Accessibility links

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəsmisi: "Əfqan Muxtarlı İvanişvilinin əmri ilə Tbilisidən oğurlanıb"


“Azərbaycanlı jurnalist Əfqan Muxtarlı hakim Gürcü Arzusu Partiyasının yaradıcısı Bidzina İvanişvilinin əmri ilə Tbilisidən oğurlanıb”. Bunu Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavini Soso Qoqaşvili həbsxanadan yazdığı məktubda bildirib.

2022-ci ilin iyulunda dövlət sirrini yaymaq itthamı ilə həbs olunan Qoqaşvili iyulun 26-da Rustavi həbsxanasından məktub yazıb. Həmin məktubda 5 il əvvəl Gürcüstandan zorla Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlı barədə də yazılır. Qoqaşvili bildirir ki, bu iş üzrə bütün sübutları DTX-nin Əməliyyat-Texniki Departamenti məhv edib.

Məsələ ilə bağlı Əfqan Muxtarlı bildirib ki, onlar Qoqaşvilinin prokurorluqda ifadə verməsinə nail olacaqlar: “Artıq bunun üçün Avropa Birliyi və Avropa Şurasına müraciət hazırlayırıq”.

Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı məhkəmədə bildirib ki, Tbilisidə saxlanıb, zor tətbiq edilərək sərhədə gətirilib və Azərbaycan tərəfinə təhvil verilib, üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlar isə onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edirdi. Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülmüşdü.

Həmin ittihamlarla, o, 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyıb.

2020-ci il martın 17-də jurnalist həbsdən azad edilib və dərhal Almaniyaya göndərilmişdi. Azadlığa çıxan jurnalist açıqlamalarında bildirmişdi ki, hakimiyyət, sadəcə, onun qətimkan tədbirini dəyişib – həbsxananı ölkədən sürgünlə əvəzləyib.

XS
SM
MD
LG