Accessibility links

QHT-lərin müraciəti: Cənab prezident, qanunlara dəyişikliklər paketini imzalamayın! [video-müsahibə]


QHT Forumu
QHT Forumu

Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Amerikanın Səsinə müsahibəsində QHT-lərlə bağlı qanuna dəyişiklikləri şərh edib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Vətəndaş Cəmiyyəti Forumu keçirilib. Forum iştirakçıları Azərbaycan prezidentini Milli Məclisin 2013-cü il dekabrın 17-də qəbul etdiyi qanunlara Qeyri Hökumət Təşkilatlarının (QHT) fəaliyyətini məhdudlaşdıran dəyişikliklər paketini imzalamamağa çağırıb.

Forumda onlarla QHT rəhbərləri, ictimai xadimlər, diplomatik missiyaların rəhbərləri iştirak edib. Bununla yanaşı dəvət edilməsinə baxmayaraq Prezident Administrasiyası, Ədliyyə və Maliyyə nazirlikləri, digər hökumət qurumları tədbirə qatılmayıb.

Milli Məclis 2013-cü il dekabrın 17-də vətəndaş cəmiyyətlərinin fəaliyyəti ilə bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında” qanunlara və “İnzibati Xətalar Məcəlləsi”nə 8 əlavə 50-dək düzəliş edib. Əlavələrin 7-si cərimələrin artırılması, 1-i QHT-lərin fəaliyyətinin 1 il müddətinə dayandırılması ilə bağlıdır. Bu dəyişikliklərdə hüquqi şəxslər üçün müəyyən edilən cərimələrin ümumi məbləği 8, fiziki şəxslər üçün isə 3 min AZN olub.

QHT Forumu
QHT Forumu
​Düzəlişlər həmçinin vergi, qrant sənədləri, üzvlərin hüquqları, sənədləşmə və məsuliyyətə cəlb etmənin dairəsinin genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda xarici QHT-lərin fəaliyyətinə ciddi mane olacaq düzəlişlər edilib. Bu QHT-lər siyasi proseslər və mənəvi dəyərlərlə bağlı fəaliyyət göstərə bilməz.

“Biz Azərbaycan prezidentini bu dəyişikliklər paketini imzalamamağa, hökuməti vətəndaş cəmiyyəti ilə dialoqa çağırırıq. Hesab edirik ki, prezident qanunlara dəyişikliklər paketini imzalasa, bu, vətəndaş cəmiyyətinin fəaliyyətini ciddi məhdudlaşdıracaq”, foruma sədrlik edən Qubad İbadoğlu qeyd edib.

Forum iştirakçıları qanunların vətəndaş cəmiyyəti ilə müzakirə edilmədən parlamentin gündəliyinə çıxarılmasını qəbuledilməz sayır.

“Dəyişikliklər paketi parlamentin müzakirəsindən cəmi bir gün qabaq Milli Məclisin saytında yerləşdirilib. Vətəndaş cəmiyyətinin sənədlərə rəy bildirmək belə imkanı olmayıb”, İbadoğlu bildirib.

Diplomatlar da hökuməti vətəndaş cəmiyyəti ilə dialoqa çağırır və qanunvericiliyə edilən dəyişikliklərin müzakirəsini vacib sayır.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib ki, onun hökuməti Azərbaycanda vətəndaş cəmiyyətinin rolunu dəstəkləyir. Azərbaycan hökuməti insan hüquqları və demokratiyanı genişləndirməli, ifadə və toplaşmaq azadlıqlarını təmin etməlidir.

O, dövlət katibi Con Kerrinin fikirlərinə istinadla deyib ki, insan inkişafı vətəndaş cəmiyyətindən qaynaqlanır. “Vətəndaş cəmiyyəti hüququn və insan ləyaqətinin qorunmasında önəmlidir. Demokratiya üçün həmçinin media azadlığı və birləşmək azadlığı da mühümdür. Vətəndaş cəmiyyəti ümumi maraqlar uğrunda çalışır, hökumətin fəaliyyətini monitorinq edir, korrupsiyaya qarşı mübarizə aparır, vətəndaşlarla birgə çalışan hökumətin qurulmasında mühüm rol oynayır”, Morninqstar qeyd edib.

Səfir həmçinin hesab edir ki, bir sıra yerlərdə vətəndaşların hökumətlərlə birgə işləməsini əngəlləyirlər. “Bu qanunlara dəyişikliklər həm yerli, həm də xarici QHT-lərin fəaliyyətini çətinləşdirəcək”, o xatırladıb.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib ki, Avropa Birliyinin yeni kommunikasiya siyasətində ölkənin inkişafında vətəndaş cəmiyyətinin vacib rolu qeyd edilir. O, hökumətlə vətəndaş cəmiyyətinin dialoqunun başlanmasını vacib sayır.

