Beynəlxalq hüquq-müdafiə təşkilatları Brüsseldə İlham Əliyevin Azərbaycanda siyasi məhbusların olmaması barədə verdiyi bəyanatdan təəccübləniblər.
İ.Əliyev yanvarın 15-də Brüsseldə NATO-nun baş qərargahında olarkən onun ölkəsində “heç bir siyasi məhbusun” olmadığını bildirib, deyib ki, Azərbaycanda siyasi məhbusların olmasına dair qətnamə ötən ilin yanvarında AŞPA üzvlərinin əksəriyyəti tərəfindən qəbul edilməyib.
O həmçinin deyib ki, “nə Avropa Şurası, nə də Avropa parlamenti “siyasi məhbus” termini ilə bağlı razılığa gəlməyiblər.
İ.Əliyev bu bəyanatı müxalifət fəalı Yadigar Sadıqov Lənkəranda xuliqanlıqda ittiham olunaraq 6 il müddətinə həbs olunduqdan bir neçə saat sonra verib.
“Bu fonda İlham Əliyevin bəyanatı dərin təəssüf doğurur”, - Denber vurğulayıb.
“Mənim İlham Əliyev kimi liderdən gözləntim odur ki, vaxt taparaq tabeliyində olan insanlardan siyasi motivli təqiblərlə bağlı fikirlərə dair ətraflı məlumat əldə etsin. Tabeliyində olanlar ona deməliydilər ki, ən azı 23 halda Azərbaycan hakimiyyəti hökuməti tənqid edən siyasi fəallar, jurnalistlər, blogerlər, hüquq müdafiəçilərinin təqib və həbsi üçün uydurma ittihamlardan istifadə edib”, - o bildirib.
Həmin 23 fəalın həbsi üçün bəhanələr müxtəlifdir – xuliqanlıq, vergidən yayınma, narkotik maddələrin saxlanması və s. məhkəməyə təqdim edilən sübutlar və sənədlər isə çox zəifdir.
“Bütün bu hallar yalnız saxlanılan insan üçün faciə deyil, bu, Azərbaycanın məhkəmə sistemini rüsvay edir və dövlət başçısı bu barədə düşünməlidir”, - Denber vurğulayıb.
İ.Əliyevin AŞPA-nın siyasi məhbuslar haqqında qətnamənin əleyhinə səs verməsinə istinad edərək Avropa Şurasının arxasında gizlənməsi də böyük təəssüf doğurur.
O, bilməlidir ki, elə AŞPA komissiyasının iclasında Monitorinq Komissiyası öz ümumi hesabatında və Azərbaycana dair qətnaməsində siyasi motivli təqib faktlarından narahatlığını bildirib”, - Denber əlavə edib.
Avropa Şurasının “siyasi məhbus” anlayışına malik olmaması ilə bağlı İ.Əliyevin arqumentinə gəlincə, Denber əslində bunun olduğunu bildirib.
Belə ki, AŞPA-nın 1900 saylı qətnaməsində “siyasi məhbus” anlamının meyarları əksini tapıb. Bu meyarlar hələ 2001-ci ildə AŞ baş katibinin tapşırığı ilə AŞ çərçivəsində müstəqil ekspertlər tərəfindən hazırlanıb. Bu, Azərbaycanla Ermənistanın Avropa Şurasına qəbulu kontekstində hazırlanıb.
Eyni zamanda 2012-cü il 3 oktyabr qətnaməsi AŞPA-nın aşağıdakı həmin meyarları dəstəklədiyini bildirir:
a) əgər saxlanma Avropa İnsan Hüquqları Konvensiyası və ona əlavə protokollarda əksini tapmış əsas zəmanətlərdən birinin - əsasən fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması azadlığı, informasiya, toplaşma və birləşmə azadlığının - birbaşa pozulması ilə həyata keçirilibsə;
b) əgər həbsdə saxlama barədə qərar hər hansı cinayətlə əlaqədar olmadan sırf siyasi səbəblər üzrə çıxarılıbsa;
c) əgər siyasi motivlərlə saxlama zamanı həbsdə saxlanmanın müddəti və şərtləri cinayətə proporsional deyilsə;
d) əgər siyasi motivlərlə saxlama zamanı vətəndaş başqa şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanılıbsa;
e) əgər saxlama açıq-aşkar ədalətsiz çəkişmələrin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.
Denber qeyd edib ki, bu gün Berlində Human Rights Watch dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatını açıqlayacaq.
Hesabatda avtokrat ölkələrdə, əsasən Azərbaycanda sadə vətəndaşların müdafiəsi ilə bağlı məsuliyyət məsələsinə toxunulur.