COP29 konfransı qabağı məhbusların aclıq aksiyasına başladığı bildirilir

Xeberman.com saytının həbsdə olan rəhbəri Polad Aslanov COP29 konfransı ərəfəsində siyasi məhbusların azad edilməsi tələbilə noyabrın 4-dən 1 saylı Cəzaçəkmə Müəssisəsində aclığa başlayıb. Bu gün 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan daha iki məhbus - Vəli Yaqubov və Ramal Hüseynov Polad Aslanovun aclıq aksiyasına qoşulub.

Aclıq edənlər özlərinin və digər siyasi məhbusların azadlığını tələb edir.

Polad Aslanovun həyat yoldaşı Gülmira Aslanova Amerikanın Səsinə bildirib ki, COP29 keçirən ölkədə siyasi məhbus olmamalıdır.

“Hakimiyyət iqlimin, təbiətin, ətraf mühitin, suyun qayğısına qalıb, eyni zamanda insan hüquqlarını poza bilməz", o qeyd edib.

Aslanovanın sözlərinə görə, "ya siyasi məhbuslar azad edilməli, ya da COP29 ləğv edilməlidir".

Ramal Hüseynovun anası Zübalə Hüseynova Amerikanın Səsinə bildirib ki, oğlu 2020-ci ildə həbs olunub və narkotik maddələrin qanunsuz satışı və qaçaqmalçılıq ittihamı ilə 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Ana oğlunun iki dəfə narkotikə görə mühakimə olunduğunu, ancaq bu dəfə heç bir təqsiri olmadığını iddia edib.

Vəli Yaqubovun yaxınlarının dediyinə görə, o, əsassız cinayət təqibinə və təqaüddən qanunsuz məhrum edilməsinə etiraz edir.

Xatırladaq ki, bundan öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon təşkilatının sədri Zamin Salayev oktyabrın 30-da saxlanıldığı Penitensiar Xidmətin Müalicə müəssisəndə aclığa başlayıb. O da COP29 konfransı ərəfəsində siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılmamasına etiraz edir.

Öz növbəsində, Penitensiar Xidmət Amerikanın Səsinin aclıq aksiyası ilə bağlı sorğusuna hələ cavab verməyib.

Xeberman.com saytının rəhbəri Polad Aslanov 12 iyun 2019-cu ildə İranın xeyrinə casusluq ittihamı ilə - Cinayət Məccələsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. O, 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Aslanov bütün ittihamları təkzib edir, xüsusi xidmət əməkdaşları arasında korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunduğunu bildirir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Beynəlxalq təşkilatlar Aslanovun həbsini pisləyib və onu azad etməyə çağırıblar.

Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.