Accessibility links

Əli Kərimli: İctimai Palata ilk öncə demokratiyaya keçidi nəzərdə tutur


Əli Kərimli: İctimai Palata ilk öncə demokratiyaya keçidi nəzərdə tutur
Əli Kərimli: İctimai Palata ilk öncə demokratiyaya keçidi nəzərdə tutur

AXCP sədri müsahibəsində aşağıdakı məsələlərə toxunub: 2 aprel mitinqindən sonra əsası olmayan qondarma cinayət işi qaldırılıb. İctimai Palatanın sənədlərin götürülməsi birbaşa təzyiqdir, müxalifətin işinə mane olmaq cəhdidir. Müxalifət liderlərinin həbsi qeyri mümkün bir məsələ deyil.

AXCP sədri Əli Kərimli Amerikanın Səsi radiosuna müsahibəsində Müsavat Partiyasının qərargahında axtarış, İctimai Palatanın sənədlərinin istintaq orqanları tərəfindən götürülməsi, müxalifətin hökumətdən istədikləri, beynəlxalq birliyin müxalifətin aksiyalarına münasibəti, İctimai Palatanın kütləvi aksiyaları davam etdirəcəyindən danışıb.

Sual: İstintaq orqanı İctimai Palatanın sənədlərini götürüb və Müsavat Partiyasının qərargahında axtarış aparıb. Necə qiymətləndirirsiniz?

Cavab: Ümumiyyətlə, 2 aprel mitinqindən sonra əsası olmayan qondarma cinayət işi qaldırılıb. Bu cinayət işindən istifadə edilərək müxalifətin 12 nəfər tanınmış simaları həbs olunub. O cümlədən, yüzlərlə müxalifət fəalı şahid kimi istintaqa cəlb edilib, ifadələr alınıb. Bütün bunlar, o cümlədən dünən İctimai Palatanın sənədlərin götürülməsi birbaşa İctimai Palataya təzyiqdir, müxalifətin işinə mane olmaq cəhdidir. Bu həm də, onu göstərir ki, Azərbaycan hökuməti ölkədə İctimai Palatanın başladığı demokratiya uğrunda vətəndaş hərəkatının fəaliyyətindən narahatdır və onun qarşısını almaq üçün belə qeyri-qanuni üsullardan istifadə edir.

Sual: İctimai Palataya beynəlxalq diqqəti necə qiymətləndirirsiniz?

Cavab: Kifayət qədər yüksək qiymətləndirirəm. 2 aprel və 17 aprel mitinqlərindən sonra həm Avropa Birliyinin rəsmiləri, həm də Avropa Şurasının, ATƏT-in, Amerika Dövlət Departamentinin nümayəndələri xüsusi açıqlamalarla çıxış edib. Onlar sərbəst toplaşmaq azadlığının olmamasına, müxalifətçilərin dinc etiraz aksiyadan sonra həbs edilməsinə və bütövlükdə ölkədə hüquq və azadlıqların məhdudlaşdırılmasına etiraz edib. Eyni zamanda, bu dövrdə İctimai Palatanın rəhbərliyinin ATƏT-ə üzv ölkələrin diplomatları ilə geniş tərkibli görüşü olub. Bu da onun göstəricisidir ki, İctimai Palataya beynəlxalq ictimaiyyətin geniş marağı var. Son dövrlər, İctimai Palatanın keçirdiyi mitinqlər barədə beynəlxalq media çoxsaylı məqalələr dərc edib. Açığını deyim ki, İctimai Palatanın fəaliyyətinə, keçirdiyi aksiyalara geniş beynəlxalq diqqət var. Biz, bunun daha da çox olmasını istəyirik.

Sual: Bir sıra mətbuat orqanları müxalifət rəhbərlərinin, xüsusilə Sizin və Müsavat başqanı İsa Qəmbərin həbs ediləcəyi ehtimallarından yazır. Media bununla yanaşı, müxalifətin yığıncaqlarını keçirdiyi yeganə məkan olan Müsavat Partiyasının qərargahının alınacağını da diqqətə gətirir. Bütün bunlara baxışınız necədir?

