Avqustun 6-da Litvanın paytaxtı Vilnüsdə Azərbaycanda həbsdə olan fəal, tarixçi İqbal Əbilova dəstək məqsədi ilə piket keçirilib.
Azərbaycanın Vilnüsdəki səfirliyi qarşısına toplaşan piket iştirakçıları Azərbaycan hakimiyyətini təqibləri dayandırmağa və İqbal Əbilovu azad etməyə çağırıblar.
Etnik talış olan, talış tarix və mədəniyyətini araşdıran İqbal Əbilov iyulun 22-də saxlanılıb. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunaraq barəsində 4 alıq həbs qətimkan tədbiri seçilib. Əbilov ittihamları rədd edib.
Yaxınları hesab edir ki, İqbal Əbilov qondarma ittihamlarla saxlanılıb, onun təqib olunmasının səbəbi müxtəlif etnik azlıqlar, o cümlədən Azərbaycanda yaşayan talışlarla bağlı araşdırmalar aparmasıdır.
Əbilov Belarusda böyüyüb və iyunun 14-də qohumunun toyunda iştirak etmək üçün Azərbaycana gəlib. Yaxınlarının verdiyi məlumata görə, iyunun 22-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Masallı rayon şöbəsinə çağırılaraq 6 saat dindirilib. İyunun 27-də Bakıdan Moskvaya gedərkən təyyarəyə buraxılmayıb, pasportu və telefonu əlindən alınıb.
İqbal Əbilovun atası Şahin Əbilov Meydan TV-yə bildirib ki, oğlu etnoqrafiya üzrə ixtisaslaşıb, Çindən Türkiyəyədək müxtəlif etnik qruplarla bağlı tədqiqatlar aparıb. O, həmçinin talış tarixi, talış dili ilə bağlı məqalələr yazıb. Repressiya qurbanı olmuş etnik talışların həyatına işıq tutub.
2010-cu ildə Riqada qeydiyyatdan keçmiş talış tədqiqatçıları qrupu “Talış Milli Akademiyası”nın təsisçilərindən olan İqbal Əbilov, həmçinin, Talış Milli Akademiyasının xəbərləri adlı virtual jurnalın baş redaktoru olub.
Forum