Accessibility links

Facebook fəalının məhkəməsi başlayıb


Əbdül Əbilov
Əbdül Əbilov

Proses mayın 1-də davam etdiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə 31 yaşlı facebook fəalı Əbdül Əbilov işi ilə bağlı məhkəmə başlayıb.

İclasın əvvəlində prokuror Ramin Nağdəliyev ittiham aktını oxuyub.

Əbilov 22 noyabr 2013-cü ildə Yasamal rayonunda öz evinin yaxınlığında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (MCMİ) əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılarkən guya onun cibindən içərisində 2,679 qr heroin olan sellofan paket tapılıb, kirayə tutduğu evdə isə 4,677 qr heroin tapılıb.

Əbilov 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz saxlanılması və ya satışı) maddə ilə cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmədə gənc bildirib ki, siyasi motivlərlə və facebookda fəallığına görə həbs edilib.

Əbilovu saxlayan əməliyyat qrupunun rəhbəri, MCMİ-nin əməkdaşı Müzəffər Məmmədov bildirib ki, polislər Əbilovu saxlayaraq, üzərində qanunsuz əşyalar olub-olmadığını soruşublar. O cibindən içərisində narkotik olan paket çıxarıb və onu “tapdığını” söyləyib.

Daha sonra Əbilov bildirib ki, evdə daha bir paketi var, bundan sonra əməliyyatçılar evə çıxıblar və təqsirləndirilən şəxsin gödəkcəsindən digər paketi çıxarıb.

Əməliyyatçının sözlərinə görə, Əbilov doğmalarını narahat etməməyi, polisə getməyi və orada protokol tərtib etməyi xahiş edib.

Bu zaman əməliyyatçı axtarış zamanı videoçəkiliş aparıldığını inkar edib, baxmayaraq ki, protokolda bu barədə yazılıb.

Vəkil Xalid Bağırovun sualını cavablandıran Məmmədov bunu protokola “təsadüfən” başqa cinayət işindən mətnin köçürülməsi ilə izah etməyə çalışıb.

Təqsirləndirilən şəxs özü deyib ki, videoçəkiliş materialları ona görə işə daxil edilməyib ki, orada onun “könüllü” olaraq heç bir etirafedici ifadə vermədiyi və işin siyasi xarakterli olduğu aydın görünür, çünki əməliyyatçılar onun facebook-dakı fəaliyyəti ilə maraqlanıblar.

“İstintaq zamanı məndən narkotiklərlə bağlı heç nə soruşmayıblar. Onlar mənim Əli Kərimli və Cəmil Həsənli ilə əlaqələrim haqqında soruşublar”, deyə Əbilov bildirib.

Vəkilin noutbukun niyə müsadirə edildiyi və onn narkotiklərlə nə kimi əlaqəsi ola biləcəyi haqqında sualına 7 MCMİ əməkdaşından heç bir aydın cavab verə bilməyib.

Vəkil Bağırov həmçinin şahidlərin ibtidai istitaqdakı ifadələrinin eyni olduğunu qeyd edib. Bu zaman o, iki MCMİ əməliyyatçısının – Emin Səfərov və Ceyhun İmamverdiyevin ifadələrindən sitat gətirib, onlar sözbəsöz bir-birinin təkrarı idi.

Şahidlərin çıxışları zamanı təqsirləndirilən şəxsin anası Nurcahan Əbilova əlində quranla içəriyə daxil olub və şahidlərin həqiqəti söyləyəcəklərinə dair qurana and içməsini tələb edib. Lakin hakim nəzarətçilərdən yaşlı qadını zaldan çıxarmağı tələb edib, qadın isə bundan imtina edib və hakim fasilə elan etmək məcburiyyətində qalıb.

Növbəti əməliyyatçı İbrahim Kazımovun çıxışı zamanı Əbilov bu insanın axtarış zamanı iştirak etmədiyini deyib. Bundan başqa, o, MCMİ-də dəyənəklə onu döyərək zorla ifadə alıb.

Kazımov bunu inkar edib, vəkilin və müttəhimin suallarını cavablandıra bilməyib.

Hakimin şahidə təfsilatı “xatırlamaqda” kömək etmək cəhdləri zalda narazılığa səbəb olub. Bu zaman jurnalist Xədicə İsmayılova zaldan çıxarılıb.

Həmçinin şahidlərdən biri dindirilib. O, Yasamal rayonunda əməliyyat tədbirindən əvvəl Nərimanov rayonundan çağırılıb.

Şahid vəkilin sualını cavablandırarkən bildirib ki, “Şərq Bazarı”nda işləyir, amma bazarın hansı hissəsində işlədiyini tam izah edə bilməyib.

Bu zaman hakim yenidən “tərcüməçi” rolunda çıxış edərək deyib: “Bəlkə o, öz işi haqqında danışmaqdan utanır, bəlkə o, süpürgəçidir”.

Şahid həmçinin Əbilovun mənzilini təsvir edə bilməyib.

Proses mayın 1-də davam etdiriləcək.

Hüquq müdafiəçiləri Əbilovun facebook-da “Yaltaqlara dur deyək!” adlı səhifə yaratdığına görə təqib edildiyini hesab edirlər.

Gəncin həbsindən sonra bu səhifə bağlanıb.
XS
SM
MD
LG