Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsi radiosuna müsahibəsində İctimai Palatanın aprelin 8-də keçirəcəyi mitinqə hazırlıq vəziyyəti, mitinqdə irəli sürüləcək tələblər və qaldırılacaq şüarlardan danışıb. O hökumətin siyasətini kəskin tənqid edib. Partiya sədri həbsdə olan siyasi məhbusların, jurnalistlərin, eyni zamanda Quba hadisələri ilə bağlı həbs edilənlərin azadlığa buraxılmasını tələb edir.
Sual: İctimai Palatanın mitinqə hazırlıq vəziyyəti necədir.? Nə işlər görübsünüz?
Cavab: Bakı şəhər İcra Hakimiyyəti mitinqə icazə verən kimi, biz bütün KİV-lərdə, o cümlədən internetdə, qəzetlərdə, sosial şəbəkələrdə məlumatlar yaymışıq, çağırışlar etmişik. Üstəlik çoxsaylı vərəqələr çap etmişik. Vərəqələr mətbuatı ala bilməyən, internet istifadəçisi olmayan insanlar arasında yayılır. Məqsədimiz bütün narazı insanları 8 apreldə mitinqə toplamaqdır.
Sual: Əsas şüarlarınız və tələbləriniz nədir?
Cavab: İlk əvvəl, tələbimiz bütün siyasi məhbusların, vicdan məhbuslarının, Quba hadisələri ilə bağlı həbsdə olan məhbusların azad edilməsidir. Əsas siyasi tələbimiz, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlıdır. Biz, 2010-cu ildə keçirilən parlament seçkilərini saxta və xalqın iradəsini ifadə etməyən seçkilər hesab edirik. Ona görə də yeni seçkilərin keçirilməsini tələb edirik. Əsas tələblərimiz həm də sosial xarakterlidir. Biz, 1990-cı ilədək Azərbaycan vətəndaşlarının keçmiş SSRİ-nin əmanət bankında olan əmanətlərinin olduğu kimi, birə-bir qaytarılmasını tələb edirik. Çünki, bu gün tətbiq olunmaqda olan prezident fərmanı həmin əmanətlərin yalnız 5-7 faizini qaytarmağı nəzərdə tutur. Ona görə də əmanətlərin tam olaraq qaytarılmasını tələb edirik.
Biz, insanların mülkiyyət hüququna hörmət edilməsini tələbə edirik. Biz, Bakı şəhərində, rayonlarda müxtəlif bəhanələrlə sökülən evlərin tam kompensasiyasının vətəndaşlara ödənilməsini tələb edirik. Tələb edirik ki, hökumət mülkiyyətin toxunulmazlığına bir kağız parçası kimi baxmasın. Doğrudan da mülkiyyət sahiblərinə hörmət olsun. Yalnız onlarla qarşılıqlı razılıq əsasında mülkiyyət hər hansı səbəb üçün sökülə bilsin. Biz, ölkədə korrupsiyanın qarşısının alınması, rüşvətin durdurulması ilə bağlı tələb irəli sürmüşük. Regionların inkişafı ilə bağlı da tələblərimiz var. Bütün bunların hamısı, sosial-siyasi xarakterli tələblər Azərbaycan vətəndaşlarının ən ümdə tələbləridir.
Sual: İctimai Palata bundan öncə “Yol Xəritəsi” planı ilə çıxış edib. Amma, hökumətdən hər hansı bir reaksiya gəlmədi, hətta rişxəndlə yanaşdılar.
