Accessibility links

İqbal Əbilov barəsində seçilmiş həbs qətimkan tədbiri uzadılıb


İqbal Əbilov
İqbal Əbilov

Noyabrın 19-da Səbail Rayon Məhkəməsi talış tarixinin tədqiqatçısı İqbal Əbilov barəsində seçilmiş həbs qətimkan tədbirini daha 4 ay uzadıb. Bu barədə onun vəkili Rövşanə Rəhimova məlumat verib.

Vəkilin sözlərinə görə, müdafiə tərəfi Əbilovun həbsdə saxlanılmasını və cinayət məsuliyyətinə cəlb olunmasını əsassız hesab edir.

“İqbal Əbilov özü də ona qarşı irəli sürülən ittihamları rədd edir. Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək. İttiham tərəfi vəsatəti işin mürəkkəbliyi, Əbilovun Azərbaycanda daimi yaşayış yerinin olmaması və istintaq orqanlarından qaçıb gizlənə bilmə ehtimalı həmçinin istintaqa hər hansısa təsir göstərə biləcəyi ilə əsaslandırdı. Biz də buna etiraz etdik, lakin təəssüf ki, bu, nəticəyə təsir göstərmədi.”, deyə, vəkil qeyd edib.

İqbal Əbilov iyulun 22-də saxlanılıb.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur. Dövlət Təhlükəsizliyi Xidməti tədqiqatçının həbsi ilə bağlı rəsmi məlumat yaymayıb.

Lakin yerli saytlarda yer alan iddialara görə, Əbilov üçüncü ölkə ərazisində məskunlaşıb xarici xüsusi xidmət orqanının tapşırıqlarını icra etməklə dövlətə xəyanətdə, Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərdə təqsirləndirilir.

Yaxınları hesab edir ki, İqbal Əbilov qondarma ittihamlarla saxlanılıb, onun təqib olunmasının səbəbi müxtəlif etnik azlıqlar, o cümlədən Azərbaycanda yaşayan talışlarla bağlı araşdırmalar aparmasıdır.

35 yaşlı Əbilov 2010-cu ildə Riqada qeydiyyatdan keçmiş talış tədqiqatçıları qrupu "Talış Milli Akademiyası"nın təsisçilərindən biridir.

Talış Milli Akademiyasının məqsədi talış dilini sosial-iqtisadi, tarixi, etnoqrafik, arxeoloji, ədəbi və linqvistik baxımdan öyrənmək və tədqiq etməkdir.

İqbal Əbilov eyni zamanda "Talış Milli Akademiyası Xəbərləri"nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışla bağlı nəşr olunmamış tarixi sənədlər və ilkin tədqiqatçıların əvvəllər nəşr olunmamış əsərləri dərc olunduğu qeyd edilib.

Əbilov Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə 2012-ci ildə bakalavr, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.

Forum

XS
SM
MD
LG