“Biz Azərbaycanı beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməyə və haqsız yerə həbs edilmiş bütün şəxsləri azad etməyə çağırmaqda davam edirik”.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü ilə bağlı açıqlamasında deyilir.
“Azərbaycanın Milli Mətbuat Günündə biz bu ölkənin jurnalistlərinin işini qeyd edirik və demokratiya üçün canlı, müstəqil medianın əhəmiyyətini bir daha vurğulayırıq. ABŞ hökuməti təlim, təhsil və mübadilə proqramları vasitəsilə dünyada peşəkar jurnalistikanın inkişafını dəstəkləməyə sadiqdir”, səfirliyin X platformasında yaydığı açıqlamada deyilir.
Xatırladaq ki, Azərbaycan 2023-cü ildə beynəlxalq media azadlığı indeksində 13 pillə geriləyərək 180 ölkə arasında 164-cü yerdə qərarlaşıb. Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda ölkədə 20-dən çox jurnalist və media işçisi həbsdədir.
Bununla yanaşı, Azərbaycan iqtidarı ölkədə media azadlığının tam təmin edildiyini bildirir, media orqanlarına və jurnalistlərə təzyiqlərin olması, onların qanunsuz həbsləri ilə bağlı deyilənləri qəbul etmir. Ölkə rəhbərləri azad medianın fəaliyyəti üçün hər cür şəraitin olduğunu, dövlətin media orqanlarına daimi yardımlar etdiyini, hətta çoxsaylı jurnalistlərə mənzillər bağışladığını bildirir.