Accessibility links

Məhkəmə siyasi tədqiqatçının şikayətini təmin etməyib


Bəhruz Səmədov
Bəhruz Səmədov

Avqustun 27-də Bakı Apellyasiya Məhkəməsi hakim Ramin Qaraqurbanlının sədrliyi ilə Səbail Rayon Məhkəməsinin siyasi tədqiqatçı Bəhruz Səmədov barədə seçdiyi həbs qətimkan tədbiri qərarından verilən şikayəti təmin etməyib.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, Bəhruz Səmədov məhkəmədə iştirak edib.

“Bəhruz Səmədov məhkəmədə bildirdi ki, o tamamilə təqsirsizdir, dövlətə xəyanətdən söhbət gedə bilməz. O ancaq sülh tərəfdarıdır, müharibələrin və insan itkilərinin əleyhinə olub. Mən isə məhkəmədən xahiş etdim ki, Səmədov istintaq getdiyi zaman azadlıqda olsun, istintaqın çağrışına cavab verməsə o zaman barəsində həbs qətimkna tədbiri seçilə bilər. Amma məhkəmə vəsatətimi təmin etmədi”, o qeyd edib.

Bu arada Bəhruz Səmədovun nənəsi Zibeydə Osmanova Amerikanın Səsinə deyib ki, nəvəsi həbs ediləndən onunla telefon əlaqəsi saxlamayıb.

“Bəhruzun məndən, mənim isə Bəhruzdan başqa heç kimim yoxdur. Nəvəmin səsinə möhtacam, onu dinləyib bir az olsa da sakitləşmək istərdim. Evdə tək qalmışam, dörd divar arasında təklik məni çox sıxır. Cəmiyyətimiz Bəhruzu tək qoymasın”, o qeyd edib.

Siyasi tədqiqatçı avqustun 21-də saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onun yaşadığı evdə axtarış aparıb. Evdən onun komputerlərini, telefonlarını, sənədlərini, sertifikatlarını və kitablarını götürüblər.

Avqustun 23-də Səbail Rayon Məhkəməsi Bəhruz Səmədovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Siyasi tədqiqatçı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Səmədovun həbsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti hələ məlumat yaymayıb.

Bəhruz Səmədov "OC Media" və "Bakı Araşdırmalar İnstitutu"nun müəllifidir. O, Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi yazıları və Qarabağ münaqişəsində sülhpərvər mövqeyi ilə məşhurdur.

Siyasi tədqiqatçı Mərkəzi Avropa Universitetinin beynəlxalq əlaqələr bölməsinin məzunu, Karlov Universitetinin siyasi elm bölməsinin doktorantura tələbəsidir. Səmədov poststrukturalist və psixoanalitik nəzəriyyələrə əsaslanaraq Azərbaycanda hegemoniya və siyasi diskursları araşdırır.

Forum

XS
SM
MD
LG