Accessibility links

Gültəkin Hacıbəyli: Azərbaycanda siyasi müstəvinin ləğv edilməsi prosesi gedir


Gültəkin Hacıbəyli: Azərbaycanda siyasi müstəvinin ləğv edilməsi prosesi gedir
please wait

No media source currently available

0:00 0:07:26 0:00

Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında daimi nümayəndə heyətinin keçmiş üzvü Gültəkin Hacıbəyli Amerikanın Səsinə müsahibəsində Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin son durumundan danışıb.

Amerikanın Səsi: Son zamanlar sanki Azərbaycan rəsmiləri ilə Avropa İttifaqının bir sıra yüksək vəzifəli siyasi rəhbərləri arasında münasibətlərdə bir soyuqluq yaranıb. Siz necə hesab ediriniz?

Gültəkin Hacıbəyli: Bu soyuqluq xeyli müddətdir var. Son illər ərzində bunu biz müşahidə etmişik. Bu bir tərəfdən obyektiv, digər tərəfdən isə subyektiv amillərlə bağlıdır. Obyektiv amil ondan ibarətdir ki, Qarabağ məsələsinin həlli prosesində, xüsusilə Avropa Parlamentinin, o cümlədən Avropa Komissiyasının Azərbaycanla bağlı mövqeyində müəyyən dərəcədə ədaləltsizlik olmuşdu. Xüsusən parlamentin bir neçə qətnaməsində Azərbaycana qarşı əsassız ittihamlar var idi. Ondan sonra Avropa Komissiyasının Xarici Siyasət İdarəsinin rəhbəri Cozef Borrellin Qarabağ məsələsi ilə bağlı bəyanatları olmuşdu. Bunlar təbii ki, xoşagəlməz hallardır. Amma Azərbaycan hakimiyyətinə münasibətdə səsləndirilən ittihamların böyük bir qismi ölkəmizdə insan haqları, demokratiya, qanunun aliliyi ilə bağlı durumu əhatə edən ittihamlardır. Burada isə təəssüf hissi ilə demək istəyirəm ki, əlbəttə, Avropa Komissiyası və Avropa Parlamenti haqlıdır. Ölkəmizdə insan haqları, demokratiyanın durumu bərbad vəziyyətdədir. Böyük ürək ağrısı ilə mən bu vəziyyətin son bir neçə il ərzində hər gün pisləşməsini burada ifadə etmək istəyirəm. Hətta 2-3 il öncə nisbətdə bu gün durum daha ağırdır. Ölkədə 300 dən çox siyasi məhbus var. Sərbəst toplaşma azadlığı qadağan olunub. Ölkədə insanlar siyasi görüşlərinə görə təqib olunurlar. Siyasi partiyaların fəaliyyətinə demək olar ki, elə məhdudiyyətlər qoyulub ki, partiya öz funksionallığını itirib. Bütövlükdə ölkədə siyasi müstəvinin ləğv edilməsi prosesi gedir.

Amerikanın Səsi: Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında Avropa institutlarına inteqrasiya prioritet kimi irəli sürülüb. Bu mənada münasibətlərin irəli aparılması üçün son illər hansı işlər görülüb?

Azərbaycanda insan haqlarının durumu çox acınacaqlıdır.

Gültəkin Hacıbəyli: Təəssüf ki, bu istiqamətdə biz ciddi bir iş görmürük. Əslində İlham Əliyev son dəfə prezident seçiləndən sonra öz inaqurasiyasında Avropa İttifaqını Azərbaycanın qoşulmaq istədiyi bir ailə, bir təşkilat olaraq görmədi. Açıq mətnlə dedi ki, yalnız bir ailəmiz var, Türk dövlətləri birliyi. Bu, Azərbaycanın xarici siyasət konsepsiyasından geri çəkilmək idi. Azərbaycanın xarici siyasət prioriteti Avropaya inteqrasiyadır. Mən düşünürəm ki, bu, həm də bölgəmizdə cərəyan edən geosiyasi proseslərlə əlaqəlidir. Rusiyanın Ukraynaya təcavüzü, güneydə İran və ümumiyyətlə, Yaxın Şərqdə yaranan gərginlik, bölgəmizin bütövlükdə ciddi gərginliklər içərisində olması ilə qismən əlaqələndirilə bilər. Amma mən daha çox hesab edirəm ki, bu, Azərbaycan hakimiyyətinin öz siyasi ömrünü qorumaq və avtoritar maraqlarını sona qədər götürmək cəhdləridir. Burada məqsəd Azərbaycana demokratiyanın, insan haqlarının gəlişini önləmək və bu gəlişin bayraqdarı olan, lokomativi olan Aİ ilə maksimum məsafə saxlamaq cəhdləridir.

