Sentyabrın 25-də Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbinin görüşündə Azərbaycanda insan hüquqlarının durumu diqqət mərkəzində olub.
Ombudsman Aparatının məlumatında deyilir ki, görüş zamanı Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində son dövrdə həyata keçirdiyi fəaliyyət barədə məlumat verib.
“Görüş zamanı saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə Milli Preventiv Mexanizm çərçivəsində həyata keçirilən başçəkmələr, Ombudsmana müraciət üsulları barədə məlumat verilib, eləcə də məhkumların və onların ailə üzvlərinin müraciətləri əsasında Ombudsmanın ölkə Prezidentinə əfv təklifləri ilə müraciət etdiyi diqqətə çatdırılıb", xəbərdə qeyd edilir.
Ombudsman həmçinin işğal dövründə Azərbaycan torpaqlarında basdırılmış minaların keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıdışına, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə ciddi maneə yaratdığını bildirib.
"Birinci Qarabağ müharibəsində 4 minə yaxın vətəndaşımızın itkin düşdüyünü qeyd edən Səbinə Əliyeva ölkəmiz tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bir sıra vətəndaşımızın şəxsiyyətinin müəyyənləşdirilərək dəfn edildiyini, lakin digər itkin düşmüş şəxslərin taleyi barədə hələ də məlumat əldə olunmadığını diqqətə çatdırıb”, məlumatda qeyd edilir.
ABŞ səfriliyi isə X patformasında görüş barədə səfir Makr Libbiyə istinadən çox qısa bir məlumat yayıb.
“Ombudsman Səbinə Əliyeva ilə insan haqlarını müzakirə etmək üçün görüşməyimə şadam. Biz Azərbaycanı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq”, səfir Libbi qeyd edib.
Xatırladaq ki, son aylarda ABŞ Dövlət Departamenti, həmçinin Dövlət katibi Antoni Blinken, çoxsaylı senator və konqresmenlər Azərbaycanı inasan hüquqları sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməyə, haqsız yerə həbsdə olanların azad edilməsinə çağırıb.
ABŞ Dövlət kaitib Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışıqları zamanı bir daha Azərbaycanı insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməyə və haqsız yerə həbs olunanların hamısını azad etməyə çağırıb.
"O, Azərbaycanı bunu tez bir zamanda etməyə çağırıb”, Dövlət Departamüentinin mətbuat katibi Metyu Miller qeyd edib.
Azərbaycanın insan hüquq müdafiəçilərinin son hesabatına görə, ölkədə 319 nəfər siyasi məhbus var.
Azərbayacn hökuməti isə bir qayda olaraq beynəlxalq təndiqləri qəbul etmir və ölkədə insanların iradəsinə görə təqib edilmədiyini bəyan edir.