Bayden Administrasiyası Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün səylərini sona qədər davam etdirəcək.
"Bu, əvvəlki kimi bu administrasiya və dövlət katibi Antoni Blinken üçün həyati əhəmiyyət kəsb edən sahədir və biz vəzifədə olacağımız son günə qədər bunun üzərində işləməyə davam edəcəyik", bu barədə dekabrın 19-da keçirilən ənənəvi brifinqdə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Turan agentliyinin sualına cavabda bildirib.
"Azərbaycan və Ermənistan sülh səyləri. Siz bu sülh səylərinə böyük sərmayə qoymusunuz. Və siz mənə dəfələrlə tribunadan dediniz ki, bu, Dövlət katibini şəxsən maraqlandıran mövzudur. Səylərinizin nəticəsiz qalması sizi nə dərəcədə məyus edir?" sualına Vedant Patel belə cavab verib.
"Biz məyusluqlar üzərində dayanmamağa çalışırıq və sadəcə olaraq öz işimizi davam etdiririk. Dövlət katibi Blinken həmişə deyir ki, bəhrəni görmək üçün günlərlə ciddi iş tələb olunur", 0 qeyd edib.
Bu il sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Dövlət Departamentinin yaydığı açıqlamaya əsasən, söhbətin diqqət mərkəzində Azərbaycanla Ermənistan arasında "dayanıqlı və şərəfli" sülhə doğru səylər olub.
Bundan öncə, sentyabrın 12-də ABŞ Dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. Telefon danışığı zamanı Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı və ləyaqətli sülhün vacibliyini bir daha təsdiqləyib. Dövlət katibi həmçinin tərəflər arasında son irəliləyişləri, o cümlədən sərhədlərin delimitasiyası tənzimlənməsinə dair razılaşmanı alqışlayıb.
Azərbaycan prezidenti İlham Əliyev isə daha öncə sazişin mətninin 80-90 faiz hazır olduğunu deyib, lakin Ermənistanın ərazi iddialarını aradan qaldırmaq üçün konstitusiyaya dəyişiklik etmədən onu imzalamağın mümkün olmadığını vurğulayıb.
Xatırlatma
Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə əldə olunan atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəçilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Tərəflər arasında hələ sülh sazişi imzalanmayıb, sərhədlər demarkasiya olunmayıb. Son illər sülh danışıqları həm Qərbin, həm də Rusiyanın vasitəçiliyi ilə aparılıb. Son zamanlar isə sülh danışıqları daha çox ikitərəfli formatda aparılır.
44 günlük müharibədə Azərbaycan tərəfdən 3 minə qədər hərbi qulluqçunun və 100 civarında mülki şəxsin həlak olduğu açıqlanıb.
Bu müharibədə Ermənistanın rəsmi qurumları onlar tərəfdən 4 mindən çox hərbi qulluqçunun itirildiyini bildirib.
Forum