Accessibility links

Azad Brüssel Universiteti Bəhruz Səmədovun azad edilməsinə çağırıb


Bəhruz Səmədov
Bəhruz Səmədov

Azad Brüssel Universiteti (ULB) azərbaycanlı gənc alim Bəhruz Səmədovun həbsindən dərin narahatlığını ifadə edib və onun azad edilməsinə çağırıb.

Avqustun 21-də saxlanılan və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən siyasi tədqiqatçı, Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov dövlətə xəyanətdə ittiham olunur. Səmədov ona qarşı irəli sürülən ittihamı rədd edib və təqsirsiz olduğunu bildirib.

ULB 29 yaşlı tədqiqatçının hazırda hakimiyyətdə olan rejim haqqında tənqidi və sərt fikirlər təqdim etməklə Azərbaycanda avtoritarizmlə bağlı araşdırma apardığını, tədqiqatını növbəti akademik ildə Poznan Universitetində davam etdirməli olduğunu qeyd edir.

“İctimai səhnədə fəal olan ziyalı Bəhruz Səmədovun akademik dairələrdə və mətbuatda Azərbaycan cəmiyyətinin təkrarlanan müharibələr fonunda mürəkkəb mahiyyətinə işıq salan çoxsaylı məqalələri dərc olunub”, universitetin bəyanatında vurğulanır.

Belçika universiteti Bəhruz Səmədovu 2022 və 2023-cü illərdə iki dəfə mühazirə zamanı, daha sonra Ermənistan-Azərbaycan münaqişəsi üzrə tarixşünaslığı yeniləmək, eləcə də müzakirə və sülhün təşviqi üçün azərbaycanlı və erməni tədqiqatçıları bir araya gətirən birgə tədqiqat qrupunun tərkibində salamlamaqdan məmnunluq və şərəf duyduğunu bildirib.

Bütün dünyada akademik azadlığa ürəkdən sadiq olduğunu qeyd edən ULB Səmədovun azad edilməsinə, beynəlxalq akademik icmanı onunla həmrəylik nümayiş etdirməyə çağırıb.

Ötən həftə beynəlxalq akademik icmanın bir sıra üzvləri Səmədovun həbsindən narahatlıq ifadə edən və onun dərhal azadlığa buraxılmasına çağıran bəyanat yayıb.

“Biz Səmədovun həbsindən və dövlətə xəyanətdə ittiham olunmasından dərin narahatıq. Biz bunu Cənubi Qafqazda davam edən sülh quruculuğu səylərini boğmaq, zorakılıq və müharibəyə qarşı çıxan tənqidi səsləri susdurmaq cəhdi kimi başa düşürük. Biz bunu qəbuledilməz və hökumətin sülhə doğru irəliləyişlə bağlı diskursuna zidd hesab edirik”, bəyanatın müəllifləri vurğulayıb.

Bununla yanaşı, bu günədək bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları, habelə ABŞ Dövlət DepartamentiAvropa İttifaqı Bəhruz Səmədov da daxil olmaqla, Azərbaycanda jurnalistlərin, fəalların və hüquq müdafiəçilərinin həbsini narahatlıqla izlədiklərini qeyd edib, Azərbaycan hakimiyyətini ədalətsiz yerə həbs olunanların hamısını azad etməyə çağırıblar.

Rəsmi Bakı isə bu cür çağırışları qərəzli hesab edir, cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu, saxlanılan şəxslərin işinin müvafiq cinayət-prosessual qanunverciliyin tələbləri çərçivəsində həyata keçirildiyini və prosesin tam şəffaf olduğunu vurğulayır.

Forum

XS
SM
MD
LG