Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Amerikanın Səsi radiosuna müsahibəsində 2011-ci ilin əsas siyasi yekunlarından danışıb. Onun fikrincə, 2012-ci il daha aktiv siyasi dinamik il olacaq.
Sual: 2011-ci ilin əsas siyasi yekunlarını necə qiymətləndirirsiniz?
Cavab: 2011-ci ildə vətəndaşlarımızın Azərbaycanda köklü dəyişikliklərə inamı bərpa olunub. Əgər əvvəlki illərdə, 2005-ci ildən 2011-ci ilədək Azərbaycan cəmiyyətində bədbinlik, ruh düşkünlüyü hakim idisə, ölkənin gələcəyi ilə bağlı ümidlər sarsılmışdısa, 2011-ci ildə, xüsusilə ərəb dünyasında baş verənlər və ölkənin daxilindəki bəzi proseslər optimizm yaratdı. Xüsusilə, ölkənin daxilində üç məsələni vurğulamaq istəyirəm. İctimai Palatanın (İP) formalaşıb alternativə çevrilməsi, Ziyalılar Forumunun daha fəal mövqe ortaya qoyması və gənclərin daha ciddi qüvvəyə çevrilməsi, bütün bunların hamısı Azərbaycan vətəndaşlarının sabaha ümidini artırıb.
Sual: Amma, 2011-ci ildə müxalifətin dialoq təklifi qəbul edilmədi. 2012-ci ilə beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı 16 nəfərlə keçdiniz. 2012-ci ildə siyasi hadisələri necə proqnozlaşdırırsınız?
Cavab: Çox təəssüf ki, dedikləriniz həqiqətdir. Biz, 2012-ci ilə siyasi məhbuslarla keçdik. 2012-ci il Azərbaycan üçün çox mühüm, çətin, dinamik və ümidverici bir ildir. Regionumuzda istər İran ətrafında, istər Ermənistanda, istər Rusiyada və bütövlükdə MDB (Müstəqil Dövlətlər Birliyi-red) məkanında ciddi proseslər gedir. Bu proseslərin Azərbaycana da təsirləri olacaq. Digər tərəfdən, 2012-ci ildə 2011-ci ildə ölkə daxilində başlanmış tendensiyaların daha da güclənəcəyi gözlənilir. Yəni,
İP-nin daha fəal, daha kütləvi fəaliyyət göstərəcəyi, ziyalıların, vətəndaş cəmiyyətinin daha aktiv mövqe sərgiləyəcəyi və gənclər hərəkatının sözünü daha qətiyyətlə deyəcəyi gözlənilir. Bütün bunların hamısı birlikdə, Azərbaycanda 2012-ci ildə ciddi, köklü dəyişikliklər üçün ümidləri artırır.
Sual: 2013-cü ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. 2012-ci il prezident seçkilərinə start vəziyyətidir. Siyasi qüvvələr arasında münasibətləri necə qiymətləndirirsiniz? 2013-cü ildə nə olacaq, Əli Kərimli prezidentliyə namizədliyini irəli sürəcəkmi?
Cavab: Biz 2012-ci ildə hər şeyi etməliyik ki, ölkədə siyasi situasiya dəyişsin və prezident seçkiləri indiyədək olan seçkilər kimi formal olmasın. Biz istəyirik ki, həqiqi yarışma olsun, demokratik və azad seçkilər olsun. Dünən bizim İP-nin Koordinasiya Şurasına keçirdiyimiz seçkilər kimi azad və ədalətli seçki olsun. Belə bir seçki mühitini formalaşdırmaq 2012-ci ilin əsas vəzifəsidir. Ona görə də hesab edirəm ki, indidən prezidentliyə namizədliklə bağlı diskussiyaların aparılması, xüsusilə bu iddiaların fərdiləşdirilməsi ümumi işə fayda verməz. Çünki, bir var cəmiyyəti bütövlükdə köklü dəyişikliklər naminə səfərbər edəsən, bir də var hansısa ayrıca namizədin ətrafında səfərbər edəsən. Bu baxımdan, bizim siyasi xəttimiz bundan ibarətdir ki, bütün cəmiyyəti köklü dəyişiklik naminə səfərbər edək.
