Accessibility links

Azərbaycanlı hüquq müdafiəçisi Gürcüstanda həbs edilib


2017- ci ildən Gürcüstandan sığınacaq istəyən və orada yaşayan ictimai fəal Avtandil Məmmədov yerli polis tərəfindən saxlanılıb.

Mühacirətdə olan Daşqın Ağalarlı Amerikanın Səsinə bildirib ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Gürcüstan Daxili İşlər Nazirliyinə göndərdiyi iki məktub əsasında Avtandil Məmmədov barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib. O, 72 saatdan sonra məhkəmə qarşısına çıxarılacaq.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Avtandil Məmmədov
Avtandil Məmmədov

“Gürcüstan polisi bu gün, iyunun 17-də Tbilisi vaxtı ilə saat 11 radələrində onun Marneuli rayonunda yaşadığı evə gələrək həbs olunduğunu bildirb və qoluna qandal keçirərək Kvemo-Kartli Polis İdarəsinə aparıb. Hazıra orada polisdə saxlanılır. Avtandil Məmmədov həbs edilərkən polis ona bildirib ki, Azərbaycan Daxili İşlər Nazirliyinin birinci məktubu onun barəsində Azərbaycanda qaldırılmış cinayət işi barəsindədir. İkinci məktubda isə iki ölkə arasında mövcud olan hüquqi yardım haqqında müqaviləyə əsasən onun ekstradsiya olunması xahiş edilir,” Daşqın Ağalarlı qeyd edib.

Onun sözlərinə görə, Gürcüstan hüquq-müdafiə təşkilatları artıq Avtandil Məmmədovun hüquqlarının müdafiəsinə qoşulub.

“Bu saatlarda Gürcüstan İnsan Hüquqları Evinin tutduğu vəkil Rusudan Mçedlişvili xanım Kvemo-Kartli Polis İdarəsinə gəlib. O, ya bu gün, ya da sabah Məmmədovla görüşəcək”, Ağalarlı Amerikanın Səsinə deyib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, Avtandil Məmmədovun Azərbaycana təhvil verilməsi təhlükəlidir.

O burada işgəncəyə məruz qala və həbs oluna bilər. Çünki xeyli vaxtdır ki, Avtandil Məmmədov axtarışdadır.
Oqtay Gülalıyev, hüquq müdafiəçisi

“O burada işgəncəyə məruz qala və həbs oluna bilər. Çünki xeyli vaxtdır ki, Avtandil Məmmədov axtarışdadır. Onu polis dəfələrlə ölkəyə və polis orqanlarına dəvət etsə də, həbs təhlükəsinə görə gəlməyib. Buna görə onun yaşlı anası başda olmaqla bir çox qohumlarıı dəfələrlə polisə çağırılıb, təzyiqlərə məruz qalıb. Eyni zamanda onun başqa bir qohumu 2018- ci il Gəncə hadisləri ilə bağlı qətlə yetirilib. Biz Gürcüstan tərəfini beynəlxalq hüquq normalarına riayət edərək azərbaycanlı siyasi qaçqın Avtandil Məmmədovu Azərbaycana təhvil verməməyə, yerli və beynəlxalq hüquq müdafiəçilərini isə onu ciddi şəkildə müdafiə etməyə çağırırıq! Gəlin, Əfqan Muxtarlı olayından sonra növbəti belə bədnam hərəkətin təkrarlanmasına imkan verməyək!”, Oqtay Gülaıyev Facebook səhifəsində yazıb.

Avtandil Məmmədov 2008-ci ildən Azərbaycanda QHT-lərdə çalışıb. O, bir müddət İşgəncələrə Qarşı Azərbaycan komitəsinin Şimal bölgəsi üzrə nümayəndəsi, daha sonra sədr müavini olub.

O, 2011-ci ildən Helsinki Vətəndaş Assambleyasinin Azərbaycan Milli Komitəsinin Quba-Xaçmaz rayonları üzrə təmsilçisi olub.

Məmmədov 2015-ci il parlament seçkiləri zamanı bitərəf vətəndaşların seçkilərini müşahidə məqsədi ilə “Şimal müstəqil seçki müşahidə qrupu” təsis edib.

Məmmədov bir neçə dəfə polisdə dindirildikdən və təzyiqlərə məruz qaldıqdan sonra 2017-ci ilin yazında mühacirətə getdiyni bildirib.

2018-ci ilin oktyabrında Gürcütanda “Hüquq və Azadlıqların Müdafiə İnstitutu”(HAMİ) adlı hüquq-müdafiə təşkilatı yaradıb. Təşkilat Gürcüstanda dövlət qeydiyyatına alınıb, Tbilisi şəhərində fəaliyyət göstərir.

Avtandil Məmmədov mühacirətdə olduğu zaman onun ailə üzvləri dəfələrlə polisdə dindirilib.

Azərbaycan hüquq mühafizə orqanları Avtandil Məmmədovun Gürcüstanda saxlanılması ilə bağlı hələ məlumat yaymayıb. Onun Cinayət Məclləsinin hansı maddəsi ilə ittiham edildiyi barədə də indiyədək rəsmi məlumat verilməyib.

XS
SM
MD
LG