Accessibility links

Gürcüstanda azərbaycanlı siyasi mühacirlərin təqib edildikləri bildirilir


Avtandil Məmmədov (Arxiv foto)
Avtandil Məmmədov (Arxiv foto)

Gürcüstanda fəaliyyət göstərən Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu (HAMİ) bu ölkədəki azərbaycanlı siyasi mühacirlərə təhdidlərlə bağlı bəyanat yayıb.

Sənəddə HAMİ rəhbəri Avtandil Məmmədov, Sərhədsiz Təqiblər və Repressiya Qurbanlarının Müdafiəsi Komitəsinin əməkdaşı Nuranə Aşurova və Müstəqil Reportyorlar Komitəsinin idarə heyətinin üzvü, jurnalist Bəhruz Əliyev Gürcüstanda naməlum şəxslər tərəfindən təzyiqlərə məruz qaldığı bildirilir.

"Nuranə Aşurovanın həyat yoldaşı Samir Aşurov siyasi baxışlarına görə təqiblərə məruz qaldığı üçün 2018-ci ildə Almaniyaya mühacirət edib. Lakin Aşurovlar ailəsi 2022-ci ildə Almaniyadan Azərbaycana deportasiya edilib və sonra Samir Aşurov Azərbaycanda həbs edilib. Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova ailəsinin və digər fəalların müdafiəsini təşkil etdiyinə görə Azərbaycanda təqiblərə və təhdidlərə məruz qalıb. Nuranə Aşurova təhdid və təqiblərə məruz qalmamaq üçün müvəqqəti olaraq Gürcüstan Respublikasına köçüb. Gürcüstana köçdükdən bir neçə həftə sonra Aşurova oktyabrın 15-də yaşadığı ərazidə naməlum şəxs tərəfindən izlənilib", bəyanatda deyilir.

Sənəddə Gürcüstanda Nuranə Aşurovanı izləyən şəxsin görüntüsü olduğu iddia edilən foto əlavə edilib.

Bundan başqa, həmin gün, oktyabrın 15-də Avtandil Məmmədov evdə olmadığı vaxtda, gecə saatlarında onun ailəsinin yaşadığı "mənzilin qapısı naməlum şəxslər tərəfindən bərkdən döyülüb və azyaşlı uşaqları qorxudulub. Hadisə baş verən zaman Nuranə Aşurova da azyaşlı uşaqları ilə birlikdə Avtandil Məmmədovun evində olub. Hadisədən bir neçə dəqiqə sonra Nuranə Aşurovanın Facebook hesabına saxta Facebook profili ilə təhdid mesajları daxil olub". Həmin təhdid mesajları olduğu bildirlən foto bəyanata əlavə edilib.

"Oktyabrın 15-dən 16-na keçən gecə Azərbaycanda məruz qaldığı təqiblərdən yaxa qurtarmaq üçün Gürcüstana gələn təşkilatın digər əməkdaşı, keçmiş siyasi məhbus hesab edilən, jurnalist Bəhruz Əliyev "Opel" markalı avtomobillə təqib edilib. Belə ki, bu zaman onun üzərinə "Opel" markalı avtomobil sürülüb və o, müvəqqəti yaşadığı ünvana qaçaraq hadisədən xilas olub. Təşkilatın əməkdaşı jurnalist Bəhruz Əliyev Gürcüstanda təqiblərə məruz qaldığı üçün oktyabrın 17-də Gürcüstanı tərk etməli olub", sənəddə qeyd edilir.

Bundan sonra oktyabrın 16-da gecə saatlarında Hüquq və Azadlıqların Müdafiə İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Avtandil Məmmədova məxsus Facebook profilinin messencer bölməsinə "təhdid mesajı daxil olub".

Avtandil Məmmədov bildirib ki, əvvəllər də həmin saxta profildən təhdid mesajları alıb. İlkin mesaj və sonrakı təhdid mesajları bəyanata əlavə edilib.

Oktyabrın 17-də səhər saatlarında Avtandil Məmmədovun həyat yoldaşı uşaqları məktəbə apararkən "avtomobillə naməlum şəxslər tərəfindən təqib edilib. Təqib edən şəxs Avtandil Məmmədovun həyat yoldaşı və uşaqlarını, yaşadığı ərazidən məktəbə qədər təqib edib".

Xatırladaq ki, 2017-ci ildə Gürcüstanda mühacirətdə olan jurnalist Əfqan Muxtarlı əvvəl təqib olunub, sonra saxlanılaraq Azərbaycana gətirilərək mühakimə olunub.

Bu bəyanata hələ Gürcüstanın və Azərbaycanın rəsmi qurumları münasibət bildirməyib.

Forum

XS
SM
MD
LG