Cavab: Hökumətin ən böyük problemi odur ki, heç nə öyrənmək istəmir. Hökumət təfəkkürcə çox geri qalıb. Hökumət ümumiyyətlə 21-ci əsrə, çağdaş siyasi mədəniyyətə yaraşan bir təfəkkür sahibi deyil. Bunlar sanki orta əsrlərdə yaşayırlar. Başa düşmürlər ki, tiranların, avtoritar, totalitar rejimlərin vaxtı keçib. Xalqlar dünyanın hər yerində demokratiya istəyir və onu alacaqlar. Lazımdır ki, sivil yolla, qarşılıqlı addımlar atmaqla, konstitusion yolla demokratiyanın önü açılsın. Əks təqdirdə repressiyalar əks təsir yarada bilər. İnsanlar daha radikal addımlar atmağa sövq olunarlar. Ona görə də, İctimai Palata əsl vətəndaş mövqeyi nümayiş etdirərək, Azərbaycanı sevərək, Azərbaycanı xilas etmək naminə kompromislər əsasında qurulmuş bir konsepsiya təqdim etdi. Avtoritarizmdən demokratiyaya yumşaq keçidin konsepsiyasını təqdim etdi. Çox təəssüf ki, Azərbaycan hökuməti anlamadı ki, təqdim olunmuş konsepsiya əslində onların özü üçün də bir çıxış yoludur. İndi, öz düşünülməz siyasətləri nəticəsində özlərini saldıqları dalandan bir çıxış yoludur. Çünki, bu hökumət özünə başqa çıxış yolu saxlamayıb. Azərbaycan hökumətinin İctimai Palatanın irəli sürdüyü konsepsiyanı qəbul etməyə hələ də imkanı var. Amma, ola bilər ki, bir gün artıq, bu imkan olmaz, bir gün artıq gec ola bilər. Azərbaycan vətəndaşları narazıdır, bu narazılıqlar toplanır, yığılır, bəzən o, Qubada olduğu kimi sosial partlayışla nəticələnir, bəzən insanlar başqa, sair üsullarla özlərini qorumaq qərarına gəlirlər. Bu narazılıq günün birində daha böyük, daha kütləvi, daha radikal etirazlara gətirib çıxara bilər. Azərbaycan hökuməti nəhayət başa düşməli, anlamalıdır ki, yalnız zor gücünə, dəyənək gücünə, repressiya gücünə Azərbaycan xalqını idarə etmək mümkün olmayacaq. Müəyyən güzəştlərə getmək, demokratiyanın önünü açmaq, iqtisadi və siyasi islahatlara başlamaq lazımdır.
Sual: Mitinq qabağı təzyiqlər hiss edirsinizmi? Ümumilikdə Bakıda və regionlarda təhdidlər təzyiqlər varmı?
Cavab: Əvvəllər olduğu kimi, yenə də böyük toplantılar keçirməyə imkanlar yoxdur. Toplantılarımızın hamısı polisin nəzarətində olur. Bundan əlavə təhdidlər, təzyiqlər dayanmayıb. Bu günlərdə mənim yaxın qohumum, qaynım Elnur Seyidovun həbs olunması, jurnalist Xədicə İsmayılovaya qarşı olan əxlaqsız şantaj kampaniyası, Azərbaycanın digər jurnalistlərinə qarşı, o cümlədən Qubada yerli televiziyanın jurnalistlərinə qarşı olan repressiyalar. Bunların hamısı onu göstərir ki, Azərbaycan hökuməti onsuz da repressiya və təzyiq siyasətinə hələ sədaqətlidir. Harada fürsət, bəhanə tapırlarsa Azərbaycanın müxalifətini, jurnalistikasını, azad insanlarını sıxışdırmağa çalışırlar.
Müəllifdən: Azərbaycan hökuməti ölkədə demokratik azadlıqların, o cümlədən toplaşmaq, söz və mətbuat azadlığının təmin edildiyini bildirir. Yüksək vəzifəli hökumət rəsmiləri İctimai Palatanın “Yol xəritəsi”nə istehza ilə yanaşıb və Azərbaycan ictimai fikrinə təsirinin olmadığım deyib. İqtidarda olan “Yeni Azərbaycan” Partiyasının rəsmisi İctimai Palatanın aprelin 8-də keçirəcəyi mitinqdə 700-800 adamın iştirak edəcəyini iddia edir.