Accessibility links

Avtandil Məmmədov: Ailəmin tezliklə təhlükəsiz ölkəyə köçürülməsinə kömək edin


Avtandil Məmmədov
Avtandil Məmmədov

Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı olan hüquq müdafiəçisi Avtandil Məmmədov iyunun 25-də 3000 lari (1200 ABŞ dolları) girov ödədikdən sonra azadlığa buaxılıb.

Bu barədə Avtandil Məmmədovun özü Amerikanın Səsinə bildirib.

Hüqüq müdafiəçisnin ailəsinin girovu ödəmək imkanı olmadığından, vəsaiti onun dostları və kollektivi toplayıb.

Bu il iyunun 19-da Gürcüstanın Kvemo-Kartli Regionunun Marneuli rayon Məhkəməsi Məmmədovun 3000 lari girov müqabilində azadlıqa buraxılması barədə qərar qəbul edib.

O bildirib ki, Gürcüstan prokurorluğu girov müqabilində azadlığa buraxılmasının əleyhinədir. Bu səbəbdən hüquq müdafiəçisinin həbsdə saxlanılması üçün protest verib.

Dövlət ittihamçısı həbsdə saxlanılmağım üçün məhkəmə qərarından apellyasiya məhkəməsinə protest verib.

“Mənim ekstradisiyam ilə bağlı Azərbaycanın müraciəti məhkəmədə baxıldı. Məhkəmə mənim ictimai-siyasi fəaliyyətimi nəzərə alaraq, sübutları məhkəməyə təqdim etməyim üçün 3000 lari girov müqabilində 3 aylıq müddətə azadlığa buraxılmağım barədə qərar qəbul etdi. Dövlət ittihamçısı bununla razılaşmadı, həbsdə saxlanılmağım üçün məhkəmə qərarından apellyasiya məhkəməsinə protest verib. Mən də dövlət ittihamçısının protestinə qarşı girovsuz azadlığa buraxılmağım üçün apellyasiya məhkəməsinə protest vermişəm,” hüquq müdafiəçisi qeyd edib.

Avtandil Məmmədov 8 günlük həbs müddətinin 4 günündə psixoloji təzyiqlərə məruz qaldığını deyib.

6 saylı Rustavi qapalı həbsxanasında Avtandil Məmmədova verilən kibrit (Fotonu Məmmədov təqdim edib)
6 saylı Rustavi qapalı həbsxanasında Avtandil Məmmədova verilən kibrit (Fotonu Məmmədov təqdim edib)

“Həbsimin ilk dörd gününü Gildani təcridxanasında saxlanıldım. Təcridxanada kifayət qədər problemlər olsa da mənə qarşı münasibət normal idi. Həbsimin ilk dörd günündə hər hansı qeyri-insani rəftarla rastlaşmadım. Dödüncü günü Gildani təcridxanasında müstəniq vəkilimlə birgə mənimlə görüşdü. Mənə bir neçə sual verdi. Hansı ki, o suallar ilkin olaraq verilmişdi və cavab vermişdim. Əsas sual o idi ki, könüllü ekstradisiya olunmağımı istəyirəmmi? Həmin anda bu sualı artıq cavablandırdığımı bildirdim. Bu görüşdən sonra öncədən heç bir məlumat verilmədən məni Gildani təcridxanasından çıxararaq 6 saylı Rustavi şəhər qapalı həbsxanasına köçürdülər. Orada təkadamlıq kameraya yerləşdirdilər. Salındığım kamerada 4 videokamera vasitəsi ilə müşahidə edilirdim. Orada mənə psixoloji işgəncələr verirdilər. Siqaret vermirdilər, telefon danışğım məhdudlaşırıldı, qapalı həbsxanaya köçürülməyimlə bağlı vəkilimi məlumatlandırmağıma imkan vermədilər, həbsxana rəisinə müraciətim qəbul edilmədi, yuyunmaq üçün sabun vermirdilər, kibrit vermirdilər, ya da dənələri qırıb verirdilər, o da yanmırdı. Bütün bunlar mənim könüllü ekstradiisya ilə bağlı suala mənfi cavabımdan sonra baş verib,” Məmmədov Amerikanın Səsinə bildirib.

Avtandil Məmmədov uşaqları ilə birgə (Fotonu Məmmədov təqdim edib)
Avtandil Məmmədov uşaqları ilə birgə (Fotonu Məmmədov təqdim edib)

Hüquq müdafiəçisi hazırda ictimai-siyasi fəaliyyətinə görə ölkəni tərk etməyə məcbur olduğu barədə maddi sübutları məhkəməyə təqdim etmək üçün hazırladığını deyib.

Orada təkadamlıq kameraya yerləşdirdilər. Salındığım kamerada 4 videokamera vasitəsi ilə müşahidə edilirdim. Orada mənə psixoloji işgəncələr verirdilər.

