İyulun 31-də Bakı Apellyasiya Məhkəməsində Belarusdan Azərbaycana gələn Azərbaycan vətəndaşı, talış tarixinin tədqiqatçısı İqbal Əbilovun həbsindən verilən şikayətə baxılıb. Əbilov ittihamları rədd edib.
"O bildirdi ki, elmi fəaliyyət və tədqiqatla məşğul olub. Əbilov ittihamı ümumiyyətlə başa düşmədiyini dedi", deyə vəkil Rövşanə Rəhimli qeyd edib.
Vəkil hesab edir ki, ittihamın maddi hüquqi əsası yoxdur və yalnız istintaqın subyektiv fərziyyələrinə əsaslanır. Rəhimli bildirib ki, Əbilovun hüquqlarının müdafiəsi və bərpası üçün bütün hüquqi addımlar atılacaq.
İqbal Əbilov iyulun 22-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.
Yaxınları hesab edir ki, İqbal Əbilov qondarma ittihamlarla saxlanılıb, onun təqib olunmasının səbəbi müxtəlif etnik azlıqlar, o cümlədən Azərbaycanda yaşayan talışlarla bağlı araşdırmalar aparmasıdır.
Əbilov 2010-cu ildə Riqada qeydiyyatdan keçmiş talış tədqiqatçıları qrupu "Talış Milli Akademiyası"nın təsisçilərindən biridir. Talış Milli Akademiyasının məqsədi talış dilini sosial-iqtisadi, tarixi, etnoqrafik, arxeoloji, ədəbi və linqvistik baxımdan öyrənmək və tədqiq etməkdir. İqbal Əbilov eyni zamanda "Talış Milli Akademiyası Xəbərləri"nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışla bağlı nəşr olunmamış tarixi sənədlər və ilkin tədqiqatçıların əvvəllər nəşr olunmamış əsərləri dərc olunduğu qeyd edilib.
Forum