Avropanın müxtəlif şəhərlərində həbsdə olan tədqiqatçı İqbal Əbilova dəstək ifadə edilib

Belqradda İqbal Əbilova dəstək aksiyası

Dekabrın 12-də Avropanın müxtəlif şəhərlərində, o cümlədən Vilnüs, Belqrad, Varşava və Portoda Azərbaycanda həbs edilmiş tədqiqatçı İqbal Əbilova dəstək məqsədli aksiyalar keçirilib.

Dostları və yaxınları 35-ci doğum gününü həbsdə qeyd edən İqbal Əbilovun azad edilməsinə çağırıblar.

Cümə axşamı İqbal Əbilovun Müdafiə Komitəsi tədqiqatçının işinə diqqət çəkmək məqsədi ilə canlı yayım təşkil edib, çıxış edənlər Əbilova dəstəklərini ifadə edərək onun azad edilməsinə dair çağırışlara qoşulublar.

Etnik talış olan, talış tarix və mədəniyyətini araşdıran İqbal Əbilov iyulun 22-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılıb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Noyabrın 19-da Səbail Rayon Məhkəməsi İqbal Əbilov barəsində seçilmiş həbs qətimkan tədbirini daha 4 ay uzadıb.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

DTX həbslə bağlı rəsmi açıqlama verməsə də, Azərbaycanın hökumətyönlü xəbər saytları Əbilov barəsində yazılar tirajlayaraq onu üçüncü ölkə ərazisində məskunlaşıb Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməklə dövlətə xəyanətdə, Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərdə təqsirləndiriblər.

Əbilov bu ittihamları rədd edib. Yaxınları hesab edir ki, İqbal Əbilov qondarma ittihamlarla saxlanılıb, onun təqib olunmasının səbəbi müxtəlif etnik azlıqlar, o cümlədən Azərbaycanda yaşayan talışlarla bağlı araşdırmalar aparmasıdır.

Yerli və beynəlxalq insan hüquqları təşkilatları da Əbilovun həbsinin siyasi motivli olduğunu vurğulayıblar. Bugünədək Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası da daxil olmaqla, çoxsaylı beynəlxalq təşkilatlar onun azad edilməsinə çağırıblar.

Rəsmi Bakı isə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edir.