Accessibility links

İki gündür saxlanılan siyasi tədqiqatçının taleyindən hələ xəbər yoxdur


Bəhruz Səmədov
Bəhruz Səmədov

Avqustun 21-də saxlanılan siyasi tədiqiqatçı Bəhruz Səmədovun taleyindən hələ xəbər yoxdur.

Səmədovun nənəsi Zibeydə Osmanova Amerikanın Səsinə bildirib ki, nəvəsi saxlanılandan sonra onun taleyi ilə bağlı hər hansı məlumat verilməyib.

“Nəvəmin taleyindən çox narahatam. Onun harada saxlanılması, hansı səbəbdən saxlanılması ilə bağlı mənə məlumat verilməlidir. Bəhruzun məndən, mənim isə Bəhruzdan başqa heç kimim yoxdur”, Osmanova Amerikanın Səsinə deyib.

Hüquq-mühafizə orqanları Səmədovun saxlanılmasının səbəbləri və onun nədə şübhəli olması və ya təqsirləndirildiyi barədə hələ rəsmi məlumat yaymayıb.

Yalnız bir dəfə, avqustun 22-də fəalın nənəsinə dövlət tərəfindən təyin edilmiş Vəfa adlı vəkil zəng edib və Səmədovun dövlət əleyhinə olan yazılarla bağlı saxlanıldığını deyib.

Bununla yanaşı, dövlət tərəfindən təyin edilən vəkil telefonuna cavab vermir.

Bəhruz Səmədovun ailəsinin müqavilə bağladığı vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, Səmədov Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılır.

“Mən müdafiəçi kimi sənədlərimi Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim etmişəm, onun işini aparan müstətiqə yazmışam ki, Səmədovla görüşümü təmin etsinlər. Amma müstəntiq hələ mənə cavab verməyib və telefonlarını qaldırmır. Hər ehtimala qarşı Səbail Rayon Məhkəməsinə də sənədlərimi təqdim etmişəm ki, Səmədovu məhkəməyə gətirsələr mənim müdafiəçi kimi iştirakımı təmin etsinlər”, o qeyd edib.

Vəkil həmçinin hüquqlarını müdafiə etdiyi şəxslə görüşünə kömək etməsi üçün Ombusmana müraciət etdiyini bildirib.

Səmədov avqustun 21-də saxlanılıb. Sonra onun yaşadığı evdə axtarış aparılıb, 2 kompüter, 2 telefon, Səmədovun pasportu və çap olunmuş məqaləsi olan kitab götürülüb.

“Bəhruzun özünü axtarışa gətirməmişdilər. Dedim ki, nəvəmin narkotiklə əlaqəsi olsa, bunu bilərdim. Axtarışda narkotik tapmadılar, amma Bəhruza aid olan 2 telefon, 2 kompüter, Lomonosov Universitetinin diplomunu və digər sənədləri götürüblər. Evdən Bəhruza aid nə sənəd varsa, şəxsiyyət vəsiqəsi, xarici pasport və s. götürüb apardılar”, Zibeydə Osmanova bildirib.

Bir qrup vətəndaş cəmiyyəti fəalı siyasi tədqiqatçı Bəhruz Səmədovun mümkün həbsi ilə bağlı birgə bəyanat yayaraq onun təcili azadlığa buraxılmasına, ölkədə insan hüquq və azadlıqlarına qarşı hücumların dayandırılmasına çağırıb.

“Artıq 1 ildir ki, müxalifətə, müstəqil mətbuata və vətəndaş cəmiyyətinə qarşı total, aqressiv hücumlar edən Azərbaycandakı avtokratik rejim bu dəfə politoloq, doktor namizədi Bəhruz Səmədovu hədəf seçib”, bəyanatda qeyd edilir.

Vətədanş cəmiyyəti fəalları qeyd edir ki, Azərbaycandakı avtokratik rejim, artıq 1 ildir ki, ölkədə müstəqil, tənqidi heç bir səsin çıxmaması hədəfi ilə kütləvi repressiyaya başlayıb və onlarla jurnalist, aktivist, siyasətçi artıq həbs edilib.

“İşğalçı rus hökuməti ilə getdikcə yaxınlaşan Azərbaycan hökumətinin məqsədi, təbii ki, bütün azadlıqları tamamilə boğaraq ölkədə mütləq diktaturanı təmin etməkdir. Bəhruz Səmədov da məhz bu məqsəd çərçivəsində saxlanılıb və onun dövlətə xəyanətdə ittiham olunacağı gözlənilir”, bəyanatda vurğulanır.

Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətindən mövqe almaq mümkün olmayıb.

Çexiyanın Karlov universitetinin doktorantı Bəhruz Səmədov Azərbaycan hakimiyyətinin siyasətini tənqid edən məqalələri və şərhləri, həmçinin müharibə əleyhinə çağırışları və fəallığı ilə tanınır.

Forum

XS
SM
MD
LG