Accessibility links

Cəmil Həsənli: Korrupsioner şəbəkə hakimiyyətdə mövqeyini qoruyub saxladı [Video]


Cəmil Həsənli: Korrupsioner şəbəkə hakimiyyətdə mövqeyini qoruyub saxladı
please wait

No media source currently available

0:00 0:06:37 0:00

Cəmil Həsənli: Korrupsioner şəbəkə hakimiyyətdə mövqeyini qoruyub saxladı

Milli Şuranın prezidentliyə keçmiş namizədi Amerika səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib

Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli noyabrın 14-23-də Amerikaya səfəri zamanı Azərbaycanda prezident seçkiləri, seçkilərin saxtalaşdırılması, siyasi məhbuslar, söz azadlığı, mediaya təzyiqlər, demokratiya, insan hüquqları, ikitərəfli əlaqələr, regionda durum, Dağlıq Qarabağ münaqişəsi və digər məsələləri müzakirə edib.

Cəmil Həsənli səfərinin yekunları ilə bağlı bu gün RATİ-nin media mərkəzində keçirdiyi mətbuat konfransında deyib ki, Amerikanın rəsmi şəxsləri, ekspertləri Azərbaycandakı situasiyalardan və durumdan detallarına qədər məlumatlıdır.

O Amerikada “Tom Lantos” qrupu ilə görüşdüyünü və siyasi məhbus, həbsdə olan jurnalistlərin müdafiəsi ilə bağlı fikir mübadiləsi apardığını bildirib.

“Lantos” qrupu bu həftə Azərbaycandakı siyasi həbslərlə bağlı Konqresə müraciət edəcək”.

Həsənlinin sözlərinə görə, Freedom House təşkilatı da Azərbaycanın insan haqları ilə bağlı öhdəliyini yerinə yetirməməsindən narahatdır.

“Təşkilatın rəhbəri Devid Kramer narahatçılığını ifadə etdi. Təşkilat Maqnitski qanunun Azərbaycanda insan haqlarını pozan məmurlara da tətbiq edilməsini təklif edib. Azərbaycan heç vaxt seçkilərə bu il olduğu qədər siyasi məhbusla getməyib”.

Prezidentliyə keçmiş namizəd Amerikada bütün görüşlərində, konfranslarda REAL Hərəkatının lideri İlqar Məmmədov, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu, NİDA-çılar, jurnalistlər, blogerlər, inanclı insanların həbsi ilə bağlı məsələ qaldırıb.

Həsənli bütün bu məsələləri həmçinin Senatın Xarici Əlaqələr Komitəsində, Konqresin Təhlükəsizlik Komissiyasında görüşlərində, Amerikalı Azərbaycanlılar Demokratiya Uğrunda- AZAD-ın təşkil etdiyi, Vilson mərkəzində və b. keçirdiyi konfranslarda qaldırıb.

Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Tomas Meliya, Dövlət Departamentinin Avropa, Qafqaz və Orta Asiya idarəsinin rəhbəri ilə görüşlərində, Karnegi Fondundakı konfransdakı çıxışında da demokratiya, seçki, insan haqları, təhlükəsizlik, regiondakı mövcud durumla bağlı danışıb.

Milli Şuranın prezidentliyə keçmiş namizədi maraqlı görüşlərindən birinin də Amerikanın Səsi teleradiosunun rəhbəri Deyvid Ensorla olduğunu deyib. D.Ensor 1993-cü ildə Qarabağ müharibəsi zamanı Azərbaycanda cəbhə xəttində olub.

“Biz Azərbaycanda çap, video və audio medianın durumundan danışdıq. Amerikanın Səsinin soyuq müharibə dövründə və keçmiş SSRİ-nin dağılmasında əhəmiyyətini qeyd etdim. İndi də Amerikanın Səsinin proqramlarının izlənildiyini bildirdim, Dünyanın ən böyük informasiya mərkəzlərindən olan bu korporasiya dünyada demokratiya və insan hüquqları sahəsində mühüm işlər görür, avtoritarizmə qarşı mübarizədə müstəqil xəbər mənbəyi kimi əhəmiyyətli işləyir. Azərbaycanda insanların xəbərləri müstəqil mənbələrdən almasında bu şirkət mühüm rol oynayır”, o qeyd edib.

Həsənli Amerika səfəri zamanı Azərbaycan diasporu və bu ölkədə təhsil alan tələbələrlə də görüşüb.

O Amerikanın Səsinin noyabrın 27-də Vilnüsdə açılacaq “Şərq Tərəfdaşlığı” ölkə başçılarının zirvə toplantısında Azərbaycanın mövqeyinin necə olması ilə bağlı sualının cavabında deyib ki,
Azərbaycan “Şərq Tərəfdaşlığı” ilə bağlı sənədləri imzalamasa Milli Şura bütün imkanlardan istifadə edərək etiraz edəcək.

“Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və Avropa İttifaqının Şərq Tərəfdaşlığı ilə bağlı sənədləri imzalamalıdır”.

O bildirib ki, Azərbaycan özünün Avropaya inteqrasiya yönümünü tam mütləqləşdirməlidir.

“Azərbaycan qərb yönümünü 1918-ci ildə Demokratik Cümhuriyyət qurmaqla müəyyən edib və 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, ATƏT-ə, Avropa Şurasına üzv olub, NATO-nun və Avropa Birliyinin proqramlarında iştirak edir. Burada iqtisadi amillər də mühüm rol oynayır. Enerji kəmərlərimiz hara gedirsə, biz də oraya getməliyik”.