“Avropa Birliyi Azərbaycan dövləti, vətəndaş cəmiyyətləri və vətəndaşlarla tərəfdaş olmaq istəyir. Çünki demokratiyanın inkişafında aktiv vətəndaş cəmiyyətinin rolu əvəzsizdir. Təəssüf ki, bəzən vətəndaş cəmiyyətinə sadəcə bir tənqidçi səs kimi baxırlar. Vətəndaş cəmiyyəti demokratiyanın özəyidir və demokratik dövlət üçün çox mühümdür”, o qeyd edib.

Səfirlər və beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan vətəndaş cəmiyyətinə və hökumətə yardım etməyə hazır olduqlarını bildirib.

“Dövlətlə vətəndaşlar arasında daimi dialoqun olmasında vətəndaş cəmiyyəti çox mühümdür. Biz ümid edirik ki, Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti ilə dialoq üçün gücü var. Amma təəssüf ki, indi onun fəaliyyətini məhdudlaşdıran addımlar atmaq istəyirlər”, Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq qeyd edib.

Ekspertlər də qanunvericiliyə dəyişiklikləri geniş şərh edib. Onların fikrincə, qanunlara dəyişiklik paketinin imzalanması QHT-lərin fəaliyyətinin ciddi məhdudlaşdırılmasına, qeydiyyatdan keçməyən QHT-lərin fəaliyyətinin tam dayandırılmasına, qrantların verilməsinə, vətəndaş institutunun hökumətin təsir altına düşməsinə şərait yaradacaq.

Bununla yanaşı, QHT nümayəndələri ötən il dekabrın 30-da Prezident Administrasiyasında ictimai siyasi şöbənin təmsilçisi ilə görüşüb, qanunun imzalanmaması üçün müraciətlərini təqdim edib. Bundan sonra qanunlara dəyişikliklərin QHT-lərin fəaliyyətin göstərəcək təsirlərlə bağlı hüquqi şərh təqdim edilib. İndiyədək müraciətlərinə cavab verilməyib.

QHT Forumu müzakirələrin yekunu olaraq bu gün də prezident İlham Əliyevə qanunlara dəyişiklik paketini imzalamamağa çağıran müraciət ünvanlayıb.
Müraciətdə deyilir: “Dövlət quruculuğunda vətəndaş cəmiyyətinin, eləcə də onun tərkib hissəsi olan qeyri-hökumət təşkilatlarının rolunu başa düşdüyünüzü və dəyərləndirdiyinizi bilirik.

KİV rəhbərləri ilə noyabrın 24-dəkı görüşünüz zamanı çıxışınızda müxalifətlə dialoqun zəruri olduğunu dediniz və ictimai qrupların maraqlarının ifadəçiləri kimi bunu alqışlayırıq. Həm də eyni zamanda üçüncü sektorun təmsilçiləri olaraq nəzərə çatdırırıq ki, biz 2012-ci ilin iylunda təşəbbüsçüsü olduğunuz dialoqun davam etdirilməsinə ehtiyac duyuruq.

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov 2012-ci il iyulun 2-də üçüncü sektorun geniş spektrlə görüş keçirərək qeyri-hökumət təşkilatlarının səmərəliliyini artırılması yollarını müzakirə etdi. Bu görüşün iştirakçıları tərəfindən QHT-lərin qeydiyyata alınmasından hesabatlılığına qədər müxtəlif səpkili 87 təklif səsləndi. Bizə vəd olundu ki, təkliflər təhlil edildikdən və PA onların əsasında qərarlar qəbul etdikdən sonra növbəti görüş elə həmin ilin sentyabrında keçiriləcək.

Təəssüf ki, başlanması uzun müddət gözlənilən dialoq davam etdirilmədi. Əksinə, QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericilik sahəsində bizim üçün aydın olmayan geriləmələr başladı. Burada söhbət xüsusilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlara 2013-cü ilin fevral və dekabrında edilən dəyişikliklərdən gedir. Bu dəyişikliklər “Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” və “Insan haqlarını müdafiə üzrə Milli Fəaliyyət Planının təsdiq olunması haqqında” 2007-ci il iyulun 27-də imzaladığınız sərəncamlara ziddir. Hər iki normativ sənədin mahiyyətini ictimai həyatın demokratikləşdirilməsi, vacib hökumət qərarlarının qəbul olunmasında ictimai iştirakın gücləndirilməsi, QHT-lərin dəstəklənməsi və təbliği siyasətinin təkmilləşdirilməsi təşkil edir.

Siz tərəfdən məsələnin vacibliyinin anlaşıldığını nəzərə alaraq xahiş edirik ki, dondurulmuş dialoq prosesinin davam etdirilməsinə təşəbbüs göstərəsiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, öz istək və gözləntilərini bildirmək üçün qeyri-hökumət təşkilatlarının sizinlə birbaşa görüşə ehtiyacı var”, - müraciətdə bildirilir.
Hafiz Həsənov: Vətəndaş Cəmiyyəti çətin durumdadır
please wait

No media source currently available

0:00 0:03:42 0:00
XS
SM
MD
LG