Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 5-də jurnalist Əfqan Muxtarlının Azərbaycan və Gürcüstana qarşı işi üzrə qərarını açıqlayacaq.
Məhkəmə işi hazırda Almaniyada yaşayan Muxtarlının 2017-ci ildə Gürcüstandan oğurlanması, pis rəftara məruz qalması, gizli şəkildə Azərbaycana gətirilərək həbs edilməsinə dair iddiaları ilə bağlıdır.
Muxtarlı baş verənlərin onu susdurmaq və jurnalist fəaliyyətinə görə cəzalandırmaq üçün edildiyini bildirir.
“Burda əsas məsələ mənim oğurlanmağım və qanunsuz həbsimə, eyni zamanda, məhkəmə və istintaq zamanı baş vermiş qanun pozuntularına AİHM tərəfindən hüquqi qiymətin verilməsidir”, Muxtarlı Amerikanın Səsinə deyib.
Jurnalist Gürcüstanla bağlı onun oğurlanmasından, pis rəftara məruz qalmasından, zorla Azərbaycana ötürülməsindən və müvafiq orqanların baş verənlərlə bağlı səmərəli araşdırma aparmamasından şikayət etdiyini qeyd edir.
Azərbaycana gəldikdə isə o, həbsinin və məhkəməyə qədər həbsdə saxlanmasının qanunsuz və əsassız olduğunu iddia edir.
Muxtarlıya görə, ona münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü, 5-ci, 8-ci, 10-cu, 13-cü və 18-ci maddələrinin pozuntusu baş verib.
Hərəkət azadlığı, əcnəbilərin ölkədən çıxarılması ilə bağlı prosessual təminat hüquqlarının da pozulduğunu iddia edən ərizəçi, faktiki olaraq, oğurlandığını və bununla Gürcüstan dövlətinin onun Konvensiyanın 3 və 5-ci maddələri ilə təminat altına alınan haqlarını pozduğunu iddia edir.
Əfqan Muxtarlı AİHM-in onun şikayət ərizəsinə müsbət cavab verəcəyini, bütün maddələr üzrə iddialarının təmin olunacağını hesab etdiyini bildirir.
“Bu tipli qərarların qəbul olunması yalnız maddi təzminat məsələsi deyil. Bu, Azərbaycan hakimiyyətini hüquqa və qanunvericiliyə əməl etməyə sövq etməlidir. Azərbaycan hökuməti hələ də həm dırnaqarası hüquqi, həm də illeqal yollarla xaricdə yaşayan jurnalist və fəallara qarşı təzyiqləri davam etdirir”, Muxtarlı vurğulayıb.
Bu yaxınlarda Gürcüstanda həbs edilən jurnalist Əfqan Sadıqovun işini xatırladan Muxtarlı deyir ki, Gürcüstan hökuməti indi Sadıqova qarşı ciddi qanun pozuntularına yol verir.
2017-ci ildə həbs edilən Əfqan Muxtarlı 2018-ci ilin yanvarında sərhədi qanunsuz keçmək, qaçaqmalçılıq və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittihamları altı il müddətinə azadlıqdan məhrum edilib
Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyıb.
Jurnalist 2020-ci il martın 17-də həbsdən azad edilərək dərhal Almaniyaya yola salınıb.
2022-ci ildə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həbsdə olan keçmiş rəis müavini Soso Qoqaşvili həbsxanadan yazdığı məktubda Əfqan Muxtarlının hakim Gürcü Arzusu partiyasının yaradıcısı Bidzina İvanişvilinin əmri ilə Tbilisidən oğurlandığını deyib.
Forum