Accessibility links

Cəmil Həsənli: Ehtimallarla vətəndaşı güllələmək antikonstitusyon hərəkətdir


Tapança
Tapança

Dünən Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğun mətbuat xidmətləri avqustun 28-də Xaçmaz rayonu ərazisində radikal dini ekstremist qrupun üzvü Nizami Nəcəfov təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq avtomat silahdan atəş açaraq müqavimət göstədiyinə görə öldürülməsi ilə bağlı məlumat yayıb.

Məlumat sosial şəbəkələrdə müzakirələrə yol açıb. Xüsusilə iyulun 3-də və 10-da Gəncə şəhərində icra hakimiyyəti başçısına və polis əməkdaşına qarşı sui-qəsd, iki yüksək rütbəli polis zabitinin öldürülməsindən sonra 60-dan çox insanın həbsi, həmçinin 6 vətəndaşın öldürülməsi ətrafında ictimai müzakirələr davam etməkdədir.

Fariz Namazlı
Fariz Namazlı

Xaçmazda Nizami Nəcəfovun öldürülməsi ilə bağlı xəbərə münasibət bildirən vəkil Fariz Namazlı facebook səhifəsində yazır ki, 2014-cü ildə Qubadan 3 nəfər həbs edilmişdi, 2 qardaş və bir bacanaq. Nəcəfov Nizami Adil oğlu, Vəfadar və Vəfanur Məmmədovla birlikdə adam oğurluğuna hazırlıq və mütəşəkkil dəstə tərəfindən silah saxlamağa görə həbs edilərək 7-8 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Apellyasiya Məhkəməsi adam oğurluğuna hazırlıq maddəsinin 4 bəndi üzrə bəraət verdi, cəzanı 3 ilə endirdi. İndi də həmin Nizami Nəcəfov silahlı dəstə üzvü kimi öldürülüb”, vəkil qeyd edib.

Fariz Namazlı Vəfadar Məmmədovun vəkili olub.

Xatırladaq ki, Nizami Nəcəfov və Vəfanur Məmmədov, onun qardaşı Vəfadar Məmmədov 2014-cü ilin yanvarında keçmiş Milli Təhlükəsizliok Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 228.2.1-ci (bir qrup şəxs tərəfindən qanunsuz silah və döyüş sursatı saxlanılması) və 144.2.3 və 144.2.6-cı (bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olmaqla insan oğurluğu) maddələrilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəfanur Məmmədov 6 il 6 ay, Vəfadar Məmmədov 7 il, Nizami Nəcəfov 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2017-ci ilin yanvarında Sumqayıt Apellyasiya Məhkəməsi hakim Nazim Mövsümovun sədrliyi ilə Vəfanur Məmmədovun cəzasını 3 ilə, Vəfadar Məmmədovun cəzasını 3 il 6 aya qədər azaldıb. Nizami Nəcəfov isə apellyasiya şikayətindən imtina etdiyi üçün onun şikayətinin araşdırılmasına xitam verilib.

Sonradan Nizami Nəcəfov yenidən apellyasiya şikayəti verib və Sumqayıt Apellyasiya Məhkəməsi Nəcəfovun da üzərindən 144.2.3 və 144.2.6-cı (bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olmaqla insan oğurluğu) maddəsi ilə ittihamı götürüb. Nizami Nəcəfov 2017-ci ilin yazında azadlığa buraxılıb.

Yaxınları hər üç şəxsin həbsinin facebook səhifəsində keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı təhqiredici status paylaşdıqdan sonraya təsadüf etdiyini bildirib.

Avtandil Məmmədov
Avtandil Məmmədov

“2014-cü il yanvarın 2-də Nizami Nəcəfov facebook səhifəsində Eldar Mahmudovun şəklinin üzərinə təhqiredici status yazaraq paylaşmışdı, Vəfanur Məmməfov həmin statusa şərh yazmışdı. Yanvarın 4-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Nizami Nəcəfov və Vəfanur Məmmədovu həbs etdilər. Yanvarın 7-də isə Vəfadar Məmmədovu mənim yanımda həbs etdilər”, hazırda mühacirətdə olan hüquq müdafiəçisi Avtandil Məmmədov Amerkanın Səsinə bildirib. O Vəfadar və Vəfanur qardaşlarının əmisi oğludur.

Eldar Mahmudov 2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Nazirliyin çoxsaylı yüksək vəzifəli şəxsləri ağır cinayətlərdə ittiham edilərək həbs olunub.Nazirliyin özü də ləğv edilib, əvəzində Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat xidmətləri yaradılıb.

Müxalifətdə olan Milli Şuranın sədri Cəmil Həsənli facebook səhifəsində son zamanlar hüquq-mühafizə orqanları əməliyyat keçirərkən vətəndaşların öldürülmə hallarına diqqət çəkir və bunun qanunvericiliyə zidd olduğunu bildirir.

Cəmil Həsənli
Cəmil Həsənli

“Deməli bu gün Xaçmaz rayonunda Nizami Nəcəfov adlı Azərbaycan vətəndaşının məhv edilməsi, yəni güllələnməsi barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatı yayılıb. Birgə məlumatda Nəcəfovun dini ekstremist qrupun üzvü olduğu, silah-sursat və partlayıcı maddələr əldə edərək ölkənin şimal rayonlarında terror aktı törətmək planlaşdırdığı bildirilir. Əgər məlumat doğrudursa bir nəfər terroristi tərksilah etmək, onu sağ ələ keçirmək DTX-nin xüsusi əməliyyat qrupu üçün niyə bu qədər çətin olmalıdır? Axı dövlət terroristlə terrorist kimi rəftar etməməlidir. Axı iddia edilən terrorist sağ ələ keçirilsəydi, ondan üzvü olduğu qrupu fəaliyyəti ilə bağlı daha mühüm məlumatlar almaq daha yaxşı olmazdımı? Bir də hansı istintaq, hansı məhkəmə müəyyən edib ki, Nizami Nəcəfov terroristdir və ölkənin şimal rayonlarında terror aktı həyata keçirməliymiş? Məsələ burasındadır ekstremist, terrorçu, islamçı dini qruplaşmanın üzvü adı altında Azərbaycan vətəndaşlarının belə əməliyyatlarda güllələnib öldürülməsi son vaxtlar adı hal alıb. Nizami Nəcəfov son 6 həftədə DTX və DİN orqanları tərəfində güllələnərək öldürülən 6-cı Azərbaycan vətəndaşlarıdır. Sübut olunmayan ehtimallarla vətəndaşı güllələmək, ekstrimist, terrorist adı altında insanları məhv etmək antikonstitusyon və qanunsuz hərəkətlərdir. Ən dəhşətlisi odur ki, qanunun aliliyinə nəzarət etməli olan Baş Prokurorluq vətəndaşların istintaqsız, məhkəməsiz “məhv edilməsi”, “zərərsizləşdirilməsi” kimi məhvetmə prosesinə bəraət qazandırılması prosesində bilavasitə iştirak edir. Bundan da dəhşətlisi odur ki, bütün bu qanunsuzluqlar Azərbaycan vətəndaşların can güvənliyinə cavabdeh olan İlham Əliyevin gözü qarşısında baş verir və son 6 həftədə 6 insanın güllələnərək məhv edilməsinin məsuliyyəti bilavasitə onun üzərindədir”, Cəmil Həsənli yazır.

Öz növbəsində, adları hallanan hüquq mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.

XS
SM
MD
LG