Accessibility links

Əli Kərimli: Müxalifət Azərbaycan xalqı ilə bir yerdədir!


Əli Kərimli: Müxalifət Azərbaycan xalqı ilə bir yerdədir!
Əli Kərimli: Müxalifət Azərbaycan xalqı ilə bir yerdədir!

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Amerikanın Səsinə müsahibədə Azərbaycanda yaranan siyasi situasiyadan, müxalifətə qarşı təzyiqlərdən danışıb. Cənab Kərimlinin sözlərinə görə müxalifətin imkanları məhdudlaşsa da artıq demokratik hərəkata sivil cəmiyyət fəal şəkildə qoşulub və insanlar partiyalardan müstəqil şəkildə mübarizə aparırlar.



Sual: Əli bəy, bu gün İctimai Palatanın rəhbərliyi ATƏT-in Bakı ofisinin direktoru və Qərb dövlətlərinin səfirləri ilə görüşdü. Bu görüşdə hansı məsələlər müzakirə olundu, nədən danışıldı?

Cavab: Görüşdə əsasən ölkədəki ictmai-siyasi vəziyyət, İctimai Palatanın aprelin 2-də keçirdiyi etiraz aksiyası, onun tələbləri, eyni zamanda həmin aksiyadan sonra həyata keçirilən irimiqyaslı repressiya müzakirə mövzusu oldu. İctimai Palatanın özü haqda, fəaliyyəti və proqramı haqda biz qonaqlara məlumat verdik. Biz eyni zamanda jurnalistlərə qarşı son günlərdə artan təzyiqləri gündəmə gətirdik. Azərbaycanın gənclərinə qarşı və siyasətçilərə qarşı olan təzyiqləri ətraflı müzakirə etdik.

Sual: Son vaxtlarda dövlət mediasında sizin partiyanızdan, Azərbaycan Xalq Cəbhəsindən bir çox üzvlərin istefa verdiyi və sizinlə qohum olduğunu deyən adamların sizin şəxsiyyətinizə və partiyanıza qarşı bəyanatları səsləndirilir. Bu növ bəyanatlara reaksiyanız?

Cavab: Əvvəla, bütün bu kampaniya ərzində bircə nəfər real cəbhəçi parityanı tərk edib. İndi bu dəqiqələrdə məlumat aldım ki, İbrahim Vəliyev partiyadan getmək haqda ərizə verib. Yerdə qalan bütün məlumatlar yalandır, tam yalandır. Mənim qohumlarımla bağlı bu məlumatlar təzə deyil. Hər seçkidə həmim adamları çıxarırlar. 2003-cü, 2005-ci il seçkilərində həmin adamlar hökumətin təzyiqləri altında hökumətin istədiyi bəyanatları veriblər. Bir adam partiyanı neçə dəfə tərk edə bilər?!

Mən xüsusi olaraq narahat deyiləm ki, qohumlarım arasında bir neçə nəfəri hökumət öz tərəfdarı edib. Mən əşirət başçısı, tayfa-klan başçısı deyiləm. Mən bir siyasi partiya lideriyəm. Mənim qardaşım, qohumlarım, əmim oğulları ilk növbədə mənim əqidə yoldaşlarımdır. Və onlar mənimlə bir yerdədirlər. Onlar mübarizə aparırlar. Aprelin 2-də onlar minlərlə Bakı küçələrinə çıxdılar. Bu, önəmlidir.

Azərbaycan hökuməti bir tərəfdən deyir ki, Azərbaycanda müxalifət yoxdur. O biri tərəfdən də əvvəllər yüz-yüz, indi artıq minlərlə adamın müxalifəti tərk etməsindən danışırlar. Bu olmayan müxalifəti nə qədər adam tərk edə bilər? Olmayan müxalifət necə xaos yarada bilər? Necə hökumətdə belə təşviş yarada bilər? Bütün televiziyalarını məşğul ediblər müxalifətə qarşı qara piarlara, şər-böhtan işlərinə. Görürsünüz necə həyəcanlıdırlar, necə panikadadırlar, isterika içərisindədirlər? Deməli müxalifət var, güclüdür və müxalifət Azərbaycan xalqı ilə bir yerdədir. Müxalifət mübarizəsini davam etdirir. Bu şər və böhtanlarla Azərbaycan xalqını aldada bilməyəcəklər.


Sual: Müxalifətin 16 apreldə növbəti aksiyası gözlənilir. Bu nümayişə hazırlıqlar necə gedir?

Cavab: Çox yaxşı gedir bu hazırlıqlar, baxmayaraq ki, bizim funksionerlər təzyiq altındadırlar. Sahib Kərimov Şəkidə həbs olunub. İnzibati cəza çəkən Rövşən Quliyev istintaqa cəlb olunub. Azadlıq qəzetinin köşə yazarı Natiq Əbilov istintaqa cəlb olunub, hələ də sorğu-sual edilir, buraxılmayıb. Mənim özümü könüllü mühafizə edən cəbhəçilər ciddi təzyiqlər altındadırlar. Sürücüm artıq həbsdədir. Mənə yaxın olan insanların hər birinə təzyiq edirlər. Bütün bunlar mitinq hazırlıqlarımıza təsir göstərir. Ancaq İctimai Palatada elə yaxşı mexanizm var ki, artıq mitinqlərin məsuliyyəti partiyaların üzərində deyil. Artıq xalq özü təşkilatlanır, gənclər özləri təşkilatlanır. Regionlarda insanlar özləri təşkilatlanır. Partiyaların imkanları məhdudlaşsa da vətəndaş cəmiyyəti özü artıq hərəkətə keçib. İndi artıq patiyalardan kənarda yüzlərlə mitinq təşkilatçıları, təbliğatçıları var. Ona görə də inanıram ki, 16 apreldə kifayət qədər uğurlu bir aksiya keçiriləcək.


Sual: Bəzi müşahidəçilər hesab edirlər ki, 2003-cü ildən bəri Azərbaycanda müxalifətə qarşı belə bir təzyiq kampaniyası olmamışdı. Siz son başlanan təqib-təzyiq kampaniyasını nə ilə əlaqələndirirsiniz?

Cavab: Hökumətin qorxusu ilə. Görünür indiyədək müxalifəti bu qədər real qüvvə saymırdılar. Ölkədə köklü dəyişkliklər üçün real şans olduğunu hökumət də başa düşüb. İslahata, dialoqa meylli olmadıqlarına görə çalışırlar ki, zor gücünə situasiyanı istədikləri məcraya yönəltsinlər. Həyəcan və təlaş Azərbaycan hökumətini aqressivləşdirib.

XS
SM
MD
LG