"Scholars at Risk" (SAR) beynəlxalq akademik qurumlar şəbəkəsi Belarusdan Azərbaycana gələn Azərbaycan vətəndaşı, talış tarixinin tədqiqatçısı İqbal Əbilovun həbsi ilə bağlı narahatlığını bildirib.
Təşkilatın bəyanatında qeyd olunur ki, insan hüquqları qrupları 2024-cü ilin noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) ərəfəsində Azərbaycan hökumətə tənqidi yanaşan alimlər, jurnalistlər və aktivistlərə qarşı təzyiqlərin artırıldığını vurğulayırlar.
"Risk altında olan alimlər" (SAR) təşkilatı bildirir ki, Əbilovun həbsi onun Azərbaycandakı talış qrupu da daxil olmaqla, etnik azlıqların tarixinə və mədəniyyətinə dair araşdırmalarına və ermənistanlı alimlərlə əməkdaşlığına görə qisasdır:
"Dövlət orqanları zorakı olmayan və məsuliyyətli olan özünüifadəyə görə məhdudiyyətdən və ya qisasdan çəkinməlidirlər. Qurbana zərər verməklə yanaşı, özbaşına həbslər ümumilikdə akademik azadlığı və demokratik cəmiyyəti sarsıdır".
"SAR" Akademik Azadlığın Monitorinqi Layihəsi alimlər, tələbələr və akademik icmaların hüquqlarının müdafiəsini artırmaq, ictimai kampaniya yaratmaq və bu mövzuda məlumatlılığı artırmaq məqsədi ilə ali təhsil sahəsinə edilən hücumları araşdırır və hesabatlar hazırlayır.
İqbal Əbilov iyulun 22-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.
Dövlət Təhlükəsizliyi Xidməti tədqiqatçının həbsi ilə bağlı rəsmi məlumat yaymayıb. Lakin yerli saytlarda yer alan iddialara görə, Əbilov üçüncü ölkə ərazisində məskunlaşıb xarici xüsusi xidmət orqanının tapşırıqlarını icra etməklə dövlətə xəyanətdə, Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərdə təqsirləndirilir.
Yaxınları hesab edir ki, İqbal Əbilov qondarma ittihamlarla saxlanılıb, onun təqib olunmasının səbəbi müxtəlif etnik azlıqlar, o cümlədən Azərbaycanda yaşayan talışlarla bağlı araşdırmalar aparmasıdır.
35 yaşlı Əbilov 2010-cu ildə Riqada qeydiyyatdan keçmiş talış tədqiqatçıları qrupu "Talış Milli Akademiyası"nın təsisçilərindən biridir. Talış Milli Akademiyasının məqsədi talış dilini sosial-iqtisadi, tarixi, etnoqrafik, arxeoloji, ədəbi və linqvistik baxımdan öyrənmək və tədqiq etməkdir. İqbal Əbilov eyni zamanda "Talış Milli Akademiyası Xəbərləri"nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışla bağlı nəşr olunmamış tarixi sənədlər və ilkin tədqiqatçıların əvvəllər nəşr olunmamış əsərləri dərc olunduğu qeyd edilib.
Əbilov Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə 2012-ci ildə bakalavr, 2013-cü ildə isə magistraturasını bitirib. 2016-cı ildə həmin universitetin aspiranturasına daxil olub.
Forum