Accessibility links

Giorgi Qogia: Qoqaşvilinin iddiaları Gürcüstan hakimiyyəti tərəfindən hərtərəfli şəkildə araşdırılmalıdır


Giorgi Qogia: Qoqaşvilinin iddiaları Gürcüstan hakimiyyəti tərəfindən hərtərəfli şəkildə araşdırılmalıdır
please wait

No media source currently available

0:00 0:04:47 0:00

Giorgi Qogia: Qoqaşvilinin iddiaları Gürcüstan hakimiyyəti tərəfindən hərtərəfli şəkildə araşdırılmalıdır

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş sədr müavini Soso Qoqaşvili ötən ay bəyanata ya jurnalist Əfqan Muxtarlının 2017-ci ildə Tbilisidən hakim Gürcü Arzusu Partiyasının qurucusu və sabiq baş naziri Bidzina İvanişvilinin göstərişi ilə oğurlandığını bildirib. Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qogia Amerikanın Səsinə müsahibəsində Qoqaşvilinin iddialarına münasibət bildirib.

Amerikanın Səsi: Cənab Qogia, ötən ay Tbilisidə həbs olunan Gürcüstan Təhlükəsizlik Xidmətinin keçmiş sədr müavini Soso Qoqaşvili azərbaycanlı jurnalist Əfqan Muxtarlının keçmiş baş nazir Bidzina İvanişvilinin göstərişi ilə qaçırıldığını bəyan edib. Sizin bu iddiaya münasibətiniz nədir?

Giorgi Qogia: Bunlar çox ciddi iddialardır. Fakt budur ki, Azərbaycandan olan müstəqil jurnalistin Gürcüstanda oğurlanmasından 5 il keçməsinə baxmayaraq, araşdırma heç bir qəti nəticə verməyib. Azərbaycanlı jurnalistin oğurlanmasına və Gürcüstandan Azərbaycana qanunsuz keçirilməsinə görə heç kim tutulmayıb və heç kim məsuliyyətə cəlb olunmayıb. Bu faktı nəzərə alaraq, aydındır ki, bunlar çox ciddi iddialardır və Gürcüstan hakimiyyəti tərəfindən dərhal hərtərəfli şəkildə araşdırılmalıdır. Qoqaşvili öz iddialarında Əfqan Muxtarlının oğurlandığına dair sübutların məhv edildiyini də iddia edib. Bu, doğru-düzgün araşdırılmalı olan bir məsələdir.

Əfqan Muxtarlı gündüz vaxtı şəhərin mərkəzində oğurlanmışdı. Onun nəinki şəhərdə, hətta Azərbaycanla sərhədə doğru hərəkət etdiyini göstərən heç bir kamera görüntüsünün olmaması onsuz da artıq çox şübhəli idi.

Ona görə də, Qoqaşvilinin irəli sürdüyü bütün iddialar Gürcüstan hakimiyyəti tərəfindən ciddi ittiham kimi operativ və hərtərəfli şəkildə araşdırılmalıdır.

Amerikanın Səsi: Gürcüstan Baş Prokurorluğunun avqustun 1-də Qoqaşvilinin bəyanatını araşdırmağa başladığı bildirilib. Sizcə bu araşdırma hər hansı nəticə verəcəkmi?

Giorgi Qogia: Nəzərə alsaq ki, Əfqan Muxtarlının oğurlanması ilə bağlı beş il konkret nəticəsi olmayan istintaq gedib, açığını desəm, çox da ümidli deyiləm. Buna baxmayaraq, Gürcüstanın dərhal istintaqa başlamaq və bunun cinayəti törədənləri müəyyən etməyə qadir olan effektiv istintaq olduğunu təmin etmək öhdəliyi var. Və bu istintaq konkret şəxslərin məsuliyyətə cəlb olunması ilə nəticələnməlidir.

Amerikanın Səsi: Bəs Azərbaycan hüquq-mühafizə orqanlarının yeni iddialarla bağlı istintaq aparacağını gözləyirsinizmi?

Giorgi Qogia: Yenə də, mən buna çox şübhə ilə yanaşıram, çünki görünür ki, Gürcüstan və Azərbaycan təhlükəsizlik xidmətləri arasında bir növ əməkdaşlıq olub, çünki bilirsiniz ki, o, nəinki şəhərin mərkəzində gündüz vaxtı saxlanılıb və ya oğurlanıb, həm də, xatırlayırsınızsa, sərhədi pasportu olmadan keçə bilib. Onun pasportu Tbilisidə evində qalmışdı. Və onun sərhədi keçməsini heç kim görməmişdi, heç bir kamera çəkməmişdi.

Azərbaycanda da məhkəmə saxta ittihamlarla aparılmışdı. Ona görə də, Gürcüstanın və ya Azərbaycanın bu iş üzrə yeni sübutları nəticə əldə edəcək şəkildə araşdıracağına böyük ümidlər bəsləmirəm. Buna baxmayaraq, həm gürcü tərəfinin, həm də Azərbaycan tərəfinin yeni sübutlara baxmaq, onları operativ və hərtərəfli araşdırmaq və bu cinayətləri törətmiş konkret şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasını təmin etmək öhdəliyi var.

Amerikanın Səsi: Beynəlxalq ictimaiyyət bu məsələyə nə cür töhfə verə bilər?

Giorgi Qogia: Beynəlxalq ictimaiyyət həm Gürcüstan, həm də Azərbaycan hakimiyyəti ilə əlaqə saxlamalı, onlara təzyiq göstərməlidir, çünki bu, bir jurnalistin, azərbaycanlı tənqidçi jurnalistinin qonşu ölkədə oğurlanaraq qanunsuz şəkildə Azərbaycana gətirilməsi və sonradan saxta ittimlarla üzləşdiyi dəhşətli bir hadisədir.

Bu səbəblə də beynəlxalq ictimaiyyət, Gürcüstanın beynəlxalq tərəfdaşları, Gürcüstan və Azərbaycanın ikitərəfli və beynəlxalq tərəfdaşları Tbilisi və Bakıya beş il əvvəl törədilmiş cinayətlə bağlı istintaqı davam etdirmələri üçün təzyiq göstərməyə davam etməlidirlər.

XS
SM
MD
LG