Accessibility links

Facebook fəalının apellyasiya şikayətinə baxılır


Facebook
Facebook

Gənc fəal prezident seçkilərində müxalifət namizədini dəstəklədikdən sonra həbs edilib. O narkotik ittihamı ilə məhkum olunub

İyunun 19-da Sumqayıt Apellyasiya Məhkəməsində hakim Mübariz Zeynalovun sədrliyi ilə narkotik ticarəti ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilmiş facebook fəalı Elsevər Mürsəllinin apellyasiya şikayətinə baxılması prosesi başlayıb.

Mürsəlli təqsirsiz olduğunu və siyasi motivlərlə təqib olunduğunu məhkəmə heyətinin diqqətinə çatdırıb.

Facebook fəalı 9 oktyabr 2013-cü il prezident seçkiləri zamanı müxalifətin namizədi Cəmil Həsənlini fəal şəkildə dəstəkləyib.

Gənc oktyabrın 3-də Xaçmazda (Bakıdan 170 kilometr şimal) yaşadığı kənddə saxlanılıb, polisə aparılıb və cibində “aşkar edilmiş” heroini vağzalda tapdığı haqqında protokol imzalamağa məcbur edilib.

Bu zaman ona sənədi imzalatdıqdan sonra sərbəst buraxılacağını vəd ediblər. Lakin bundan sonra onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar.

Mürsəllinin atası, anası və qonşuları məhkəmədə gəncin 3 gün onlarla birlikdə meyvə topladığını və guya narkotiki tapdığı avtovağzalda olmasının qeyri-mümkün olduğunu təsdiq ediblər.

Məhkəmə iclası iyunun 24-də davam etdiriləcək.

Vəkil Xalid Bağırov Amerikanın Səsinə bildirib ki, müdafiə tərəfi təqsirsiz olduğuna görə Mürsəlliyə bəraət verilməsində israr edir.

Xatırladaq ki, aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il müddətinə azadlıqdan məhrum edib.

Həbsindən sonra gənc NİDA hərəkatına daxil olub.

Mürsəllinin ittiham olunduğu 234.4.3-cü maddə sosial şəbəkə fəallarının təqibində getdikcə daha da məşhurlaşır. Belə ki, fəal blogerlər Rəşad Ramazanov, Əbdül Əbilov və Ömər Məmmədov da həmin maddə ilə ittiham olunaraq həbs ediliblər.
XS
SM
MD
LG