Gürcüstanda ekstradisiya məqsədi ilə həbs edilən Azel.TV saytınının rəhbəri, azərbaycanlı jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova avqustun 13-də Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşüb.
Bu barədə Sevinc Sadıqova Amerikanın Səsinə deyib.
“ əyat yoldaşım Əfqan Sadıqovun qanunsuz həbsindən, harada və necə saxlanmasından, sağlamlığından narahat olduğumu bildirdim. Və xahiş etdim ki, Əfqan Sadıqovu həbsdə olduğu müddətdə sağlamlığını, təhlükəsizliyini diqqətdə saxlasınlar” o qeyd edib.
Bundan əlavə Sevinc Sadıqova Əfqan Sadıqovun axlanıldığı cəzaçəkmə müəssəsindən zəng etdiyini və ailəsi üçün narahat olduğunu bildirib.
Əfqan Sadıqov avqustun 3-də Gürcüstan polisi tərəfindən saxlanılıb.
Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi hakim Ketevan Caçvadzenin sədrliyi ilə Əfqan Sadıqov barəsində ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Məhkəmədə Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi qaldırıldığı bildirilib.
Bununla yanaşı, Azərbaycan Daxili İşlər Nazirliyi jurnalistin həbsinin səbəbləri ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.
Sadıqovu bundan öncə iyulun 17-də Tbilisi aeroportunda pasport-nəzarət keçidində saxlayıblar və sonra sərbəst buraxıblar.
Jurnalist Amerikanın Səsinə deyib ki, onun Gürcüstan aeroportundan xarici ölkələrə buraxılmaması sifarişini Azərbaycan hakimiyyəti verib.
“Bu, mənim son vaxtlar dərc etdiyim tənqidi yazılar və videolarımla bağlıdır. Hazırda barəmdə hər hansı cinayət işi yoxdur. Lakin hesab edirəm ki, ölkəyə dönsəm tənqidi yazılarıma görə məni də digər juranlistlər kimi şərləyib həbs edəcəklər. Gürcüstanda da təhdidlərə məruz qalmışam. Hətta Azərbaycanda yaşayan ailə üzvlərimi hüquq-mühafizə orqanlarından zəng edib təhdid ediblər. Deyiblər ki, Əfqan tənqidi yazılarını dayandırmasa, ailənin taleyi heç də yaxşı olmayacaq. Bu səbəbdən Gürcüstanı tərk etmək istəyirik”, o qeyd edib.
Jurnalist ötən il dekabrın 24-dən Gürcüstanda yaşayır. O, Gürcüstana müalicə üçün getdiyini və sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.
Azel.TV saytının rəhbəri Əfqan Sadıqov 2020-ci ilin mayında da hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.
2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. O, həbsxanada 242 gün aclıq edib.
Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Forum