Accessibility links

ABŞ Dövlət Departamenti: Azərbaycanda fundamental hüquqlar pozulur


ABŞ Dövlət Departamenti bu gün dünya ölkələrində insan haqlarına dair illik hesabatını açıqlayıb. Hesabatın Azərbaycana dair hissəsində bu ölkədə insan haqlarının geniş miqyasda pozulduğu və ölkədə demokratik idarəçilik sisteminin mövcud olmadığı vurğulanır.

“Ötən il ərzində Azərbaycanın insan haqları sahəsində ən böyük problemi ifadə, toplaşma və assosiasiya azadlqılarının məhdudlaşdırılması olub,” deyə hesabatda bildirilir. Başqa mühüm hüquq problemləri sırasında müstəqil ədliyyə sisteminin olmaması və sakinlərin mülkiyyət hüquqlarının kobud şəkildə pozulması qeyd olunur.

Azərbaycanda siyasi məhbusların olduğunu vurğulayan sənəd Müsavat partiyasının başqan müavini Arif Hacılı, siyasi fəallar Bəxtiyar Hacıyev, Vidadi İsgəndərov, Sahib Kərimov və başqalarının adları çəkilir. Çox sayda adamların icazəsiz mitinqlərdə həbs olunduğu və onlara qeyri-adi uzun müddətdə cəzalar verilməsi tənqid olunur.

Ölkədə məhkəmə sisteminin bərbad durumda olduğunu qeyd edən hesabat əksər hallarda hakimlərin öz qərarlarını əsaslandırmadıqlarını bildirir. Müsbət hal kimi Avropa İnsan Haqları Məhkəməsinin qərarına uyğun olaraq 31 maydan etibarən qeyri-zorakı cinayət törətmiş müttəhimlərin dəmir qəfəslərdə mühakimə olunması praktikasına son qoyulması qeyd olunur.

İfadə azadlıqlarının kütləvi pozulması halları sırasında jurnalistlərin təqib olunması, onların fiziki və mənəvi hədələrə məruz qoyulması bildirilir. Dövlət Departamenti Azərbaycan hökumətinə yaxınlığı ilə tanınan Lider TV-nin müstəqil jurnalistlərə qarşı şantaj kampaniyasında aktiv iştirakını qeyd edir və konkret nümunələrlə bu ittihamı əsaslandırır.

Azərbaycanda siyasi atmosferin ümumən qeyri-azad olduğunu diqqətə çatdıran sənəd hakim Yeni Azərbaycan partiyasının ölkədə siyasi məkana dominantlıq etdiyini bildirir. YAP hakimiyyəti dönəmində Azərbaycanda keçirilən seçkilərin demokratik standartlara uyğun gəlmədiyini vurğulayan hesabat 2010-cu il parlament seçkilərində ilk dəfə olaraq aparıcı müxalifət partiyaları olan Müsavat və Xalq Cəbhəsindən heç bir siyasi fiqurun Milli Məclisə seçilmədiyini qeyd edir.

Hesabatın ingiliscə tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://www.state.gov/j/drl/rls/hrrpt/humanrightsreport/index.htm?dynamic_load_id=186330

XS
SM
MD
LG