Mayın 23-də ATƏT-in Helsinki Komissiyası ABŞ Konqresinin binasında Cənubi Qafqazda demokratiyanın durumuna dair brifinq keçirdi. Brifinqə dəvət olunmuş ekspertlər və QHT işçiləri Azərbaycan, Ermənistan və Gürcüstanda seçki proseslərini müzakirə etdilər.
Ekspertlər hesab etdiklərini bildirdilər ki, Cənubi Qafqaz dövlətləri arasında demokratik islahatlar baxımdan ön sırada Gürcüstan gedir. Bu xüsusda Mixail Saakaşvili hökumətinin təşəbbüsü ilə siyasi qüvvə balansı yaradılması və partiya quruculuğu yönümündə parlamentdə qəbul olunan qanunlar vurğulandı. Azərbaycana gəldikdə isə konsensus ondan ibarət oldu ki, son illərdə bu ölkədə siyasi plüralizm məkanı daralmaqda davam edib və avtoritarizm daha da güclənib.
George Washington Universitetinin Rusiya və Avrasiya Proqramları direktoru Cory Welt hesab etdiyini bildirdi ki, Azərbaycanda baş verən siyasi geriləmə əslində Gürcüstan və Ermənistandakı siyasi proseslərlə müqayisə oluna bilməz. Belə ki, bu ölkədə fundamental hüquqlar pozulur və müstəqil media demək olar ki, mövcud deyil. Cənab Welt əlavə etdi ki, İlham Əliyev hökuməti vaxtikən kabinetdə yüksək postlar tutmuş insanları həbs etməklə hökumətdə parçalanmanın qarşısını almağa nail oldu və o vaxtdan bəri Azərbaycan siyasi məkan kiçilməkdə davam edir.
Karnegi Beynəlxalq Sülh Fondunun eksperti Tom de Vaal hər üç Cənubi Qafqaz dövlətlərindəki siyasi mənzərənin Avropadan çox Rusiya modelinə yaxın olduğunu qeyd etdi. Cənab de Vaal xatırlatdı ki, Sovet İttifaqı dağılandan bəri heç bir Cənubi Qafqaz dövlətində hakimiyyət normal seçki yolu ilə dəyişməyib. Azərbaycanda vəziyyətin nisbətən daha acınacaqlı olduğunu vurğulayan de Vaal təkcə siyasi detallara deyil, avtoritarizmə rəvac verən mədəni faktorlara nəzərə salmağı tövsiyə etdi.
Freedom House təşkilatının nümayəndəsi Christopher Walker cənab de Vaalla razılaşdığını bildirərək Cənubi Qafqaz dövlətlərinin azadlıq səviyyələrinə görə sıralanmış dünya ölkələri siyahısının ikinci yarısında qərar tutduğuna diqqət çəkdi. O, siyasi hakimiyyət dəyişikliyinin bu regionda ənənə formasından xeylu uzaq olduğunu qeyd etdi və bu yönümdə beynəlxalq ictimaiyyətin aktiv olmasına ehtiyac duyulduğunu söylədi. Eyni zamanda Ərəb Baharını misal çəkən Walker tarixin sürprizlərlə dolu olduğunu və cəmiyyətlərin demokratiyaya hazır olub-olmadığı haqda spekulyasiyaların məhdudiyyətlərini önə çəkdi.
Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatının nümayəndəsi brifinqçilərə ünvanladığı sualda Azərbaycanda keçirilən seçkilərə niyə adekvat reaksiya verilməməsini sual etdi. Sualı cavablandıran Helsinki Komissiaysının nünayəndəsi Maykl Oks ATƏT bəyanatlarının bəzi hallarda çaşdırıcı olduğunu etiraf etdi və Azərbaycan kimi ölkələrdə baş verən seçki pozuntuları üçün yeni terminologiya ilə çıxış etməyin faydasını müzakirə etdi.