İctimai Palata ictimai-siyasi durumdan danışıb

Təşkilat insan hüquqlarının təmin olunmasını, müstəqil məhkəmə, parlament hakimiyyətinin yaradılmasını tələb edir

Turan Agentliyinin məlumatına görə, müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palata (İP) rəhbərliyi ölkədəki ictimai-siyasi durumla bağlı xarici və yerli jurnalistlər üçün mətbuat konfransı keçirib.
İP-nın Koordinasiya Şurasının (KŞ) üzvü, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ölkədə avtoritar rejimin hakim olduğuna və 40 ildir ki, Əliyevlər ailəsi tərəfindən idarə edilməsinə diqqət çəkib. Ölkədə icra, məhkəmə, parlament hakimiyyəti arasında bölgü olmadığı, hakimiyyət qollarının icra hakimiyyətinə tabe olduğu xatırladılıb. 2009-cu il referendumundan sonra İlham Əliyevin hakimiyyətə ömürlük iddia etməsi vurğulanıb. İctimai Palatanın iqtidardan əsas tələbinin insan hüquqlarının təmin olunması, müstəqil məhkəmə, parlament hakimiyyətinin yaradılmasıdır.
İqtisadi sahəyə gəlincə, ölkədə inhisar və korrupsiya hakimdir, ən ciddi şəkildə korrupsiyaya uğramış hökumət mövcuddur. Ölkənin gəlirləri ancaq neftdən asılıdır, büdcənin 70%-i neft gəlirlərindən formalaşır. İctimai Palatanın azad bazarın, liberal iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafının tərəfdarı olduğu qeyd edilib.
Mövcud iqtidarın qeyri-müəyyən xarici siyasəti olduğu, Qərbdən uzaqlaşdığı deyilib. İctimai Palatanın isə Azərbaycanın gələcəyini birmənalı olaraq Avropaya inteqrasiyada görməsi kimi xətti olduğu bildirilib. Qarabağ probleminin həllinin belə Avropaya inteqrasiyadan keçdiyi nəzərə çatdırılıb. Yeri gəlmişkən, NATO-nun son Çikaqo sammitində qəbul edilən Bəyannamədə Azərbaycanla bağlı mövqe yüksək dəyərləndirilib.
“Eurovision” musiqi yarışması ilə bağlı Avropada Azərbaycana artan maraq ölkənin maraqlarına uyğun sayılıb. Bu marağın Avropada Azərbaycanın Avropa ailəsinin üzvü, müasir dünyəvi dövlət olması qənaətini gücləndirdiyi vurğulanıb.
Hazırda Azərbaycanda insan haqlarına hörmət etməyən iqtidar, siyasi və vicdan məhbusları və buna qarşı mübarizə aparan müxalifət və vətəndaş cəmiyyəti institutları olduğu qeyd edilib.
İP KŞ-nın üzvü, Müsavat Partiyası başqanı İsa Qəmbər 2011-ci ildə Nigar Camalın və Eldar Qasımovun qələbəsilə “Eurovision”un Azərbaycanda keçiriləcəyi məlum olandan rəsmi Bakıya bu bir ildən səmərəli istifadə etmək müraciəti olduğunu yada salıb. İqtidarınsa bu müraciəti nəzərə almadığı vurğulanıb. Azərbaycanın Avropaya yaxınlaşmaq üçün addım atmadığı, ölkədə onlarla siyasi və vicdan məhbusu olduğu yada salınıb. Bu insanların azad edilməsilə bağlı aclıq aksiyası keçirildiyi deyilib. Həbsxanalarda aclıq edən vicdan məhbuslarının buna görə karserə salındığı nəzərə çatdırılıb. Söküntülər nəticəsində 10 minlərlə insanın mülkiyyətdən məhrum olduğu, ədalətli kompensasiya ala bilmədiyi xatırladılıb.
Hakimiyyətin Avropa standartlarına uyğunlaşması üçün siyasi məhbusları azad etməsi, azad seçkilər keçirilməsi tələb edilib. İctimai Palatanın əsas məqsədinin xalq hərəkatı yolu ilə ölkədə vəziyyətin dəyişməsi olduğu nəzərə çatdırılıb. Ölkədə islahatlar olmadığı halda yüz minlərin meydana çıxacağı xəbərdarlığı edilib.
İctimai Palatanın Avropadan gözləntisinin isə korrupsiyaya uğramış bu iqtidara dəstək verməməsi olduğu deyilib.

Öz növbəsində, Azərbaycan hökuməti ölkədə iqtisadi sahədə yüksək irəliləyişin, yoxsulluğun minimuma endirildiyi, yüz minlərlə yeni iş yerlərinin açıldığını bildirir. Prezident Əliyevin sədrliyi ilə bu yaxınlarda keçirilən hökumətin iclasında ölkənin uğurlu xarici və daxili siyasəti olduğu qeyd edilib. Buna misal kimi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və seçkilərdə dünyanın 155 ölkəsinin Azərbaycanı dəstəkləməsi önə çəkilib. İqtisadi inkişafdan danışılarkən Azərbaycanda ümumdaxili məhsulun artan tempi qeyd edilib.

Hökumət demokratiya və insan haqları sahəsində uğurlara imza atdığını vurğulayıb.