“Mənə qarşı Azərbaycanın Quba rayon Polis Şöbəsində 2017-ci ildə Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq) maddəsi ilə cinayət işi qaldırılıb. Bu məndən qisas almaq üçün edilib. Qisasın məqsədi İşgəncələrə qarşı Komitəinin sədr müavini olarkən hüquq mühafizə orqanlarının əməkdaşlıq təkilifi ilə razılaşmamağımdır. 2015-2016-ci illərdə hüquqi şəxs yaratmadan hüquq xidməti sahəsində fəaliyyətim əsasında məhkəmələrdə etibarnamə ilə təmsil etdiyim şəxslərə təzyiq edərək onlardan guya artıq pul almağımla bağlı əleyhimə ifadə alıblar və bunun əsasında barəmdə cinayət işi qaldırıblar. Diplomatik korpuslara müraciət edərək hüquqlarımı müdafiə etmələrini xahiş edirəm,” o qeyd edib.

Hüquq müdafiəçisi Gürcüstanda siyasi sığınacaq almaq üçün 2017-ci ildə müraciət edib.

Avtandil Məmmədov Gürcüstanda aksiya keçirərkən
Avtandil Məmmədov Gürcüstanda aksiya keçirərkən

“Hazırda Gürcüstanda müraciətimə baxış davam edir. Gürcüstanı artıq təhlükəli ölkə hesab edirəm. Bu səbəbdən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından xahiş edirəm ki, mənim 2017-ci ildə etdiyim müraciətə baxışı sürətləndirsinlər və ailəmin tezliklə təhlükəsiz ölkəyə köçürülməsinə kömək etsinlər. Eyni zamanda, Gürcüstandakı diplomatik nümayəndəliklərdən, hüquq müdafiə təşkilatlarından kömək etmələrini xahiş edirəm,” Məmmədov deyib.

2017-ci ildən Gürcüstandan sığınacaq istəyən və orada yaşayan hüquq müdafiəçisi Avtandil Məmmədov 2019-cu il iyunun 17-də yerli polis tərəfindən saxlanılıb.

Belə ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Gürcüstan Daxili İşlər Nazirliyinə göndərdiyi məktub əsasında Məmmədov barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.

Bu zaman Gürcüstanın hüquq-müdafiə təşkilatları Avtandil Məmmədovun hüquqlarının müdafiəsinə qoşulub. Gürcüstan İnsan Hüquqları Evinin tutduğu vəkil Rusudan Mçedlişvili onun hüquqlarını müdafiə edib.

Gürcüstanı artıq təhlükəli ölkə hesab edirəm. Bu səbəbdən BMT-nin Qaçqınlar üzrə Ali Komissarsığından xahiş edirəm ki, mənim 2017-ci ildə etdiyim müraciətə baxışı sürətlkəndirsinlər və ailəmin tezliklə təhlüksəiz ölkəyə köçürülməsinə kömək etsinlər.

İyunun 19-da Gürcüstanın Kvemo-Kartli Regionunun Marneuli rayon Məhkəməsi Azərbaycan vətəndaşı Avtandil Məmmədovun 3000 lari (1200 ABŞ dolları) girov müqabilində azadlıqa buraxılması barədə qərar qəbul edib.

Avtandil Məmmədov 2008-ci ildən Azərbaycanda QHT-lərdə çalışıb. O, bir müddət İşgəncələrə Qarşı Azərbaycan komitəsinin Şimal bölgəsi üzrə nümayəndəsi, daha sonra sədr müavini olub.

O, 2011-ci ildən Helsinki Vətəndaş Assambleyasinin Azərbaycan Milli Komitəsinin Quba-Xaçmaz rayonları üzrə təmsilçisi olub.

Məmmədov 2015-ci il parlament seçkiləri zamanı bitərəf vətəndaşların seçkilərini müşahidə məqsədi ilə “Şimal müstəqil seçki müşahidə qrupu” təsis edib.

Məmmədov bir neçə dəfə polisdə dindirildikdən və təzyiqlərə məruz qaldıqdan sonra 2017-ci ilin yazında mühacirətə getdiyni bildirib.

O, 2018-ci ilin oktyabrında Gürcütanda “Hüquq və Azadlıqların Müdafiə İnstitutu” (HAMİ) adlı hüquq-müdafiə təşkilatı yaradıb. Təşkilat Gürcüstanda dövlət qeydiyyatına alınıb, Tbilisi şəhərində fəaliyyət göstərir.

Avtandil Məmmədov mühacirətdə olduğu zaman onun ailə üzvləri Azərbaycanda dəfələrlə polisdə dindirilib.

Azərbaycan hüquq mühafizə orqanları Avtandil Məmmədovun Gürcüstanda saxlanılması ilə bağlı hələ məlumat yaymayıb. Onun Cinayət Məclləsinin hansı maddəsi ilə ittiham edildiyi barədə də indiyədək rəsmi məlumat verilməyib.

Gürcüstan hüquq mühafizə orqanları da hələ Məmmədovun dediklərinə şərh verməyib.

XS
SM
MD
LG