Həsənlinin fikrincə, Ermənistanın Gömrük İttifaqına qoşulması Azərbaycanın təhlükəsizliyi və ərazi bütövlüyünü bərpa etməsi üçün yeni imkanlar açıb.

“Azərbaycanın yolu Avropadan, Qarabağın azadlığı isə Azərbaycandan keçir. Azərbaycan “Şərq Tərəfdaşlığı” sənədlərinə qoşulmaq yolu ilə işğal olunmuş ərazilərinin azad edilməsi və beynəlxalq birliyin Ermənistana təzyiqləri üçün yeni imkanlar əldə edəcək” , o qeyd edib.

Prezidentliyə keçmiş namizəd İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının verilməsinə münasibət bildirib.

“Beynəlxalq təşkilatlar İlham Əliyevə “Mətbuat yırtıcısı” adı verib. Ona “Jurnalistlərin dostu” mükafatı verilməsi real deyil. Bu mükafatı ona təqdim edənlərin amalı da bəlli deyil, ölkədə çoxsaylı jurnalist həbsdədir”.

O güman edir ki, dövlət başçısına “Şərq Tərəfdaşlığı” ölkələrinin Zirvə toplantısı qabağı mükafatın verilməsi Avropa qurumları qarşısında müəyyən görüntü yaradılmasına xidmət edir.

Həsənli həmçinin “9 oktyabrdan sonrakı Azərbaycan - 9 oktyabrdan əvvəlki Azərbaycan olmayacaq” tezisinə istinad edərək hakimiyyətin münasibətindəki son dəyişiklikləri izah edib.

“İlham Əliyevin müəyyən jurnalistlərlə görüşməsi müəyyən məqamlardan xəbər verir”, o qeyd edib.

Cəmil Həsənli bildirib ki, ölkə başçısı jurnalistləri qəbul edib dinləyirsə, medianın yazdığı korrupsiya, rüşvət və digər faktları da araşdırmalıdır.

O enerji qiymətlərinin qaldırılması ehtimalını vətəndaşların talanması siyasəti adlandırıb.

“Enerji qiymətlərinin qaldırılması soyğunçuluq, vətəndaşların talanması siyasətidir. Əmək haqlarının, pensiyaların aşağı olduğu ölkədə qiymətlərin qaldırılması vətəndaşa zərbədir”

O, enerji qiymətlərinin artırılacağını güman edir.

“Artıq, 2014-cü ilin dövlət büdcəsində büdcədən maliyyələşən təşkilatların enerji qiymətlərini ödənişində 50 faiz artım nəzərdə tutulub. Bu enerji qiymətlərinin 50 faiz artırılacağı deməkdir. Əmək haqlarını 10 faiz artırıb, enerji qiymətlərinin 50 faiz artırılması vətəndaşlara ciddi zərbədir”, o qeyd edib.

Həsənli maliyyə nazirinin 2006-cı ildən sonra enerji qiymətlərinin qaldırılmadığı ilə bağlı bəyanatı ilə razılaşmır.

“2006-cı ildə qazın qiyməti 7 dəfə artırılıb. Bu 2006-cı ildən sonra hər il orta hesabla 100 qiymət artımı deməkdir. Azərbaycan “Əsrin müqaviləsin”də göstərildiyi kimi xarici şirkətlərdən səmt qaxını pulsuz alır. Hər min kubmetr qazın sahilə daşınması cəmi 7 manata başa gəlir, amma qazın min kubmetri vətəndaşlara 100 manata satılır” , Milli Şuranın keçmiş prezidentliyə namizədi bildirib.

O Azərbaycanın dünyanın ən bahalı ölkələrindən biri olduğunu da diqqətə çatdırıb.

“Bu korrupsionerlərin və monopolistlərinin fəaliyyətinin nəticəsidir”.

Cəmil Həsənli hesab edir ki, korrupsioner şəbəkə hakimiyyətdə özünü qoruyub saxlaya bilib.

“Korrupsioner şəbəkə seçkilərdən sonra hakimiyyətdə öz mövqeyini qoruyub saxladı. Azərbaycanda korrupsiyanın həcmi çox böyükdür və kifayət qədər böyük vəzifə tutanlar korrupsiyanın içindədir”.

Həsənlinin fikrincə, bir neçə vəzifəli şəxsin dəyişilməsi problemi həll etmir.

“Problemin həlli üçün siyasi, iqtisadi və sosial idarəetmə sistemi dəyişdirilməlidir”.

O misal kimi Cənubu və Şimali Koreyada idarəetmə sistemini göstərib.

“50-ci illərədək Koreyada eyni idarəetmə sistemi idi. 50-ci illərdən sonra Cənubi Koreyada idarəetmə sistemi dəyişdi və nəticələr göz qabağındandır”.

Həsənli Milli Şurada korrupsiyaya qarşı mübarizə üzrə tədqiqat qrupunun və ya komissiyasının yaradılacağını da diqqətə çatdırıb.


Gələn həftə Milli Şuranın genişləndirilməsi məsələsi müzakirə ediləcək

“Qarşıdakı həftədə Milli Şuranın sessiyası olacaq və təşkilatın rekonstruksiyası, daha da güclənib, genişləndirilməsi müzakirə ediləcək. Hesab edirəm ki, Milli Şura daha da güclənəcək və ictimai-siyasi həyatda aparıcı güc mərkəzinə çevriləcək”.

O bildirib ki, Milli Şura demokratik müxalifətin milli birlik formasıdır, Rüstəm İbrahimbəyovun səyləri və ardıcıl fəaliyyəti nəticəsində formalaşıb.
XS
SM
MD
LG