Sual: Bu günlərdə, gənc fəal, bloger Bəxtiyar Hacıyev prezidentliyə namizədliklə bağlı məqalə ilə çıxış edib. O irəli sürüb ki, 2013-cü il prezident seçkiləri “narazıların razılara qarşı mübarizəsi” şüarı ilə keçirilsin və narazıların vahid namizədinin müəyyənləşdirilməsi üçün ilkin seçkilər keçirilsin. Necə qiymətləndirirsiniz?
Cavab: Hətta, Azərbaycanda da namizədlərin ilkin seçkilərlə müəyyənləşdirilməsi ilk deyil. 2000-ci ildə Müsavat partiyası daxilində namizədlərin müəyyənləşdirilməsi üçün ilkin seçkilər keçirilib, 2005-ci ildə isə Azadlıq blokunda 6 dairə üzrə namizədlərin müəyyənləşdirilməsi üçün ilkin seçkilər olub. Bu bir eksperiment oldu. Ona görə də bu Azərbaycan siyasətçilərinə tanışdır və mən prinsip etibarı ilə bunu mümkün hesab edirəm. Amma bir daha əvvəl dediklərimə qayıtmaq istəyirəm ki, hal-hazırda diqqətin ölkədə köklü dəyişikliklərə cəlb olunmasında maraqlıyam, nəinki seçki müzakirələrinin aparılmasında.
Sual: Ölkədə köklü dəyişikliklər aparılması üçün müxalifət hansı hərəkətlərə baş vurmalıdır? Bir qayda olaraq, iqtidar müxalifətin dialoq təklifini qəbul etmir.
Cavab: Müxalifət ilk növbədə, Azərbaycan xalqının ən müxtəlif təbəqələrini təşkilatlanmağa, demokratik azadlıqlar uğrunda mübarizəyə qoşulmağa sövq etməlidir, həvəsləndirməlidir. Bütün narazı, zərərçəkmiş qüvvələrlə əməkdaşlığın yollarını axtarıb tapmalıdır və xalqı ruhlandırmaq üçün özü də güclənməlidir. Biz bunların hamısını dərk edirik və 2012-ci ildə bunların hamısını nəzərdə tutan ciddi fəaliyyət proqramımız olacaq.
Sual: Müxalifətin iqtidarın xarici siyasət kursundan fərqli görüşləri nədən ibarətdir? Çünki, 2011-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi səhnəsində hər hansı irəliləyiş baş vermədi və Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvü seçildi.
Cavab: Əvvəla, Azərbaycan hökumətinin bitkin bir xarici siyasəti yoxdur. Xarici siyasətin tək bir vəzifəsi var, sülalə hakimiyyəti üçün maksimum əlverişli zəmin əldə etmək. Azərbaycanın imici də, gerçək milli maraqları da, Qarabağın taleyi də Azərbaycanın mövcud xarici siyasətinin prioriteti deyil. Təsadüfi deyil ki, Azərbaycanın adını bədnam edib BMT-də qazandığımız yerdən Bəşər Əsəd kimi bəşəriyyətin düşməni olan, 5 mindən artıq dinc insanın qətlinə fərman vermiş bir diktatorun müdafiəsi üçün istifadə olunur. Biz isə Azərbaycanı Avroatlantik məkanda təsəvvür edirik, Avropa İttifaqına inteqrasiya olunmaq əsas siyasi xəttimizdir. Biz, Cənubi Qafqazın bütövlükdə bu məkana inteqrasiyasının tərəfdarıyıq. Hesab edirik ki, Azərbaycan və Ermənistan yalnız demokratikləşəndən və bu məkana inteqrasiya olunandan sonra Qarabağ münaqişəsinin nizamlanması mümkün olacaq. Avropaya inteqrasiya xətti irəli sürməklə yanaşı, açığı qonşularımızla da normal münasibətlərin tərəfdarıyıq. Bir sözlə, biz dünyada azadlığın, demokratiyanın yanındayıq, ölkəmizi azad ölkələr ailəsinə qoşmaq niyyətindəyik.
Müəllifdən: Azərbaycan iqtidarı ölkədə siyasi və iqtisadi sahədə islahatların müsbət nəticələrindən danışır. Ölkə rəsmiləri bir qayda olaraq demokratik, ədalətli və azad seçkilərin keçirildiyini, insanların siyasi fəaliyyətlərinə görə həbs edilmədiyini bəyan edir. Rəsmi Bakı xarici siyasət kursundan da məmnunluqla danışır. Bununla yanaşı, Dağlıq Qarabağ problemi ölkənin ən birinci problemi hesab edilir.