Accessibility links

Azərbaycanda internetin qiymətləri qaldırılır


İnternet azadlığı (Mənbə: Freedom House)
İnternet azadlığı (Mənbə: Freedom House)

Azərbaycanda internet xidməti bazarında böyük paya malik olan “Aztelekom” MMC və “Baktelekom” MMC avqustun 15-dən internet paketinin minimum aylıq qiymətini 40 Mbit/s üçün 18 manatdan 100 Mbit/s üçün 25 manata qaldırmaq barədə razılığa gəlib.

Bu şirkətlər yeni qiymətin izahında bildirir ki, internetin sürətinin 2,5 dəfə artırılacağı üçün qiymət ucuzlaşıb və bununla da Mbit/s-nin qiyməti 45 qəpikdən 25 qəpiyə enəcək.

Bununla yanaşı şirkətlər yüksək trafik sürətini təmin edəcək texniki yeniliklər barədə məlumat vermir.

Xatırladaq ki, internet trafiki artıq 18 manata satılmayacaq (imtiyazlardan istifadə edən əhalinin dar kateqoriyası istisna olmaqla). Ödəniş 25 manatdan başlayacaq.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sual edir ki, "Aztelekom" minimal 100 Mbit/s sürət vermək iqtidarındadırmı?

“Baxıram ki, "Aztelekom" tarana gedir. Açıqlayıblar ki, dövlət provayderi olsalar da, qiymətləri 40 faiz qaldıracaqlar. Gətirdikləri arqumentlər məntiqsizdir və heç bir dataya söykənmir. "Aztelekom"un tarana getməsi ilk öncə onun göstəricisidir ki, hələlik ölkədə telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurum yoxdur. Sektorda istehlakçıların hüququnu qorumalı olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyidir. O da müstəqil deyil”.

O hesab edir ki, yenicə magistral (backbone) statusu qazanan "Aztelekom"un hər bir müştəriyə minimal 100Mbit/s sürət təqdim etmək, keyfiyyətli servis qurmaq üçün heç bir texniki-texnoloji imkanı yoxdur.

“İlk öncə gərək müvafiq qurumlar monitorinq aparıb "Aztelekom"un elan etdiyi parametrlərə uyğun texnoloji imkanlarının olmasını müəyyən etsin. Əminliklə deyirəm ki, "Aztelekom"un nəinki hər userə 100Mb/s, heç 40 Mb/s vermək üçün texniki-texnoloji imkanı yoxdur”.

Osman Gündüz "Aztelekom"un hazırda nə qədər trafik alıb və nə qədər satdığı barədə ictimaiyyətə məlumat verməsinin vacibliyini bildirir.

“Müştərilərin sayı və tələbatı nə qədərdir? Dövlət qurumu üçün bu məlumatlar açıq olmalıdır. Lakin "Aztelekom" bunu qapalı saxlayır. Çünki bilir ki, aldığı ilə satdığı arasında dağ boyda fərq var. "Aztelekom" güman ki, müqavilədə nəzərdə tutulanı deyil, aşağı sürətləri təqdim edəcək, sadə vətəndaşların bundan xəbəri olmayacaq, sadə vətəndaşlara qarşı sadəcə "çəkidə oğurlamaq" prinsipi tətbiq ediləcək”, o Facebook səhifəsində yazıb.

Bu arada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib ki, həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin 6 ayı ərzində Azərbaycanda 0,8 milyon ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb.

“Ümumilikdə ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub. Layihə müddətində ölkədə genişzolaqlı internetə çıxış imkanı əldə etmiş ev təsərrüfatı və biznes subyektlərinin sayı 12 dəfə artaraq 9 faizdən 92 faizə yüksəlib”, məlumatda qeyd edilir.

Nazirlik bildirir ki, artıq ölkənin 30 rayonunda 90 faizdən çox, 23 rayonunda 70-90 faiz arası və digərlərində isə 65 faizə qədər təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin edilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG