Accessibility links

Strasburqda Azərbaycanda həbsdə olan tədqiqatçı İqbal Əbilova dəstək aksiyası keçirilib


Avropa Şurası qarşısında həbsdə olan tədqiqatçı İqbal Əbilova dəstək aksiyası
Avropa Şurası qarşısında həbsdə olan tədqiqatçı İqbal Əbilova dəstək aksiyası

Sentyabrın 30-da Fransanın Strasburq şərhərində azərbaycanda həbsdə olan tədqiqatçı İqbal Əbilova dəstək məqsədi ilə aksiya keçirilib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının açılış günü Avropa Şurası qərargahı qarşısında toplaşan İqbal Əbilovun dostları və həmkarları Azərbaycan hakimiyyətini Əbilovu azad etməyə çağırıblar.

İqbal Əbilovun həmkarı və keçmiş tələbə yoldaşı Yelena Karol bildirib ki, Əbilov sosial elmlər üzrə tədqiqatlar aparıb, talış diasporunun fəal üzvü olub, Azərbaycanda və İranda yaşayan talışların mədəniyyətini araşdırıb.

“Azərbaycan hakimiyyəti hesab edib ki, bu araşdırmalar hansısa formada Azərbaycan dövlətinin bütövlüyünə təhlükə yaradır və buna görə onu dövlətə xəyanətdə ittiham ediblər. Ancaq elm və elmi fəaliyyətin siyasətlə heç bir əlaqəsi yoxdur. Ona görə də Azərbaycan hakimiyyətini İqbal Əbilovu azad etməyə çağırırıq”, Karol qeyd edib.

Etnik talış olan, talış tarix və mədəniyyətini araşdıran İqbal Əbilov iyulun 22-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılıb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur. Əbilov ittihamları rədd edib.

Dostlarının fikrincə, ona qarşı ittihamlar tamamilə qondarma və siyasi motivlidir.

“İqbal öz fəaliyyətini tədqiqat üzərində qurub, etnik azlıqların mədəniyyətini və etnoqrafiyasını araşdırır. Onu həbs ediblər ki, fəaliyyətini, xüsusən də talış xalqı barəsində araşdırmalarını davam etdirməsin. O, Belarusda yaşayır və ömrünün cəmi 5-6 ilini Azərbaycanda yaşayıb. Onun dövlətə xəyanətdə ittiham edilməsi nəinki ədalətsiz, həm də absurddur”, Əbilovun aksiyada iştirak edən və adının çəkilməsini istəməyən dostlarından biri vurğulayıb.

Əbilov Belarusda böyüyüb və iyunun 14-də qohumunun toyunda iştirak etmək üçün Azərbaycana gəlib. Yaxınlarının verdiyi məlumata görə, iyunun 22-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Masallı rayon şöbəsinə çağırılaraq 6 saat dindirilib. İyunun 27-də Bakıdan Moskvaya gedərkən təyyarəyə buraxılmayıb, pasportu və telefonu əlindən alınıb.

İqbal Əbilovun atası Şahin Əbilov Meydan TV-yə bildirib ki, oğlu etnoqrafiya üzrə ixtisaslaşıb, Çindən Türkiyəyədək müxtəlif etnik qruplarla bağlı tədqiqatlar aparıb. O, həmçinin talış tarixi, talış dili ilə bağlı məqalələr yazıb. Repressiya qurbanı olmuş etnik talışların həyatına işıq tutub.

DTX Əbilovun işi ilə bağlı rəsmi məlumat yaymasa da, Azərbaycanın hökumətyönlü mediasında yayılan məlumatlara əsasən, o, Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, Azərbaycanda etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilir.

AŞPA-nın həftə boyu davam edəcək payız sessiyasında Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsi ilə bağlı müzakirələr keçiriləcək.

Forum

XS
SM
MD
LG