Amerikanın Səsi: Azərbaycana qarşı Avropa İttifaqı və Avropa Parlamentinin tənqidi bəyanatlarını ədalətli saymaq olarmı? Azərbaycan rəsmiləri bu bəyanatları qərəzli sayır. Siz necə hesab edirsiniz?

Gültəkin Hacıbəyli: Qismən mən bu suala cavab verdim. Mən hesab edirəm ki, Azərbaycana qarşı Azərbaycanda ermənilərə təcavüz etdilər deməklə Ermənistana qarşı bir aqressiya aktı sərgilədilər. Bu kimi bəyanatlar əsassızdır. Amma Azərbaycanda insan haqları ilə bağlı irəli sürülən tələblər bu sahədə irəli sürülən tənqidlər ədalətlidir. Hətta mən deyərdim ki, gərəkəndən belə zəyifdir. Təbii ki, Azərbaycanda insan haqlarının durumu realda çox acınacaqlıdır. Bu ölkə Avropanın Şərq Tərəfdaşlığının üzvü olub, amma sərbəst toplaşmaq azadlığı qadağan edilib. İnsanların öz fikirlərini açıq şəkildə ifadə etməsi məhdudlaşdırılıb. Bu ölkədə azad media yoxdur, məhv edilib. Bu ölkədə 300 dən artıq siyasi məhbus var. Aydındır ki, bu ölkə tənqid olunacaq və tənqid olunmalıdır.

Amerikanın Səsi: Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq, yaxşı idarəçilik, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, yerdəyişmə və insanlar arasında əlaqələri əhatə etməlidir. Bu sahələrdə əməkdaşlığın səviyyəsi götürülən öhdəliklərə cavab verirmi?

Gültəkin Hacıbəyli: Mən təbii ki, bu sahədə, xüsusən enerji tərəfdaşlığı sahəsində Avropa İttifaqı ilə Azərbaycan hakimiyyəti arasında uzun illər ciddi əməkdaşlıq olduğunu qeyd edə bilərəm. Yəni doğurdan da bu ciddi layihələr idi. Məhz Azərbaycan Aİ arasında ən normal sahə məhz bu idi. Eyni zamanda digər, məsələn yaxşı idarəetmə sahəsində Aİ tərəfindən bəzi fraqment şəkilli töhfələr olub. Məsələn hakimlərə təlim keçirilməsi, vəkillərə hansısa kursların təşkil edilməsi və s kosmetik addımlar atılıb. Amma təəssüflər olsun ki, bu addımlar ölkəmiz üçün gərəkli olan köklü dəyişiklikləri əhatə etmir. Əslində Aİ və Azərbaycan arasında münasibətlərin öncədən bir nöqsanı olaraq göstərilə bilər. Aİ ölkəmizə qarşı daha çox enerji tərəfdaşı gözü ilə baxır. Uzun müddət ölkəmizdə insan haqlarının kobud şəkildə pozulmasına göz yumurdu. Özünün prioritetləri sırasına insan haqları və demokratiyanı daxil etməmişdi. Bunun nəticəsində bugünkü reallıq yaranıb. Bu gün artıq Azərbaycan və Aİ arasında hətta enerji tərəfdaşlığı sahəsində də müəyyən çatlar yaranır. Ən azı fikir müxtəlifliyi mövcuddur. Bu gün artıq ekoloji səbəblərdən bu sahədə də problem yaranıb.

Qeyd: Bu, Gültəkin Hacıbəylinin fikirləridir. Azərbaycan hökuməti Avropa İttifaqı ilə ilə ikitərəfli əməkdaşlığa üsütnülk verdiyini bildirir. Hökumət rəhbərləri ikitərfli əməkdaşlıqda başlıca istiqamət kimi Avropanın enerji təchizatında, həmçinin qazla təchizatında Azərbaycanın mühüm rolunu qeyd edir. Bununla yanaşı, Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı ildə keçirilmiş iclasında Avropa İttifaqı və üzv ölkələri adından Azərbaycan ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.

Saziş əsasən siyasi, təhlükəsizlik, ticarət, iqtisadi və digər hissələrdən ibarətdir.

"Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Ancaq hələlik Avropa İttifaqı ilə Azərbaycan bu sazişi imzalamayıb.

Forum

XS
SM
MD
LG