Avqustun 15-də Tbilisi Apellyasiya Məhkəməsinin İstintaq İşləri üzrə Kollegiyasının hakimi Giorgi Mirotadze “Gürcüstanın Hüquqları” hüquq müdafiə təşkilatının bu ölkədə ekstradisiya məqsədi ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş AzelTV saytının rəhbəri, azərbaycanlı jurnalist Əfqan Sadıqov barəsində həbs qətimkan tədbrinin dəyişdirilməsi və ya girov müqabilində azadlığa buraxılması ilə bağlı şikayətini qəbuledilməz hesab edib.
Məhkəmə Tbilisi Şəhər Məhkəməsinin avqustun 4-də çıxardığı hökmü qüvvədə saxlayıb.
Bu barədə “Gürcüstanın Hüquqları” təşkilatı məlumat yayıb.
“Hesab edirik ki, Apellyasiya Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkəmənin yeni halı, yəni Sadıqovun Gürcüstandan beynəlxalq sığınacaq istəməsini nəzərə almaması təşviş doğurur. Hansı ki, jurnalistin Gürcüstandan sığınacaq istəməsi ekstradisiya prosesini dayandırır”, “Gürcüstanın hüquqları” təşkilatı qeyd edir.
“Gürcüstanın hüquqları” şəhər məhkəməsinin qərarından avqustun 8-də Apellyasiya Məhkəməsinə şikayət verib.
Təşkilatın vəkilləri Əfqan Sadıqovun ekstradisiya üçün 3 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərarın ləğv edilməsini tələb edib və məhkəməyə alternativ olaraq 2000 lari məbləğində girov təklif edib. Müraciətə Əfqan Sadıqovun Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentindən Gürcüstandan beynəlxalq sığınacaq istəməsi ilə bağlı bəyanatı əlavə edilib.
Azərbaycanlı jurnalist avqustun 3-də Tbilisi Mərkəzi Kriminal Polisinin nümayəndələri tərəfindən həbs edilib və o vaxtdan Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
“Onun həyat yoldaşı və azyaşlı uşaqları həbsin şahidi olublar. Əfqan Sadıqov axtarışda olduğunu və barəsində Azərbaycanda cinayət işi açıldığını yalnız həbs olunandan sonra bilib. İstintaqın məlumatına görə, Əfqan Sadıqovun həbsi Azərbaycan tərəfinin müraciəti əsasında həyata keçirilib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2.2-ci və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətdə - “hədə-qorxu ilə tələb etmə, başasının külli miqdarda əmlakını ələ keçirmə, dəfələrlə təhqiredici məlumat yaymaqla hədələmə”də ittiham olunur”, məlumatda qeyd edilir.
Azərbaycanlı jurnalistin həbsindən əvvəl onun iyulun 18-də ailəsi ilə birlikdə Türkiyəyə getmək cəhdi olub. Sərhədçilər buna icazə verməyib, ona həyat yoldaşı və uşaqlarının Türkiyəyə gedə biləcəyini, Əfqan Sadıqovun isə yalnız Azərbaycana qayıda biləcəyini bildiriblər.
“Bu zaman Gürcüstan tərəfində artıq Azərbaycanda ona qarşı açılmış iş və axtarışda olması barədə məlumat olmasına baxmayaraq, səbəbi izah edilməyib. Azərbaycanda Əfqan Sadıqova qarşı iş 2024-cü il mayın 9-da başlanıb. Mayın 13-də Azərbaycan tərəfi kömək üçün Gürcüstanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib”, hüquq müdafiə təşkilatı bildirir.
Təşkilatın məlumatında deyilir ki, avqustun 2-də Əfqan Sadıqov “Gürcüstanın Hüquqları”nın vəkili ilə birlikdə Gürcüstanın ombudsmanı ilə görüşüb və onun Türkiyəyə buraxılmaması faktını müzakirə ediblər. Daxili İşlər Nazirliyi Əfqan Sadıqovun Gürcüstandan Türkiyəyə buraxılmaması səbəbi ilə bağlı ombudsmana məlumat verməyib, həmin şəxsin axtarışda olması və barəsində Azərbaycanda cinayət işi başlanması barədə məlumat verməyib.
Əfqan Sadıqov 2023-cü il dekabrın 24-dən Gürcüstandadır və Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən verilmiş müvəqqəti yaşama icazəsinə malikdir. Azərbaycandan Gürcüstana getdikdən təxminən yarım il sonra onun barəsində cinayət işi başlanıb.
Gürcüstanın Hüquqları" (Rights Georgia) hüquq-müdafiə təşkilatı Tbilisidə həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqovun maraqlarını qoruduğunu elan edib. Bu təşkilat 2017-ci ildə Tbilisidə həbs edilən və Azərbaycan məhkəməsi tərəfindən 6 il azadlıqdan məhrum edilən azərbaycanlı jurnalist Əfqan Muxtarlının maraqlarını da Gürcüstanın Milli Məhkəmələrində və Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edib.