Cavab: Əlbəttə, hökumət Azərbaycan xalqının rəyinə, dünya ictimaiyyətinin rəyinə tamamilə etinasızlıq göstərir. Nəzəri cəhətdən yanaşsaq, hökumət beynəlxalq davranış qaydalarını pozaraq belə bir addım ata bilər. Bu, qeyri mümkün bir məsələ deyil. Amma, hesab edirəm ki, bu, Azərbaycan hökumətinin kobud səhvi olar. Bir tərəfdən ölkənin daxilində narazılıqları daha da artırar və narazı xalqın özünün birbaşa hərəkətə keçməsinə gətirib çıxara bilər. Digər tərəfdən isə, Azərbaycan artıq beynəlxalq aləmdə Belorusla eyni sırada olar. Çünki, bu gün yalnız Belorus rəhbərliyi özünə icazə verib ki, belə bir qeyri populyar addım atsın, müxalifət liderlərini həbs etsin. İndi Belorusa qarşı çox ciddi beynəlxalq sanksiyalar var. Biz, həm də nəzərə almalıyıq ki, bir çox qeyri-demokratik ölkələrdə, hətta hərbi diktaturanın vaxtı ilə hökm sürdüyü Birmada, tamamilə totalitar bir sistem qurulmuş Misir kimi ölkədə, qeyri - demokratikliyi şübhə doğurmayan, qonşumuz İranda belə müxalifət liderləri həbs olunmayıb. Onlara qarşı, müxtəlif təzyiq formaları olub, ancaq müxalifət liderləri həbs edilməyib. Azərbaycan bu qədər qeyri-demokratik ölkələrin də rəva görmədiyi addımı özünə rəva görürsə, birmənalı şəkildə bu, Azərbaycan məsələsini dünya gündəminə gətirib çıxara bilər, ölkədə insan haqlarının vəziyyətinin həddindən artıq kritik olduğunu dünyanın gündəminə gətirər.

Sual: İctimai Palata Azərbaycan hökumətinin hansı islahatlar aparmasını istəyir? Hökumətə çağırışlarınız nədir?

Cavab: Bu suala daha ətraflı cavabı İctimai Palatanın növbəti sessiyasına verəcəyik. Bu sessiyada İctimai Palatanın platformasını müzakirəyə çıxarmışıq. Forumda İctimai Palatanın təsəvvür etdiyi islahatların fəlsəfəsi ilə bağlı bir sənəd təqdim edəcəyik. Bu islahatların əsas prinsiplərini anons edə bilərəm. İlk öncə demokratiyaya keçidi nəzərdə tuturuq. Ölkənin bütün hakimiyyət qolları azad və demokratik seçki yolu ilə formalaşdırılmalıdır. Birinci parlament seçkilərindən başlamaq niyyətindəyik. Bundan sonra, müstəqil məhkəmə hakimiyyətinin formalaşmasının, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, azad mətbuatın strukturlaşması və formalaşmasının, vətəndaşlar qarşısında məsuliyyətli hökumətin formalaşdırılmasının, ciddi iqtisadi islahatlar aparılmasının, korrupsiya ilə sözdə deyil əməldə mübarizənin, neft gəlirlərindən xalqın uzunmüddətli inkişafı üçün istifadə edilməsinin, monopoliyaların dağıdılması və onların yerində liberal bazar iqtisadiyyatı elementlərinin qurulmasının tərəfdarıyıq. Biz istəyirik ki, ölkədə ciddi sosial siyasət aparılsın. Neft pulları korrupsiya yolu ilə dağıdılmasın, pulların bir qismindən sosial vəziyyəti ağır olan insanların həyatını yaxşılaşdırmaq və qeyri-neft sektorunun inkişafı üçün istifadə edilsin. Ölkə dünyaya açılmalı və xarici sərmayələr üçün yaxşı şərait yaradılmalı, həm də daxili sərmayələr inkişaf etdirilməlidir. Biz, Azərbaycanı Avroatlantik məkanda görmək istəyirik, Avropa Birliyi və NATO ilə münasibətlər sürətlə yaxşılaşdırılmalıdır. Azərbaycan çox sürətlə Dünya Ticarət Təşkilatına daxil olmalıdır. Artıq, 20 ildir həlini gözləyən çoxsaylı islahatlar həyata keçirilməlidir. Bunların hamısı İctimai Palatanın təqdim edəcəyi sənədlər paketinə daxil edilib.

XS
SM
MD
LG