Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsi radiosuna müsahibəsində İrandakı Yaşıl Hərəkat və Azərbaycan müxalifətinin fəaliyyətində paralellər aparıb. Onun fikrincə, İran müxalifətinin milli proqramı ilə Azərbaycan müxalifətinin milli proqramı arasında fərqlər var. İranda yaşayan azərbaycanlılar demokratiya uğrunda bütün hərəkatları dəstəkləməlidir. Çünki İrandakı xalqlar yalnız demokratik sistemdə haqlarına qovuşa bilər.
Sual: Azərbaycan müxalifətinin fikrincə İranda Yaşıl Hərəkatın məğlubiyyət səbəbləri nədir?
Cavab: Yaşıl Hərəkat çox böyük demokratik hərəkatdır. İran hakimiyyətinin qəddar rəftarı və dünya birliyinin adekvat olmayan reaksiyası hərəkatın məğlubiyyətinə səbəb oldu. Görünür ki, ərəb inqilabları uzun müddət davam etdiyinə görə, dünya birliyi fikrini cəmləşdirə bildi, vahid mövqedən çıxış etmək üçün özündə güc tapdı və beynəlxalq media güclü dəstək verə bildi. Amma, çox təəssüf ki, İranda prezident seçkilərindən sonra Yaşıl Hərəkata dünyanın birmənalı dəstəyi olmadı. Mən, bunu səhv hesab edirəm. Hesab edirəm ki, o zaman dünya İranın demokratikləşməsində mühüm bir fürsəti qaçırdı. İranın demokratikləşməsi əslində bütün bəşəriyyətə lazımdır. Bütün dünyaya, o cümlədən də qonşularına İranın güclü demokratik dövlət olması çox vacibdir.
Sual: Beynəlxalq ekspertlərin fikrincə, Yaşıl Hərəkatın məğlubiyyətinin əsas səbəblərində biri də milli, etnik azlıqların tələblərini proqramlarında əks etdirməməsidir. Onların proqramları elektoratın bütün arzularını əhatə etməyib. Azərbaycan müxalifətinin proqramı ilə İran müxalifətinin proqramı arasında oxşar və fərqli cəhətlər nədir? Azərbaycan müxalifətinin proqramı əhalinin bütün arzularını özündə ehtiva edirmi? İranda necə idi?
Cavab: İcazə verin etiraz edim ki, etnik baxımdan İrandakı vəziyyətlə Azərbaycandakı vəziyyəti müqayisə etmək bir az qüsurludur. İranda etnik azlıq kimi təqdim olunanlar hələ bilmək olmaz ki, azlıqdır, yoxsa çoxluqdur. Bunlar əhalinin çox böyük bir qismidir. On milyonlarla insanlardan söhbət gedir. On milyonlarla azərbaycanlı, milyonlarla kürd, ərəb, bəluc İranda yaşayır. Əslində etnik ifadəsindən istifadə etmək də düzgün deyil. İranda digər xalqların mövqeyi həqiqətən çox həlledicidir. Mən təəssüflənirəm ki, Yaşıl Hərəkat farslar istisna olmaqla, digər xalqlar arasında uzlaşma nöqtəsini tapa bilmədi.
Eyni zamanda, İran müxalifətinin proqramında milli haqlar əksini tapmasa belə, bu ölkənin demokratikləşməsi milli haqları artıracaq. Digər xalqların öz haqları uğrunda mübarizə aparmaq hüququnu bərpa edəcək. Yeni hakimiyyət avtomatik olaraq digər xalqların hüquqlarını təmin etməsə belə, ən azı onların mübarizəsi üçün daha geniş meydan açılmasına şərait yaradacaq. Ona görə də, İranın dünyaya inteqrasiyası, demokratik dəyərlərin bərpası, ölkənin açıq olması orada yaşayan hər kəsin maraqlarına uyğundur. İstərdim ki, bunu həm Yaşıl Hərəkat, həm də bizim soydaşlarımız nəzərə alsın. Bir-birlərinə doğru qarşılıqlı addımlar atsınlar. Daha demokratik, daha mütərəqqi İranın olması üçün onların əməkdaşlığını məqsədəuyğun sayıram.
Azərbaycan gəldikdə, bizdə azsaylı xalqların nümayəndələri İrandakı qədər çox deyil. Amma, Azərbaycanda biz çox hörmətlə yanaşırıq ki, ölkəmizdə çoxlu sayda aborgen, yəni, tarixən burada yaşayan xalqlar var. Onların hüquqları bütün digər vətəndaşlarla bərabər qorunur. Baxmayaraq ki, bir sıra opponentlər Xalq Cəbhəsi hökumətini millətçi hökumət kimi təqdim etməyə çalışırdı. Amma, bizim hökumət milli azlıqlarla bağlı çox gözəl bir fərman imzalamışdı. O vaxt, dövlət katibi olarkən, şəxsən mən, 20-dən çox milli azlığın mədəniyyət mərkəzlərinə Bakı şəhərində ofis ayırtdırmışdım. Bizim hökumət milli azlıqların mədəniyyətinin, milli dillərinin, məktəblərinin, teatrlarının və başqa sahələrin inkişafı ilə bağlı böyük proqram qəbul etmişdi.
