Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş AzelTV saytının rəhbəri, azərbaycanlı jurnalist Əfqan Sadıqov 4 gündür aclığı davam etdirir. Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova sentyabrın 24-də Gürcüstanın ombudsmanı Levan İoseliani ilə görüşüb.
“Mən ombudsmanın diqqətinə çatdırdım ki, həyat yoldaşım aclığı davam etdirir. Bu onun seçimidir. Əfqan qabaqlar da uzun müddət aclıq edib. Aclıq onun səhhətində ciddi fəsadlar yaradıb. Onun sağalmlığını, həkim nəzarətində olmasını, saxlanma vəziyyətini diqqətdə saxlamalarını xahiş etdim. O isə bildirdi ki, aclıq etmək jurnalistin haqqıdır. Onun səhhəti, saxlanma vəziyyəti diqqətdə saxlanılacaq”, Sadıqova Amerikanın Səsinə deyib.
Sadıqova deyib ki, ombdusmanın diqqətinə özünün və uşaqlarının təhdid edildiyini də çatdırıb.
“Bizi izlədiklərini, mənim və uşaqlarımın qorxu içərisəndə yaşadığımızı, həyatımızın təhlükədə olduğunu omudsmana dedim. Həmçinin bildirdim ki, təhlükələrə rəğmən övladlarımı məktəbə buraxa bilmirəm, təhsildən yayınıblar. O dedi ki, mənim, uşaqlarımın izlənməsi, təhdid edilməməmin qarşısını almaq üçün addımlar atacaqlar, dövlət orqanlarından təhlükəsizliyimizin təmin edilməsini tələb edəcəklər”, Sadıqova qeyd edib.
Jurnalist Əfqan Sadıqov sentyabrın 20-də bu ölkənin Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsində aclığa başlayıb.
Əfqan Sadıqov “Azərbaycanda və Gürcüstanda qanunlara əməl edilməməsinə və qanunsuz həbsinə” etiraz olaraq aclığa başladığını bəyan edib. Jurnalist barəsində ədalət bərpa olunanadək aclığı davam etdirəcəyini bildirib.
Jurnalist Əfqan Sadıqov avqustun 3-də Gürcüstan polisi tərəfindən saxlanılıb.
Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi hakim Ketevan Caçvadzenin sədrliyi ilə jurnalist barəsində ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Məhkəmədə Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən hədə-qorxu ilə tələbetmə ittihamı üzrə cinayət işi qaldırıldığı bildirilib.
Avqustun 15-də Tbilisi Apellyasiya Məhkəməsinin İstintaq İşləri üzrə Kollegiyasının hakimi Giorgi Mirotadze “Gürcüstanın Hüquqları” hüquq-müdafiə təşkilatının bu ölkədə ekstradisiya məqsədi ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş jurnalist Əfqan Sadıqov barəsində həbs qətimkan tədbrinin dəyişdirilməsi və ya girov müqabilində azadlığa buraxılması ilə bağlı şikayətini qəbuledilməz hesab edib.
Məhkəmə Tbilisi Şəhər Məhkəməsinin avqustun 4-də çıxardığı hökmü qüvvədə saxlayıb.
Çoxsaylı beynəlxalq təşkilat, o cümlədən ABŞ Dövlət Departamenti Gürcüstan hökumətini Sadıqovu ekstradisiya etməməyə və dərhal azadlığa buraxmağa çağırıb.
Gürcüstanın Hüquqları" (Rights Georgia) hüquq-müdafiə təşkilatı azərbaycanlı jurnalist Əfqan Sadıqovun maraqlarını qoruduğunu elan edib. Bu təşkilat 2017-ci ildə Tbilisidə həbs edilən və Azərbaycan məhkəməsi tərəfindən 6 il azadlıqdan məhrum edilən azərbaycanlı jurnalist Əfqan Muxtarlının maraqlarını da Gürcüstanın Milli Məhkəmələrində və Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edib. Sentyabrın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi Əfqan Muxtarlı ilə bağlı şikayəti təmin edib. Məhkəmə Gürcüstan hökumətinin 12500 avro, Azərbaycan hökumətinin isə 8500 avro təzminat ödəməsi barədə qərarını elan edib.
Jurnalist Əfqan Sadıqov ötən il dekabrın 24-dən Gürcüstanda yaşayır. O, Gürcüstana müalicə üçün getdiyini və sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.
Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.
2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan Sadıqov həbsxanada 242 gün aclıq edib.
Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Forum