Accessibility links

Varşavada tədqiqatçı İqbal Əbilova dəstək aksiyası keçirilib


Varşavada tədqiqatçı İqbal Əbilova dəstək aksiyası keçirilib.
Varşavada tədqiqatçı İqbal Əbilova dəstək aksiyası keçirilib.

Oktyabrın 9-da Polşanın paytaxtı Varşavada həbsdə olan tədqiqatçı İqbal Əbilova dəstək məqsədi ilə piket keçirilib.

ATƏT-in Varşava İnsan Ölçüsü konfransının keçirildiyi məkanın qarşısına toplaşan Əbilovun dostları və yaxınları Azərbaycan hakimiyyətini onu azad etməyə çağırıblar.

Etnik talış olan, talış tarix və mədəniyyətini araşdıran İqbal Əbilov iyulun 22-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılıb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur. Əbilov ittihamları rədd edib.

Bu gün ATƏT ölkələrində insan hüquqları və əsas azadlıqların vəziyyətinin təftiş edildiyi İnsan Ölçüsü konfransında İqbal Əbilovun işi barədə məlumat verilib.

Konfransın tolerantlıq, ayrı-seçkiliyə yol verilməməsi və milli azlıqlardan olan şəxslərin hüquqlarına həsr edilən plenar iclasında çıxış edən hüquq müdafiəçisi Zəhra Kalantari Əbilova qarşı irəli sürülən ittihamların qondarma və siyasi motivli olduğunu bildirib.

“İndi o, milli ədavətin qızışdırılması və dövlətə xəyanətdə ittiham olunur və hakimiyyət iddia edir ki, bu cinayətlər Ermənistan xüsusi xidmət orqanlarının göstərişi ilə həyata keçirilib. Bu ittihamlar siyasi motivli və əsassız görünür. Əbilovun əsl cinayəti isə, görünür, onun Azərbaycanda milli azlıqlar, o cümlədən talış xalqı ilə bağlı araşdırmalıdır”, hüquq müdafiəçisi vurğulayıb.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitunu (RATİ) təmsil edən Kalantari deyib ki, Əbilovun işi Azərbaycan hökumətinin milli azlıqların səslərini sistematik şəkildə boğduğunu və tənqidçiləri susdurmaq üçün məhkəmə sistemindən sui-istifadə etdiyini bir daha göstərir.

“Biz İqbal Əbilovun dərhal azad edilməsini tələb edirik və Azərbaycan hökumətini ona qarşı bütün siyasi motivli ittihamlara xitam verməyə çağırırıq. Mədəni müxtəlifliyi təşviq edənlərə, azlıqlarla bağlı araşdırma edənlərə qarşı təqiblərə son qoyulmalıdır. Əbilovun həbsi insan hüquqlarının açıq şəkildə pozulmasıdır”, Kalantari əlavə edib.

Azərbaycanda jurnalistlərə və fəallara qarşı artan təqiblər və həbslərlə bağlı çoxsaylı beynəlxalq çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər çağırışları qərəzli hesab edir, vətəndaşların bütün hüquq və azadlıqlarının qorunduğunu iddia edirlər.

Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG