Avqustun 24-də yazıçı və sülh fəalı Səməd Şıxı sərbəst buraxılıb. Fəalın saat 19:00 radələrində sərbəst buraxıldığı bildirilsə də, hələlik, onun hansı səbəblərdən saxlanıldığı məlum deyil.
Avqustun 23-də Səməd Şıxının yaxınları onun saxlanıldığı ilə bağlı məlumat yayıb. Məlumata görə, Şıxı Tbilisiyə gedərkən Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb:
"Səməd hava limanında olarkən bizə saxlanıldığı ilə bağlı məlumat verdi. Təxminən saat 18:43-də. Daha sonra ona zəng çatmadı", deyə yaxınları qeyd edib.
Səməd Şıxının yaxınları artıq 1 gündür ki, onun barəsində hər hansı məlumat ala bilmədiklərini qeyd edirlər.
Rəsmi qurumlardan Səməd Şıxı ilə bağlı məlumat almaq mümkün olmayıb.
Səməd Şıxı Azərbaycan hökumətinin siyasətini tənqid edən, həmçinin müharibə əleyhdarı olan gənc fəallardandır.
Ötən ilin avqustun 11-də Səməd Şıxı Abşeron Rayon Polis İdarəsinin Qobu qəsəbəsində yerləşən polis bölməsinə aparıldığını bildirmişdi. Onun sözlərinə görə, polis bölməsində ona Söyüdlü hadisələri ilə bağlı yazdığı paylaşımlarını silməyi tələb ediblər. Fəal o zaman bildirib ki, onu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə hədələyiblər. Daha sonra atası bölməyə gəlib və onun telefonunu gətirib.
"Statuslarımı lağa qoyaraq silirdilər, sonra dostların mənim saxlanılmağımla bağlı yazdıqlarını göstərirdilər ki, "filankəs sənə azadlıq tələb edir, bəlkə buraxaq səni?". Konkret maddələr sayaraq məni hədələyirdilər. Statuslarımı siləndən sonra isə dedilər ki, bundan sonra nəsə yazsan sutkalıqdan da yuxarı gedəcəksən, yazdıqlarının hamısını saxlamışıq".
Səməd Şıxı paylaşımlarını sildikdən sonra sərbəst buraxıldığını bildirib.
Fəalın saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyindən mövqe almaq mümkün olmamışdı.
Avqustun 21-də isə siyasi tədqiqatçı, sülh fəalı Bəhruz Səmədov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunub. Məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Fəal bu ittihamları qəbul etmir və sülh mövqeyinə görə cəzalandırıldığını deyir.
Bəhruz Səmədov "OC Media" və "Bakı Araşdırmalar İnstitutu"nun müəllifidir. O, Azərbaycan hakimiyyəti ilə bağlı tənqidi yazıları və Qarabağ münaqişəsində sülhpərvər mövqeyi ilə məşhurdur.
Siyasi tədqiqatçı Mərkəzi Avropa Universitetinin beynəlxalq əlaqələr bölməsinin məzunu, Karlov Universitetinin siyasi elm bölməsinin doktorantura tələbəsidir. Səmədov poststrukturalist və psixoanalitik nəzəriyyələrə əsaslanaraq Azərbaycanda hegemoniya və siyasi diskursları araşdırır.
Forum