşahidələrinin nəticələrini açıqlayıb.

Aprelin 23-də açıqlanan sənəddə komissar Azərbaycanda ifadə və sərbəst toplaşmaq azadlıqları sahəsində vəziyyətin getdikcə pisləşdiyini və bundan təəssüfləndiyini qeyd edib.

“Mən yenidən Azərbaycan hökumətini Avropa Şurasına üzv dövlət kimi insan hüquqları üzrə öhdəliklərinə əməl etməyə və insan haqqlarına ciddi diqqət yetirməyə çağırıram ” deyə kommissar bildirib.

Azərbaycan hakimiyyəti ifadə və sərbəst toplaşmaq azadlıqları, azad təşkilatlanma və mülkiyyət hüquqları sahəsində heç bir irəliləyişə nail olmayıb.

Nöqsanları bir daha Azərbaycan hökumətinin diqqətinə çatdıran insan haqları komissarı eyni zamanda bu sahədə rəsmi Bakı ilə birgə çalışmağa hazır olduğunu da bildirir.

Nils Mujnieks bildirib ki, Azərbaycanda jurnalistlərin, blogerlərin və fəalların, o cümlədən müxalif fikirli insanların, əsassız və selektiv cinayət təqibi durmadan davam edir.

İnsan haqları komissarı bəyan edir ki, öz ifadə azadlığı hüququndan yararlandığına görə həbsə atılanların dərhal azadlığa buraxılması Azərbaycan hakimiyyətinin ilk işi olmalıdır.

Müşahidələrə dair sənəddə komissar son zamanlar tutulan jurnalistlərin – “Bizim yol” qəzetinin müxbiri, qanunsuz silah saxlamaq ittihamı ilə həbs olunmuş Pərviz Həşimlinin, 2013-cü ildə həbs edilmiş internet fəalı Əbdul Əbilovun, 2014-cü ilin yanvarında həbsxanaya salınmış bloger Ömər Məmmədovun adlarını xatırladıb.

Sənəddə qeyd olunub ki, Əbilov və Məmmədov “facebook”da hakimiyyəti tənqidə tutan satirik səhifə yaradıcıları kimi tanınırlar.

Müşahidələrə dair sənəddə həmçinin araşdırmaçı jurnalist Xədicə İsmayılovanın prokurorluqda sorğu-suala tutulmasına da toxunulub.

Sənədin Azərbaycanda diffamasiyanın dekriminallaşdırılması ilə bağlı hissəsində komissar bildirib ki, hakimiyyət bu sahədə heç bir addım atmır və Venesiya Komissiyasının açıqladığı rəydə də Azərbaycanın diffamasiya ilə bağlı qanun layihəsinin Avropa İnsan Haqları Konvensiyasına zidd olduğu bildirilir.

“Diffamasiyaya görə cinayət məsuliyyəti tam ləğv olunur və yalnız mütənasib mülki sanksiyalar yolu ilə həll olunur. Bunu təmin etmək üçün qanunvericilik dəyişdirilməlidir", o bildirib.

Nils Mujnieks hesab edir ki, narahatlığa daha bir səbəb kimi fevralın 3-də Azərbaycan Prezidentinin imzaladığı qanunla qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün əlavə məhdudiyyətlər var.

"Bu yeni qanun QHT-in fəaliyyətini məhdudlaşdırır və bu onların ağır vəziyyətini daha da ağırlaşdırır”.

Komissar həmçinin bu istiqamətdə qanunsuz sahibkarlıq, vergidən yayınma və səlahiyyətlərindən sui-istifadə istintaqı daxilində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsi ilə bağlı narahatlıqlarını bildirir.

Sənədin sərbəst toplaşmaq hüququna aid bölümündə qeyd olunur ki, Azərbaycanın rayonlarında və Bakıda mitinq və aksiyaların keçirilməsinə xüsusi yerlər müəyyənləşdirilsə də, sonradan bu yerlərdən yalnız prezident seçkiləri kampaniyası dövründə istifadəyə icazə verilir.

Bu bölümdə 2013-cü ilin yanvarında İsmayıllı rayonunda baş vermiş hadisələrə görə tutulan şəxslərə uzun müddətli həbs cəzalarının verilməsi də pislənir və müxalif Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun, REAL hərəkatının lideri İlqar Məmmədovun və İsmayıllı hadisələri ilə bağlı həbsxanaya salınmış başqa şəxslərin azadlığa buraxılması istənilir.

Nəhayət, müşahidələr sənədində komissar evlərin və mülkiyyət hüquqlarının pozulması sahəsində Azərbaycanda tikinti layihələrinə görə evlərin sökülməsinin və ev sahiblərinin hüquqlarının pozulmasının yenə davam etdiyini vurğulayıb.

İnsan haqları komissarı bildirib ki, Azərbaycan hakimiyyəti belə işləri şəffaf və ədalətli aparmalı, evlərini itirmiş şəxslərə bazar qiymətlərinə uyğun kompensasiyalar ödəməlidir.

Komissar müşahidələri ilə əlavə Azərbaycan hökumətinin bu müşahidələrə dair şərhini də yayıb.

“Hökumətin komissarın bu müşahidələri hazırlayarkən əsaslandığı mənbələrin etibarlılığına dair ciddi şübhələri var.

Buna görə hakimiyyət Komissarı bu mənbələri yoxlamağa, gələcək hesabatların ədalətli və balanslı olması üçün hakimiyyətlə yaxın əməkdaşlığa çağırır”.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG