Accessibility links

İqbal Əbilov filminə görə aldığı mükafatı Azərbaycanın siyasi məhbuslarına həsr edib


İqbal Əbilov
İqbal Əbilov

Azərbaycanda həbs olunmuş talış tarixinin tədqiqatçısı İqbal Əbilovun "Fraqmentlər" adlı qısametrajlı filmi noyabrın 14-də İspaniyanın paytaxtında "Madrid Indie Film Festivalı"nda (MADRİFF) nümayiş etdirilib.

"Fraqmentlər" adlı qısametrajlı bədii film 2023-cü ildə çəkilib və süni intellekt mövzusuna həsr olunub. Filmdə bir-birinə aşiq olan iki androidin hekayəsindən bəhs edilir, onların gündəlik həyatından müxtəlif səhnələr əks olunur.

Filmi müəllifin qohumu, tanınmış stendapçı İdrak Mirzəlizadə təqdim edib və Əbilovun festival iştirakçılarına məktubunu oxuyub. Əbilov elmi və ictimai fəaliyyətinə görə həbsdə olduğu zaman onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirib.

"Ümid edirəm ki, ədalət tezliklə bərqərar olacaq, mənim günahsızlığım sübut olunacaq və azadlığa çıxaraq Madridə gedib festivalın bütün filmlərini izləyəcəyəm", deyə, Əbilov məktubunda qeyd edib.

Bundan öncə, Əbilovun filmi İtaliyada "Monza" beynəlxalq kino festivalında "Ən yaxşı elmi-fantastik film" nominasiyasında mükafat alıb.

Əbilov Monza festivalının mükafatını Azərbaycandakı bütün siyasi məhbuslara həsr etdiyini bildirib.

İqbal Əbilov iyulun 22-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Dövlət Təhlükəsizliyi Xidməti tədqiqatçının həbsi ilə bağlı rəsmi məlumat yaymayıb. Lakin yerli saytlarda yer alan iddialara görə, Əbilov üçüncü ölkə ərazisində məskunlaşıb xarici xüsusi xidmət orqanının tapşırıqlarını icra etməklə dövlətə xəyanətdə, Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərdə təqsirləndirilir.

Yaxınları hesab edir ki, İqbal Əbilov qondarma ittihamlarla saxlanılıb, onun təqib olunmasının səbəbi müxtəlif etnik azlıqlar, o cümlədən Azərbaycanda yaşayan talışlarla bağlı araşdırmalar aparmasıdır.

35 yaşlı Əbilov 2010-cu ildə Riqada qeydiyyatdan keçmiş talış tədqiqatçıları qrupu "Talış Milli Akademiyası"nın təsisçilərindən biridir. Talış Milli Akademiyasının məqsədi talış dilini sosial-iqtisadi, tarixi, etnoqrafik, arxeoloji, ədəbi və linqvistik baxımdan öyrənmək və tədqiq etməkdir.

İqbal Əbilov eyni zamanda "Talış Milli Akademiyası Xəbərləri"nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışla bağlı nəşr olunmamış tarixi sənədlər və ilkin tədqiqatçıların əvvəllər nəşr olunmamış əsərləri dərc olunduğu qeyd edilib.

Əbilov Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə 2012-ci ildə bakalavr, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.

Forum

XS
SM
MD
LG