İndi də, Azərbaycan müxalifəti Avropa standartlarına uyğun demokratiya uğrunda çalışır. Bizim əsas hədəfimiz nəhayətdə, Avropa, Amerika standartlarına uyğun demokratiyanı bərqərar etməkdir. Yəni, bütün vətəndaş haqq və özgürlüklərinin təmin olunduğu, o cümlədən milli azlıqların, azsaylı xalqların nümayəndələrinin də, mən bu ölkənin tam hüquqlu vətəndaşıyam və mənim də bütün hamı kimi hüquqlarım qorunur deməsi, bizim əsas məqsədimizdir.
Avtoritar rejimlər hər zaman azsaylı xalqları şantaj edə bilir. Vaxtı ilə Gürcüstanda eyni şantajlarla burada yaşayan azərbaycanlılar üzləşmişdi. Guya, onların təhlükəsizliyini, yaşayışını Şevarnadze təmin edirdi. Şevarnadze hakimiyyətdən getsə azərbaycanlıların durumu daha ağır olacaqdı. Amma, Şevarnadze hakimiyyətdən getdi və məlum oldu ki, Gürcüstanda yaşayan xalqlar demokratik rejimdə daha güvənlidir, daha yaxşı yaşayır. Biz də fürsətdən istifadə edib, azərbaycanlıları Gürcüstan cəmiyyətinə daha dərindən inteqrasiya olunmağa ruhlandırırıq. Azərbaycanda demokratiya bərqərar olanda bütün xalqlar, o cümlədən də azsaylı xalqlar daha yaxşı yaşayacaq.
Sual: Bir sıra beynəlxalq ekspertlər ərəb inqilablarının İranda və MDB dövlətləri arasında Azərbaycanda davam edəcəyi ehtimallarından bəhs edir. Amma, Liviya dərsləri göstərir ki, ordu və polis siyasi olan ölkələrdə inqilabların qalib gəlməsi bəlkə də, mümkün deyil. Ekspertlər, eyni zamanda İranda və Azərbaycanda silahlı qüvvələrin siyasi olduğunu da yazır. Siz necə hesab edirsiniz?
Cavab: Liviyanın təcrübəsi çox acı bir nümunəni ortaya qoydu. Həddən artıq qəddar, xəstə təfəkkürlü bəzi liderlər hakimiyyətlərini itirməmək xatirinə vətəndaş müharibəsinə, vətəndaşının qanını tökməyə gedir. Əminəm ki, Liviyada Qəzzafi hakimiyyəti gedəcək, məğlub olacaq. Ona da əminəm ki, Qəzzafi və ətrafı həm də ciddi cəzalandırılacaq. Bu, həm də beyninin alt qatında hakimiyyətdə qalmaq üçün qan tökməyə belə hazır olduğunu düşünən, hər bir şəxs üçün də yaxşı bir dərs olacaq. İbrət olacaq ki, hətta qan tökmək də bu diktatorlara hakimiyyət vəd etmir. Çünki, dünyada artıq idarəetmə prinsipləri dəyişib. Yeni medianın inkişafı beynəlxalq siyasəti də dəyişib. Bizim demokratik saydığımız ölkələrin özündə belə, əsl demokratiya indi başlayıb. Nəyə görə? Çünki, indiyədək insanlar demokratiyadan seçkidən-seçkiyə istifadə edirdi. Sonra, seçkilərarası dövrdə seçilmiş adamlar öz mülahizələrinə əsaslanaraq qərar verirdi. Amma, bu gün verilən qərarlar hər an ictimaiyyətin gözü qarşısındadır və ictimaiyyətin tənqidi ilə üzləşir. Bu gün, hər hansı demokratik dövlətin lideri istəsə belə, Qəzzafini müdafiə edə bilməz. Məsələn, İtaliyanın lideri Berluskoni son zamanlaradək Qəzzafi ilə möhkəm dost idi.
Sual: Amma, Azərbaycanda hələ də Mübarəkin heykəli qalır?
Cavab: Axı, mən demokratik ölkə dedim. Azərbaycan hakimiyyəti, elə Mübarək rejiminə bənzər bir rejimdir. Hətta, Ərəb Ölkələri Liqası sanksiyalarla bağlı BMT-yə müraciət edib, Azərbaycanda bəzi rəsmilər hələ də Qəzzafini müdafiə edir. Azərbaycan rejiminin mahiyyəti budur.
Beynəlxalq ekspertlərlə mən razıyam. Baxmayaraq ki, Azərbaycanda polis siyasiləşib, ancaq xalq da siyasiləşib. Xalqımızın böyük bir hissəsi öz hüquqlarını bilir və dəyişikliklərə inanır. Son təcrübə də göstərdi ki, polisin və güc strukturlarının nümayəndələrinin mütləq əksəriyyəti həlledici məqamlarda xalqa əl qaldırmır. Ona görə də, Azərbaycanda ən pis nümunənin tətbiq olunacağına inanmıram.