Azərbaycan Müdafiə Nazirliyi Azərbaycanın Ermənistanla delimitasiya edilməmiş şərti sərhədində atəşəksəin pozulduğunu, Ermənistan Müdafiə Nazirliyi isə xəbərin həqəqətə uyğun olmadığını bildirir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, yanvarın 5-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə bir neçə dəfə atəşə tutub.
“Bildiririk ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb”, məlumatda qeyd edilir.
Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi Teleqram kanalında bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan Silahlı Qüvvələrinin Laçın istiqamətində mövqelərini atəşə tutması ilə bağlı xəbəri həqiqətə uyğun deyil.
“Xatırladaq ki, Ermənistan baş nazirinin ofisi atəşkəs rejiminin pozulması hallarını və yaxud onlar haqqında məlumatı araşdırmaq üçün Ermənistan-Azərbaycan birgə mexanizminin yaradılmasını təklif edib, lakin buna Azərbaycan hələ də cavab verməyib”, Ermənistan Müdafiə Nazirliyi qeyd edib.
İki ölkənin delimitasiya edilməmiş şərti sərhəddində sonuncu dəfə atəşkəsin pozulması 2024-cü ilin sentyabrına təsdadüf edir.
Hərbi ekspert Üzeyir Cəfərov Amerikanın Səsini bildirib ki, indiki anda atəşkəsin pozulması Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının bu günlərdə gözlənilən iclası ərəfəsində baş verib.
“Atəşkəsin pozulması bu görüşün pozulmasına yönəlib”, o qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin dekabrın 18-də Rusiya mediasına müsahibəsində deyib ki, "Sülh sazişi və Ermənistanın eyni vaxtda Azərbaycana qarşı silahlandırılması bir-birinə uyğun gəlməyən iki fərqli siyasətdir".
"Biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb", Əliyev qeyd edib.
O həmçinin razılaşdırılmayan iki maddənin nədən ibarət olduğunu da açıqlayıb.
"Onlardan biri bir-birinə qarşı beynəlxalq məhkəmə işlərindən çəkinməkdir. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin araşdırılmasını başa çatdırdıq. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, bir-birinə qarşı məhkəmə işlərindən əl çəkmək hər iki tərəf üçün qəbulediləndir", o bildirib.
Əliyev razılaşdırılmayan digər maddənin başqa ölkələrin nümayəndələrinin Azərbaycanla sərhəddə yerləşdirilməsinin olduğunu deyib.
Onun sözlərinə görə, "Avropa müşahidəçiləri pərdəsi altında Azərbaycanla sərhəddin Ermənistan tərəfində NATO infrastrukturu yaradılıb".
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin 15 maddəsinin razılaşdırıldığını Ermənistan da təsdiq edib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən il dekabrın 6-da deyib ki, əgər siyasi iradə olarsa, digər iki maddəni də razılaşdırıb, qısa zamanda sülh sazişini imzalamaq olar.
Bununla yanaşı Əliyev müsahibəsində Azərbaycan tərəfinin Ermənistandan istədiyi daha iki şərti də qeyd edib. Bunlardan biri rəsmi Bakının Yerevandan öz konstitusiyasını dəyişdirməyi tələb etməsidir. İlham Əliyev hesab edir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, ölkəsinin konstitusiyasında qonşu ölkələrə qarşı heç bir ərazi iddiası yoxdur.
İlham Əliyevin digər bir şərti də ATƏT-in Minsk qrupunun ləğvidir. O müsahibəsində deyib ki, bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil.
Bununla yanaşı Prezident Əliyev Yeni il müraciətində Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə Qərb dövlətlərinin mövqeyini tənqid edib.
“Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır”, o bildirib.
Əliyev hesab edir ki, Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü mümkün olan sülhü poza bilər.