Accessibility links

Talış tarixini araşdıran tarixçinin saxlanıldığı bildirilir


İqbal Əbilov
İqbal Əbilov

İyulun 22-də Belarusdan Azərbaycana gələn Azərbaycan vətəndaşı, etnik talış olan və talış tarixini araşdıran tarixçi İqbal Əbilovun Masallı rayonunun Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Əbilovun yaxınlarının verdiyi məlumata görə, o, uşaqlıqdan Belarusda yaşayır və iyunun 14-də qohumunun toyunda iştirak etmək üçün Azərbaycana gəlib. İyunun 22-də Dövlət Təhlükəsizlik Xidmətinin Masallı rayon şöbəsinə çağırılan Əbilov orada 6 saat dindirilib. Yaxınları bildirir ki, iyunun 27-də Bakıdan Moskvaya gedərkən o, təyyarəyə buraxılmayıb, pasportu və telefonu əlindən alınıb.

İyulun 22-də isə Əbilov pasportunun və telefonunun qaytarılması bəhanəsi ilə DTX-nin Masallı rayon şöbəsinə çağırılıb, lakin valideynlərinə məlumat verilmədən Bakıya aparılıb.

Valideynləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət etdikdən sonra onlara bildiriblər ki, Əbilov Cinayət Məcəlləsinin 283-cü (milli ədavət salma) və 274-cü (dövlətə xəyanət) maddələri ilə şübhəli bilinir. Səbail Rayon Məhkəməsinin qərarı ilə Əbilov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yaxınları hesab edir ki, İqbal Əbilov qondarma ittihamlarla saxlanılıb, onun təqib olunmasının səbəbi müxtəlif etnik azlıqlar, o cümlədən Azərbaycanda yaşayan talışlarla bağlı araşdırmalar aparmasıdır.

Əbilov 2010-cu ildə Riqada qeydiyyatdan keçmiş talış tədqiqatçıları qrupu "Talış Milli Akademiyası"nın təsisçilərindən biridir. Talış Milli Akademiyasının məqsədi talış dilini sosial-iqtisadi, tarixi, etnoqrafik, arxeoloji, ədəbi və linqvistik baxımdan öyrənmək və tədqiq etməkdir. İqbal Əbilov eyni zamanda "Talış Milli Akademiyası Xəbərləri"nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışla bağlı nəşr olunmamış tarixi sənədlər və ilkin tədqiqatçıların əvvəllər nəşr olunmamış əsərləri dərc olunduğu qeyd edilib.

Aidiyyəti qurumlar İqbal Əbilovun hansı səbəblərdən həbs olunması ilə bağlı açıqlama verməyib.

Forum

XS
SM
MD
LG