Azərbaycan və Rusiya Prezidentlərinin görüşündə Şimal-Cənub nəqliyyat dəhlizi əsas müzakirə mövzusu olub

İlham Əliyev və Vladimir Putin (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

İyulun 3-də Astanada Şanxay Əməkdşalıq Təşkilatının zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub.

Bu barədə Azərbaycan və Rusiya Prezidentlərinin Administrasiyaları eyni məzmunlu məlumatlar yayıb.

Görüşdə ikitətəfli ticarət əlaqələri, Şimal-Cənub dəhlizi, mədəniyyət və təhsil sahəsində əlaqələr əsas müzakirə mövzuları olub.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, iki ölkə arasında qarşılıqlı ticari-iqtisadi əlaqələr müsbət istiqamətdə inkişaf edir.

“Ticarət dövriyyəsinin dörd milyarddan çoxu, 4,3-4,5-i Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarıdır. Trend yaxşıdır: ilin birinci yarısında, məncə, artıq 13 faiz artım var, ümumilikdə hər şey müsbət inkişaf edir”, o qeyd edib.

İnfrastruktur sahəsində əlaqələrdə ilk öncə Şimal-Cənub dəhlizi diqqət mərkəzindədir.

“Burada hamıya məlum olan Şimal-Cənub magistral yolu birinci yerdədir. Ümid edirəm ki, biz də bu barədə bir neçə kəlmə deyəcəyik. Digər sahələrdə, o cümlədən enerji və sənaye sahəsində əməkdaşlıq imkanları var”, Rusiya Prezidenti qeyd edib.

Putin humanitar komponentlərdən danışarkən deyib ki, Azərbaycanda Rusiya Mədəniyyəti Günləri yenicə başa çatıb.

“Azərbaycanda 300-dən çox məktəb rus dilində təhsil verir, gənclərə və uşaqlara rus dilinin öyrədilməsinə xüsusi diqqətinizi həmişə qeyd edirəm. Bu, gələcəkdə də əlaqələrimizin qorunub saxlanılması və inkişafı üçün yaxşı zəmin və perspektivlər yaradır”, o qeyd edib.

İlham Əliyev deyib ki, iki ölkə arasında çox uğurla həll olunan çoxlu məsələlər var.

“Təbii ki, ticarət dövriyyəsinin artması - istər keçən il, istərsə də bu il - ölkələrimizin iqtisadiyyatlarının fəal qarşılıqlı əlaqədə olmasının nümayişidir. Sevindirici haldır ki, milli valyutalarda qarşılıqlı hesablaşmalar da artır: Azərbaycanın Rusiyaya ixracı üçün bu, artıq 70 faizdən çoxdur, Rusiyanın Azərbaycana ixracı üçün isə təxminən 50 faizdir”, Azərbaycan Prezidenti qeyd edib.

Əliyevin fikrincə, iki ölkə arasında humanitar əməkdaşlıq həmişə qarşılıqlı fəaliyyətin əsasını təşkil edib.

“Azərbaycanda mövcud olan rus dilinə, rus mədəniyyətinə, ədəbiyyatına münasibəti həmişə qeyd edirsiniz və yüksək qiymətləndirirsiniz. Azərbaycanda böyük uğurla keçən Rusiya Mədəniyyəti Günləri bunu bir daha təsdiqləyir. Bir milyona yaxın şagirdimiz rus dilində təhsil alır: 150 mini rus məktəblərində, 800 min nəfəri isə rus dilini ikinci dil kimi öyrənir. Yəni, bu onu deməyə əsas verir ki, vətəndaşlarımızın gələcək nəsli də aktiv şəkildə qarşılıqlı əlaqədə olacaq və sizinlə mənim kimi rus dilində danışacaq”.

Əliyev hesab edir ki, Şimal-Cənub layihəsininin həyata keçirilməsində müsbət hadisələr baş verib.

“Biz Azərbaycan ərazisində dəhlizin infrastrukturunu genişləndirmək əzmindəyik, o, fiziki cəhətdən mövcud olsa da, tərəfdaşlarımızın və qonşularımızın bu layihədən maksimum istifadə etmək niyyətlərinə uyğun gəlmir. Necə ki, qeyd etdiyiniz kimi enerji sektorunda yeni ideyalar var və bizim müvafiq strukturlarımız daim əlaqə saxlayır”, dövlət başçısı qeyd edib.

Politoloq Zərdüşt Əlizadə Amerikanın Səsinə bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlər gələcəyə yönəlmiş münasibətlərdir.

Your browser doesn’t support HTML5

Zərdüşt Əlizadə: Azərbaycan və Rusiya biri-birinin mənafeyinə toxunmaqdan çəkinir

“Tərəflər artıq bir-birinin mənafeyini dərk edir, hörmət edirlər. Çalışırlar ki, mənafelərini uzlaşdırsınlar. Biri o birinin mənafeyinə toxunmaqdan çəkinir. Çünki bunun ona xeyri olmadığını anlayır. Belə olan şəraitdə çox güman ki, aralarındakı münasibətlərdə hər hansı bir ziddiyyət, böhran olmayacaq”, o qeyd edib.

Politoloq hesab edir ki, iki ölkənin münasibətlərində Şimal-Cənub dəhlizinin işə salınması prioritetdir.

“Rusiya istəyir ki, Azərbaycan və İran vasitəsi ilə cənub dənizlərinə çıxa bilsin. Bu zaman Azərbaycanın əhəmiyyəti daha da artacaq. Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Rusiya anlayır ki, əvvəlki üsullarla, zərərli və yararsız üsullarla bölgəni nəzarətdə saxlamaq mümkün deyil. Bu səbəbdən də Rusiya qarşılıqlı, faydalı iqtisadi əlaqələrə üstünlük verir”, Zərdüşt Əlizadə belə düşünür.