Accessibility links

Human Rigts Watch: Azərbaycanda insan hüquqlarının vəziyyəti kritikləşib


Human Rights Watch
Human Rights Watch

Təşkilat bildirir ki, Azərbaycan hakimiyyəti onlarla siyasi fəalları, tənqidçi jurnalistləri saxta ittihamlarla həbs edib

Azərbaycanda insan hüquqları, ifadə azadlığı sahəsində vəziyyət 2013-cü ildə daha da ağırlaşıb. 2013-cü ilin oktyabrında keçirilən prezident seçkisi ərəfəsində vəziyyət daha da dramatikləşdirilib. Bu barədə Human Rights Watch (HRW) təşkilatının “2014-cü il - Dünya Hesabatı” adlı təqdimatının Azərbaycanla bağlı hissəsində deyilir.

HRW bildirir ki, Azərbaycan hakimiyyəti onlarla siyasi fəalları, tənqidçi jurnalistləri saxta ittihamlarla həbs edib. Fundamental azadlıqları məhdudlaşdıran qanunvericilik aktları qəbul edib. Bu basqılar xüsusilə
İlham Əliyevin üçüncü müddətə 84.5 faiz səslə prezident seçilməsi fonunda baş verib.

Təşkilatın Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Gogia deyib ki, keçən ildə Azərbaycan hökuməti tənqidçilərə qarşı görünməmiş tədbirlər həyata keçirib.

Hesabatda vurğulanır ki, 2013-cü ildə Azərbaycan hakimiyyəti azı 23 siyasi fəala, jurnalistə, bloqçuya, hüquq müdafiəçisinə qarşı saxta narkotik, qanunsuz odlu silah saxlama, xuliqanlıq, hətta satqınlıq ittihamları irəli sürüb.

HRW eyni zamanda qeyd edir ki, hökumət onları azad etməli, insanları siyasi motivlərlə ittiham etməyi dayandırmalıdır.

Hesabatda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin, REAL-ın həmsədri İlqar Məmmədovun, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun və başqalarının adları sadalanır və ittihamlara toxunulur.

Həmçinin beynəlxalq hüquq təşkilatı Azərbaycan parlamentinin ifadə, birləşmək və sərbəst toplaşmaq azadlıqlarını daha da məhdudlaşdıran, icazəsiz aksiyalarda iştirakla bağlı normaları sərtləşdirən, internetdə böhtan və təhqirə görə cəza verilməsini nəzərdə tutan müvafiq qanunvericiliyə əlavələrin edilməsini fundamental azadlıqların məhdudlaşdırılması kimi qiymətləndirir.

Hesabatda deyilir ki, hökumətin beynəlxalq tərəfdaşları Azərbaycanı insan haqlarının vəziyyətinə görə tənqid etsə də, durumun yaxşılaşmasına nail ola bilməyib: “Aydındır ki, Azərbaycan liderləri beynəlxalq imicinin qayğısına qalırlar, amma onlar əvvəlcə insan haqları ilə bağlı öhdəliklərini yerinə yetirməlidirlər”, Gogia deyir.

Onun sözlərinə görə Azərbaycanın beynəlxalq tərəfdaşları rəsmi Bakının öz öhdəliklərinə özəlliklə əməl etməsini istəyirlərsə, insan haqları kriteriyalarını önə çəkməlidirlər.

Ötən həftə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və NATO-nun baş katibi Anders Rasmussenlə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanda siyasi məhbusların olmadığını deyib.

Mövzuya uyğun

XS
SM
MD
LG