Sual: İran rəsmiləri Tunis və Misirdə baş vermiş üsyanları İrandakı İslam inqilabından ilham almış hərəkatlar kimi qələmə verirlər. Onlar iddia edirlər ki, bu ölkələrin sakinləri İslam hökuməti qurmaq arzusundadırlar. Bu iddialar nə dərəcədə səmimidir? Siz onları etibarlı hesab edirsinizmi?
Cavab: Onların gözündə bunlar əslində İslam inqilablarıdır. İran rəhbərliyinin dünyagörüşünə əsasən 1979-cu ildə baş vermiş İslam inqilabı nəhəng sosial və dini oyanışa təkan verdi ki, bunun məqsədi ABŞ imperializminə qarşı çıxmaq idi. Lakin son 30 ildə İslam hakimiyyəti altında yaşamış çox sayda iranlılar tamamilə fərqli düşünür. Onlar Tunis, Misir və Bəhreyndəki üsyanları 2009-cu ildə İranda baş verənlərə oxşadırlar ki, burada başlıca tələb hökumətlərin daha şəffaf, cavabdeh olması və korrupsiyanın aradan qaldırılması idi. Yəni, belə görünür ki, İranda ərəb dünyasındakı inqilablarla bağlı iki fərqli baxış mövcuddur.
Sual: Şimali Afrikadakı inqilablar regionda siyasi atmosferə necə təsir göstərir? Siz qeyd etdiyiniz kimi, müxalifət liderləri Tunis və Misir üsyanlarının İranda 2009-cu ildə baş vermiş üsyandan ilham aldıqlarını iddia edirlər. İran liderləri bu inqilabların yayılacağından ehtiyat edirlərmi?
Cavab: Əlbəttə. İranda müxalifətçilər adi misirlilərin, sadə vətəndaşların küçələrə çıxaraq hökumətə bu qədər təzyiq qoymasından və nəticədə hökuməti çökdürməsindən ruhlanıblar. Hökumət də müxalifətin bu hadisələrdən ruhlandığını anlayır. Bu, müasir İran siyasətinə ərəb təsirinin göstəricisidir. Burada başlıca faktor ruhlanma olsa da, İran müxalifəti üçün Misirdəki hərəkatın sosial mediadan, Facebook, Twitter kimi sosial şəbəkələrdən yaradıcı istifadəsi bir örnək oldu. Misir müxalifətçiləri məhz bu vasitələrlə səfərbər oldular və hökumətin daha da şəffaf olmasına nail oldular. Müxalifət Misir hərəkatından dərslər öyrənir. Hökumət də bu dinamikanın fərqindədir.
Sual: Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin həbsi ilə İranda hazırkı durum nə dərəcədə gərgindir?
Cavab: Hazırda durum xeyli gərgindir. Zənnimcə sabah müxalifət yeni silsilə nümayişlərə çağırışlarla çıxış edəcək. Bunun böyük hissəsi Musəvi və Kərrubinin azadlığa buraxılması tələbi ilə əlaqədardır. Hazırda onlar barədə bir sıra məlumatlar dolaşır. Hökumət deyir ki, Musəvi v Kərrubi evlərində rahat oturublar, narahatlığa ehtiyac yoxdur. Müxalifət isə onların həbsdə olduğunu iddia edir. Həqiqət nədirsə, bu, İrandakı hərəkatı radikallaşdırır, insanları küçələrə axışmağa sövq edir, çünki onlar bu həbsləri ədalətsiz hesab edirlər.
Sual: Bəzi ekspertlər inanırlar ki, Tunis və Misirdə inqilabların müvəffəq olmasına səbəblərdən biri oradakı hökumətlərin xalqa atəş açmaqdan çəkinməsi idi. Lakin İran və Suriya kimi ölkələrdə bu, belə deyil. Müəyyən mənada məhz qəddarlıqlarına və xalqa qarşı zora əl atmaqdan çəkinmədiklərinə görə İrandakı kimi rejimlər sınaqların öhdəsindən gələcək. Sizin bu yanaşmanı bölüşürsünüzmü?
Cavab: Hesab edirəm ki, repressiya müəyyən rol oynayır. Amma onu da nəzərdə saxlamalıyıq ki, xalq narazılığı ilə üzləşən rejimlər fəndgir olmalıdırlar. Tunis və Misirdəkilərdən fərqli olaraq İran rəhbərləri 30 ildir ki, müxalifət qruplarına qarşı mübarizə aparır, və onlar bu mübarizədə müəyyən təcrübəyə yiyələniblər. İstər dini olsun, istərsə də dünyəvi, İran hökuməti tez-tez müxalifətçilər arasında agentlər yerləşdirməklə, onların arasına ixtilaf salmaqla müxalifəti parçalayır və insanları müxalifətdən uzaqlaşdırır. Əsas fərq buradadır. Düşünmürəm ki, təkcə repressiyaya arxalanmaqla hətta ən avtoritar rejimlər belə hakimiyyətdə qala bilər. Hökumətlərə müəyyən səviyyədə xalq gözündə legitimlik lazımdır. Və İran rəhbərliyi dəfələrlə nümayiş etdirib ki, o, lazımi məqamda hesablanmış ölçülər götürməklə özünə legitimlik qazana və hakimiyyətdə qala bilir.