Accessibility links

İctimai Palata 20-ci sahədə mitinq keçirmək istəmir


Bakı meriyası isə 20-ci sahəni göstərməsi fikir ayrılığı yaradıb. İqtidar müxalifətin mitinqinin süquta uğradığını deyir.

İctimai Palata mayın 6-da Bakı şəhər icra hakimiyyətinin təqdim etdiyi “20-ci sahə”də mitinq keçirmək niyyətində deyil. Bu barədə İctimai Palatanın Koordinasiya Şurasının iclaslarına sədrlik edən Rafiq Manaflı bildirib.

Müxalifət qüvvələrini birləşdirən İctimai Palata mayın 6-da Bakının bir neçə mərkəzi meydanlarından birində mitinq keçirmək üçün Bakı meriyasına müraciət edib. Bakı meriyası isə “20 sahə” adlandırılan yerdə sürücülük məktəbinin həyətində mitinq keçirməyi məsləhət bilib. İctimai Palata son ayda burada iki dəfə mitinq keçirsə də bu dəfə imtina edəcəyini bəyan edib.

Cənab Manaflı Koordinasiya Şurasının aprelin 30-da keçirdiyi mətbuat konfransında mövqeyini açıqladığını nəzərə çatdırıb. Bakı Şəhər İcra Hakimiyyətinin aksiya üçün göstərdiyi yerdən imtinaya səbəb kimi iqtidarın bu məkanda aksiyaya maneçilik etmək üçün kifayət qədər imkanı olmasını göstərib. Bu məkanın şəhərdən uzaq olması, yeganə vasitə kimi yalnız avtobusdan istifadə edilməsi, rəsmi Bakının aksiyaya gələnlərin qarşısını almaq üçün marşrutların hərəkətini pozması imtina üçün əsas olub. Bundan əlavə, Koordinasiya Şurasının mitinqlə bağlı rəsmi qurumlarla danışıqlar üçün yaratdığı nümayəndə heyəti ilə danışıqlar aparılmasından imtina edilib. “Bütün bu səbəblərə görə İctimai Palata “20-ci sahə”yə getmək niyyətində deyil”, - deyə R.Manaflı bildirib.

Aksiya ilə yanaşı piket keçirilməsi üçün də Bakı şəhər icra hakimiyyətinə müraciət olunduğunu deyən R.Manaflı bu müraciətə cavab verilmədiyini söyləyib. Buna baxmayaraq, İctimai Palatanın mayın 7-də Bakı şəhər icra hakimiyyəti önündə piket keçirməyə hazırlaşdığını nəzərə çatdırıb. “Hər halda, İctimai Palatanın aksiya ilə bağlı son qərarı qurumun mayın 5-nə təyin edilən sessiyasında veriləcək”, - deyə o qeyd edib.

Öz növbəsində iqtidarda olan Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Amerikanın Səsi radiosunun sualının cavabında bildirib ki, müxalifətin ictimai dəstəyi, sosial bazası yoxdur. “Onların mərkəzdə yer istəməklə bağlı bəyanatlarını keçirdikləri mitinqlərin iflasa uğradığının üstünün örtülməsi kimi qiymətləndirirəm”.

Onun sözlərinə görə, Azərbaycan hökuməti sərbəst toplaşmaq hüququnun təmin edilməsi üçün lazım olan bütün işləri görüb. “Müxalifətçilər mitinqlərini keçirmək istəyəndə keçirirlər, tərəfdarlarını toplayırlar, onların qarşısında çıxışlar edirlər. Əgər onların keçirdiyi mitinqə az adam gəlirsə, bunda Azərbaycan hökumətinin bir günahı yoxdur”. O mitinqlərin harada keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin müvafiq qərarının olduğunu xatırladıb. “Hesab edirəm ki, mərkəzdə mitinq keçirmək söhbəti ilə əslində mitinqlərinin uğursuzluğa düçar olduğunu gizlətməyə çalışırlar. Mitinqin harada keçirilməsi yox, onun insanlar tərəfindən nə qədər dəstəklənməsi əhəmiyyətlidir. Azərbaycan müxalifətinin 35-40 təşkilatı mitinq təşkil edir. Orada 1000-1500 nəfər iştirak edir. Hər təşkilatdan 30-40 nəfər gəlir, bu da onların ailə üzvləridir. Bu isə o deməkdir ki, Azərbaycan cəmiyyəti müxalifətin təşkil etdiyi mitinqdə iştirak etmək istəmir”, - deyə o qeyd edib.

XS
SM
MD
LG